Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3108/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8056/2021saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.05.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, sonuncunun 09.06.2021-ci il tarixli cavab məktubu ilə mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması əsası ilə müraciətindən imtina olunmuşdur. İmtina məktubunda qeyd olunan mənzilə dair Binəqədi rayon İHB-nın 298 saylı sərəncamının 19.11.2018-ci il tarixdə verildiyi əsas götürülərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 18.08.2021-ci il tarixli yazılı etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikr. Mir Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzilə dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 298 saylı sərəncamı 19.11.2018-ci il tarixdə verilmişdir. Bu barədə iddiaçıya 09.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq iddia tələbi ilə bağlı iddiaçının inzibati məhkəməyə daha əvvəl müraciəti olmuş, bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(81)-1828/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İdarə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2021saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin sənədləşdirilməsi prosesində yaranmış suallarla bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, Binəqədi rayon İcra Hakimiyyəti özünün 05 mart 2021-ci il tarixli məktubu ilə ona cavab vermişdir ki, 1996-cı il tarixdə iddiaçı tərəfindən ödənildiyinə və AR Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq İcra Hakimiyyəti (Nazirlər Kabineti) orqanı tərəfindən təsdiq olunmaması səbəbindən sosial kirayə müqaviləsinin bağlanılmasının mümkün olmaması nəzərə alınaraq kirayə müqaviləsi 1996-cı ildən bağlanmış hesab edilmişdir. İddiaçı həmin məktub və digər sənədlərlə birlikdə yenidən əmlak hüquqlarının qeydiyyata alınması məqsədilə inzibati orqana müraciət etmiş və imtina cavabı alaraq yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı hesab etmişdir ki, hazırkı iddia tələbində tərəflər eyni olsa da, yeni əsasla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci istansiya məhkəmməsinə gondərilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. İşin müəyyən olunan hallarına əsasən İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı binanın, 87-ci mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini mübahisələndirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 2017-ci ildən qeydiyyatda olmaqla faktiki 1996-cı ildən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı binanın, 87-ci mənzilinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 298 saylı,19.11.2018-ci il tarixli sərəncam əsasında ona verildiyini, həmin mənzilə dair 1996-cı il tarixli kirayə müqaviləsinin bağlandığını, mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini, sonuncunun isə 11.03.2019-cu il tarixli məktubla cavab verərək Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 298 nömrəli, 19.11.2018-ci il tarixli mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması haqqında sərəncamının 19.11.2018-ci il tarixdə verildiyinə və 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilə bildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirmiş və 1996-cı ildən həmin mənzildən istifadə etdiyini bildirərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı evin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,09 kv metr, o cümlədən yaşayış sahəsi 75,99 kv metr olan 87 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(81)- 1828/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı evin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,09 kv metr, o cümlədən yaşayış sahəsi 75,99 kv.metr olan 87 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2197/2019 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2020 (iş № 2-1(102)- 211/2020) ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq, kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. AR İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. AR İPM-nin 45.5.1-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2102-ci il tarixli Qərar”ına əsasən iddianın predmetinə və iddianın əsası anlayışlarına aydınlıq gətirilmişdir. Plenum qərarında göstərilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüququların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçının istinad etdiyi “Mənzilin daimi istifadəsinə verilməsi barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2018-ci il tarixli 298 saylı Sərəncamına” qüvvədə olan məhkəmə qərarları ilə qiymət verildiyindən, onun müraciətinə əsasən həmin sərəncamın mətninə aydınlıq gətirilməsi ilə bağlı Binəqədi İcra Hakimiyyətinin verdiyi cavab məktubu iddianın yeni əsası kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2021saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8056/2021saylı, 13 oktyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3108/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3108/2021
20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver