Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3107/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2025 saylı, 01 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “X2 Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********354900 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********354900 nömrəli qərarı ilə iddiaçıya 94.206,96 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Əlavə dəyər vergisinin hesablanmasına əsas isə 2020-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunmuş EBAN seriyalı 825677 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatların riskli hesab edilməsidir. Qeyd edilən elektron qaiməfaktura 19 avqust 2020-ci il tarixində iddiaçı ilə "xxxx" MMC arasında 03 iyul 2019-cu il tarixində bağlanılmış alqı-satqı müqaviləsinə əsasən tədim edilmişdir. Elektron qaimə-faktura üzrə ƏDV məbləği 113269,14 AZN təşkil edirdi. İddiaçı tərəfindən avqust ayında alqı-satqı müqaviləsi üzrə nağdsız qaydada əsas ödəniş (423 372,00 AZN) və ƏDV məbləğinin ödənişi (95 269,14 AZN) həyata keçirilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsini rəhbər tutmaqla, avqust ayında ödənilmş 94206,96 AZN ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin, iddiaçı ilə sözügedən şirkət arasında əməliyyatlar avqust 2020-ci il tarixində aparılmışdır və ödəniş həyata keçirilərkən şirkətin riskli vergi ödəyicisi olub-olmaması faktı barədə iddiaçı tərəfindən sistem üzərindən yoxlanılmışdır. Həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin 2020-ci ilin avqust ayında əvəzləşdirildiyini nəzərə alaraq cavabdeh 2020-ci ilin avqust ayı olan hesabat dövrü üçün 2020-ci ilin may ayında əlavə vergi məbləğinin hesablanmasına dair qərar qəbul edərək Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş prosessual müddətlə bağlı müddəanı pozmuşdur. 2020-ci ilin yanvarın 1-dən 3 il müddətndə kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV məqsədləri üçün vergitutma obyektidir. İddiaçı ilə "xxxx" MMC arasında 2024-cü ilin yanvar ayında ƏDV-yə cəlb olunan heç bir əməliyyat aparılmamışdır. Beləliklə, vergi orqanının qərarında qeyd edilən əməliyyat hesabat dövrü olaraq 2024-cü ilin yanvar ayına aid deyildir. Vergi orqanının 2020-ci lin avqust ayına münasibətdə kameral vergi yoxlaması keçirməsi mümkün olmadığından, qanunsuz olaraq həmin dövrdə aparılan əməliyyatlara münasibətdə 2024-cü ilin yanvar ayı üzrə kameral vergi yoxlaması keçirmişdir. Vergi orqanının qərarına əsasən, 2024-cü ilin yanvar ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 AZN olması nəticəsində kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsinin 324-cü sətrində müvafiq məlumatın qeyd edilməsi ilə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi Vergi Məcəlləsinin 163 və 175.5-ci maddələri ilə tənzimlənir. Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Vergi Məcəlləsinin 163.1-ci maddəsində vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün 4 hal müəyyənləşdirilmişdir. İddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatlarla bağlı 163.1-ci maddədə qeyd edilmiş hallardan heç biri yaranmamışdır. Əgər vergi orqanı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsini Məcəllənin 163.1-ci maddəsində qeyd edilmiş hallardan hansısa biri kimi qiymətləndirirsə, bu zaman da, dəqiqləşdirmənin aparılma dövrünü düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyəyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilib-edilməməsi iddiaçı tərəfindən yoxlanılmışdır və əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyiciləri barədə məlumatda bu haqda heç bir məlumat aşkarlanmadığına görə qanuna uyğun olaraq əvəzləşdirmə aparılmışdır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məcəllənin müvafiq maddəsindən də, göründüyü kimi, riskli vergi ödəyicisi hesab olunan şəxslərlə aparılmış bütün əməliyyatların əvəzləşdirilməsinə yol verilməməsi ilə bağlı bir müddəa yoxdur. Məcəllə əmtəəsiz əməliyatlar çərçivəsində ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol vermir. İddiaçı "xxxx" MMC-dən alqı-satqı müqaviləsi əsasında 148 növdə mal almışdır (malların siyahısı elektron qaimə-fakturada əks olunur). Amma cavabdeh tərəfindən kameral qaydada yoxlama aparılarkən qanunun müddəaları nəzərə alınmamış, əməliyyatın əmtəəsiz olub-olmadığı ümumiyyətlə araşdırılmamışdır. Vergi Məcəlləsinin 72-ci maddəsinə əsasən mübahisələndirilən əməliyyatların 2020-ci ilin avqust ayında həyata keçirilməsini nəzərə alaraq kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub həmin dövrdən hesablanmaqla 30 iş günü ərzində təqdim edilməli idi. İddiaçıya isə bu məktub 2024-cü ilin yanvar ayına münasibətdə 14 mart 2024-cü il tarixində təqdim edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-292092/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112-1455/2025 saylı, 01 may 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-292092/2024 nömrəli qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, hazırkı iş üzrə mübahisənin aradan qalxdığını nəzərə alaraq apellyasiya icraatına xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, cavabdeh nümayəndəsinin izahatını və təqdim edilmiş cavabdeh vergi orqanının xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-940822/2025 saylı qərarı nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2025 saylı, 01 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1455/2025 saylı, 01 may 2025-ci il tarixli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3107/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3107/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver