Məhkəmə qərarları › İş №2-1(103)-311/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-311/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-311/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2858/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2858/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş,İddiaçı 64 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,vətəndaşın şöbəyə təqdim etdiyi əmək kitabçasında olan qeydlə “Arzu-NAM” firmasının əmr kitablarında olan qeydlərdə uyğunsuzluq olduğundan və işlədiyi müddətdə onunadına əmək haqqılar hesablanmadığına görə həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən tələb edilən sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçının şöbəyə təqdim etdiyi əmək kitabçasında onun 1997-2005-ci illərdə “Arzu-NAM” firmasında çilingər kimi işlədiyi qeyd olunmuşdur. Lakin Şöbənin və “Arzu-NAM” firmasının sənədlərinin qarşılıqlı yoxlanması zamanı İddiaçı Əli oğlunun xx.xx.1997-ci ildə “Arzu-NAM” firmasının nəzdində olan boksu icarəyə götürdüyü və xx.xx.2000-ci ildə 04 saylı əmrlə çilingər-yağlayıcı işinə qəbul edildiyi, xx.xx.2003-cü il tarixində isə işdən azad olunduğu aşkarlanmışdır. O, 2003-2005-ci illərdə ümumiyyətlə adıçəkilən firmada işləməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında olan qeydlə “Arzu-NAM” firmasındakı əmrlərdə olan qeydlər üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilmədən, qərarın dəyişdirilmədən saxlanılmaısnı xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx/xx-3312 saylı cavab məktubundan müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizəsinə DSMF-nin Sabunçu rayon şöbəsinə baxılmış, şöbəyə təqdim edilmiş əmək kitabçasında olan qeydlər “Arzu-NAM” firmasının əmr kitablarında olan qeydlərlə uyğunsuzluq təşkil etdiyindən və işlədiyi müddətdə onun adına əmək haqqları hesablanmadığına görə həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən tələb edilən sığorta stajı olmadığına görə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranmamışdır. Cavabdehin qeyd olunan imtinasından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiacı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 64 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun tələbindən müəyyən olunur ki, müvafiq yaş həddinə çatmış şəxsə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunverici iki əsas şərt müəyyən etmişdir: əmək pensiyasının minimum məbləğindən az olmayan şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmaq və yaxud 25 il sığorta stajı toplamaq. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla 63 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni xx.xx.2018-ci ildən yaranmışdır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə isə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir və vətəndaşın əmək stajını təsdiq edən sənəd kimi əmək kitabçası çıxış edir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 122 saylı xx.xx.1975-ci il tarixli əmrlə xx.xx.1975-ci il tarixdən 2703 saylı avtomobil karvanına 3-cü dərəcəli sürücü kimi qəbul edilmiş, 212 saylı xx.xx.1976-cı il tarixli əmrlə xx.xx.1976-cı il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 38-ci maddəsinə əsasən işdən azad edilmiş, 176 saylı xx.xx.1976-cı il tarixli əmrlə xx.xx.1976-cı il tarixdən RSPİR-ə fəhlə kimi qəbul edilmiş, 52 saylı xx.xx.1977-ci il tarixli əmrə əsasən xx.xx.1977-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 59 saylı xx.xx.1977-ci il tarixli əmrlə Azərbaycan SSR Nəqliyyat Kontorunun 4 saylı avtomobil karvanına 3-cü dərəcəli kimi qəbul edilmiş, 466 saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən Azərbaycan SSR Nəqliyyat Kontorunun Azərbaycan SSR Dövlət Aqrar Sənaye 2 saylı Bakı Avtonəqliyyat kontoruna dəyişdirilmiş, 21/k saylı xx.xx.1990-cı il tarixli xx.xx.1990-cı il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmiş, 17 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdən 5 nömrəli Mingəçevir APM-in Ağdam Tikinti materialları kombinatı nəzdində 3-cü dərəcəli fəhlə qəbul edilmiş, 08 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikası ƏTM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 11 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə xx.xx.1993-cü il tarixdən Bakı şəhəri “Aqro” KM nəzdində olan avtodayanacağa qarovulçu qəbul edilmiş, 02/1 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən xx.xx.1997-ci il tarixdən “ARZU-NAM” firmasına çilingər vəzifəsinə qəbul edilmiş, 10 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən xx.xx.2005-ci il tarixdən işdən azad edilmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının ümumilikdə 28 il 03 ay 02 gün iş stajı qeyd olunsa da məhkəmə kollegiyası apelyasiya baxışı zamanı qeyd olunan iş stajının mötəbər sənədlərlə öz təsdiqini tapmadığını müəyəyn etmişdir. İşdə olan İddiaçı sosial sığorta stajının hesablanmasına dair məlumatın təsdiq edilmiş edilmiş surətindən görünür ki, xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixə qədər olan dövr nəzərə alınmamaqla 19 il 05 ay 38 gün sosial sığorta hesablanmışdır. Cavabdeh imtinasının əsası kimi ona istinad etmişdir ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə kimi “ARZU-NAM” firmasında işlədiyi müddətdə onun adına əmək haqqı hesablanmamışdır. Apelyasiya baxışı zamanı təqdim edilmiş əmrələrin surətlərindən müəyyən olunur ki, “Arzu-NAM” firmasının xx.xx.1997-ci il tarixli 03 nömrəli əmrindən çıxarışa əsasən “Arzu- NAM” firmasının nəzdində olan boks xx.xx.1997-ci il tarixdən İddiaçı icarəyə verilmişdir. “Arzu-NAM” firmasının xx.xx.2000-ci il tarixli 04 saylı əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2000-ci ildən firmada çilingər-yağlayıcı vəzifəsində işə qəbul edilmişdir. Arzu-NAM” firmasının xx.xx.2003-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2003-cü ildən tutduğu vəzifədən azad edilmişdir. Arzu-NAM” firmasının xx.xx.2018-ci il tarixli arayışında İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək çilingər-yağlayıcı işlədiyi dövr üzrə maaş hesablandığı qeyd olunaraq müvafiq cədvəldə təqdim edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı yalnız xx.xx.2000-xx.xx.2003-cü ilədək Arzu-NAM” firmasında çalışmış, iddiaçı nə xx.xx.1997-xx.xx.2000-ci ilədək və nə də xx.xx.2003-xx.xx.2005-ci ilədək adı çəkilən firmada işləməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında olan qeydlərlə “Arzu-NAM” firmasındakı əmrlərdə olan qeydlər üst-üstə düşmür. Adları çəkilən əmrlər müvafiq firmanın direktoru tərəfindən imza edilməklə müəssisəyə məxsus möhürlə təsdiq edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, bəhs edilən dövlər iddiaçının pensiya hüququna hesablanan iş stajı kimi nəzərə alına bilməz. Birinci instansiya məhkəməsi DSMF-nin Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsinin DSMF-nin Sabunçu rayon şöbəsinə ünvanladığı məktubda iş qovluğundakı sənədlərə əsasən “Arzu-NAM” firmasının (VÖEN: ********** SUN1600337) xx.xx.1997xx.xx.2005-ci illər üzrə hesablanıb ödənilmiş sosial sığorta haqlarının dinamikası haqqında məlumatların olduğuna istinad etsə də, kollegiya qeyd edir ki, istinad edilən sənəd iddiaçının işlədiyi firmanın ümumən bəhs edilən dövr üzrə fəaliyyət göstərməsini, işçilərinin əmək haqlarından sosial sığorta ayırmalarının hesablanaraq ödənildiyini təsdiq edir. Adı çəkilən sənəd iddiaçının bilavasitə həmin dövrdə həmin firmada işləməsinin göstəricisi hesab edilə bilməz. Yuxarıda adı çəkilən əmrlərlə iddiaçının həmin firmada cəmi 03 il 05 ay 24 gün işlədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırki iş üzrə iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sığorta stajına malik olmadığından cavabdeh orqan ona pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon şöbəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2858/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar