Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-311/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5, iddiaçının vəkili Vəkil və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və xədmətə bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə o, 2017-2018-ci illərdə Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənov tərəfindən vicdanla və məsuliyyətlə işlədiyinə, 2 dəfə erməni dili kurslarına cəlb olunduğuna, sertifikatı olduğuna görə ona leytenant hərbi rütbəsi verilmişdir. Daha sonra xidmətini Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrin birində davam etdirmişdir. 2020ci ilin avqust ayında onunla imzalanmış bağlaşmanın müddəti (1 il 6 ay) bitmiş və onun xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən raportu əsasında kadr zabit heyətinə daxil edilməsi barədə Şəxsi Heyət Baş İdarəsi qarşısında vəsatət qaldırılmışdır. Şəxsi Heyət Baş İdarəsindən xidmətinin davam etdirilməsinə müsbət rəy bildirilmişdir. 3 ilə yaxın müddətdir ki, həmin hərbi hissədə xidmət etməsinə və növbəti hərbi rütbəsinin də, verilməsinin vaxtı gəlməsinə baxmayaraq “müqavilə müddətinin bitməsi" əsası ilə Azərbaycan Respublikası Müdafiə Nnazirinin 07 yanvar 2022-ci il tarixdə 019 nömrəli əmri ilə tərxis olunmuşdur. Belə ki, orduda xidmət edən xanım zabitlər zabit kimi müddətli (1 il 6 ay) dövrü xidmət etdikdən sonra onların Orduda xidmətini davam etdirməsi məsələsi təqdimata uyğun olaraq və Silahlı Qüvvələrin komandanlığının dərkənarına əsasən könüllülük prinsipi ilə davam etdirilir və Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən kiçik zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 48 yaş həddinədək xidmət edirlər. Həmçinin Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının əsasları əks olunmuşdur. Həmin əsaslara xəstəliyə görə, ştatların ixtisarına görə, ailə vəziyyətinə görə, xidməti uyğunsuzluğa görə, hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, azı 5 il xidmət etmiş zabitlər öz arzusu ilə, törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə halları daxildir. Göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmadan məcburən tərxis olunma halı və müddətli hərbi xidmətini uğurla başa vurmuş, eləcə də daimi hərbi xidmətə qəbul olunmuş zabitin müqavilə müddətinin bitməsi əsası ilə tərxis olunma qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh Müdafiə Nazirliyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı 2017-ci il tarixdən 2018-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı N.B.Haqverdiyevə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməyinə baxmayaraq, təqdim olunmaqdan imtina etmiş, bununla bağlı akt tərtib olunaraq yuxarı komandanlığa məruzə edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalı”da imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuz və əsassızdır. Maddi və prosesessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə birtərəfli baxılmış, sənədlər araşdırılmamışdır. Birincisi, iddia müddəti ötürüldüyündən iddia mümkün sayıla bilməzdi. İddiaçı əmri xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Ehtiyata buraxılanda əmr barədə xəbəri olub, bunun sübutları işdə öz təsdiqini tapmışdır. Belə ki, ehtiyata buraxıldıqdan sonra əmrlə tanış olmaqla, göndərilən sənədlərin uçotunun aparılması jurnalında imza etməklə ona verilən təyinat vəsiqəsi əsasında hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Binəqədi rayon idarəsinə göndərilmiş və orada qeydiyyata düşmüş və ehtiyata buraxılması ilə əlaqədar çıxış müavinəti almışdır (İPM-in 38.1 və 35.1-ci maddələrinə istinad olunur). İkincisi, məhkəmə işə mahiyyəti üzrə baxsa da əmri təhlil etmədən, zəruri sənədləri əldə etmədən iş materiallarında olan sənədlərələ kifayətlənmişdir. İddiaçı ehtiyata buraxılması ilə əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, müsbət qərar qəbul olunaraq ehtiyata buraxılmışdır. Bununla bağlı onunla söhbət aparılmış, hərbi həkim komissiyasına göndərilməsindən imtina etmiş, bu barədə akt tərtib olunub. İddiaçı barəsində qərar qəbul olunarkən ehtiyata buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Məhkəmə isə bunu nəzərə almadan, işə birtərəfli baxaraq əsassız olaraq iddianı təmin etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyeva apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı və onun vəkili Vəkil isə apellyasiya şikaytinin dələilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun nəticələrinin - nazirliyin tabeliyində olan Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsəasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə əmri mübahisələndirməklə İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük iddia müddəti buraxılmışdır, iddia mümkün sayıla bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəliləri əsassızdır. Belə ki, birincisi, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi Poçt (Daşıma xidməti E.P.S, i.v.12) vasitəsilə 28 mart 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İkincisi, cavabdeh iddiaçının 7 yanvar 2022-ci il tarixli əmri “göndərilən sənədlərin uçotu jurnalında imza etməklə, tanış olduğunu və ona verilmiş təyinat vəsiqəsi əsasında SHXÇDX-nin Binəqədi rayon idarəsində uçota durduğu ehtiyata buraxılması ilə əlaqədar çıxış müavinəti almasını qeyd edərək onun həmin əmrdən məlumatlı olduğunu mübahisələndirsə də, işə əlavə olunmuş əmrdə (i.v.39, Zərfdə 18-ci vərəq) hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası nəzərədə tutulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Konkret halda isə mübahisələndirilən 7 yanvar 2022-ci il tarixli əmrdən verilən iddia ərizəsi 28 mart 2023-cü il tarixdə göndərildiyi, hətta məhkəməyə daxil olduğu xx.xx.2023cü arixə kimi 6 aylıq müddət keçməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən iş üzrə zəruri araşdırma aparılmadan birtərəfli qaydada qərar qəbul etdiyini mübahisələndirən dəlillərini də əsassız sayır. Belə ki, İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşə əlavə olunmuş şəxsi vəsiqəsinə və əmək kitabçasına əsasən müyyən olunur ki, iddiaçı: - xx.xx.2009-xx.xx.2010cu illərdə tarixdə Antiinhisar Dövlət Xidmətinin “Təbii inhisarların və dövlət inhisarında olan xidmətlərin tənzimlənməsi” şöbəsinin “kommunal və dövlət inhisarında olan xidmətlər” sektorunun böyük mütəxəssis-inspektoru vəzifəsində çalışmış, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaradılması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, Təbii inhisarların və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsinə böyük mütəxəssis inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə struktur dəyişikliyi ilə bağlı Xidmətin Maliyyə və Təminat Şöbəsinin böyük mütəxəssis-inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissədə referent dövlət qulluğu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissənin 2-ci İdarəsində məsləhətçi dövlət qulluğu vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə dövlət qulluğuna xitam verilməklə işdən azad edilmişdir. - xx.xx.2018-ci il tarixdə “Region” X1 aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə həqiqi hərbi xidmətə qəbul olunduğuna görə əmək müqaviləsinə xitam verilmişdir . - xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiyinə görə 19 may 2020-ci il və 25 iyun 2021-ci il tarixlərdə “Region” X2 rəisi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. - “erməni dili üzrə səviyyə imtahanı”nı keçdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən sertifikatlar əldə etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin sorğusuna əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfinədn 06 iyul 2022-ci il tarixli 0165 nömrəli məktubu ilə təqdim edilmiş şəxsi işinə (i.v.39. Zərfdə paketdə (19 vərəqdə)) əsasən iddiaçı: - Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ilkin “Leytenant” hərbi rütbəsi verilməklə Azərbaycan Ordusunda “bağlaşma” əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş: -“Region” X2 47 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Region” X2 3-cü bölməsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş; - “Region” X2 rəisi tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün xx.xx.2020-ci il tarixli vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Həqiqi hərbi xidmətinin davam etdirməsi” barədə qərar qəbul edilmiş; - N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün vəsatət qaldırılmış N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixdə vəsatət qaldırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi vəzifəsindən leytenant rütbəsində “Hərbi xidəmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -daha sonra, “Region” X4 rəisinin 44 nömrəli 25 fevral 2022-ci il tarixli əmrinə əsasən Müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) maddəsinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 25 fevral 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Binəqədi rayon İdaəsinə göndərilmiş, Müdafiə nazirinin 19 oktyabr 2018-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2022-ci il üçün nəzərdə tutulmuş bidəfəlik pul mükafatını tam həcmdə 2022-ci ilin fevral ayı üçün almağa layiq hesab edilmiş, 2022-ci ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, 2022-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmiş, 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin ikinci bir sorğusuna əsasən Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının ehtiyata buraxılmasına əsas olmuş sənədlərə əsasən aşağıdakı məlumatlar əldə olunmuşdur: -xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandiri ilə iddiaçı arasında iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı söhbətləşmə aparılaraq, ona ehtiyata buraxılmasının səbəbləri izah edilmiş və buna münasibəti soruşulduqda, iddiaçı ehtiyata buraxılmasına etiraz etmiş, Azərbaycan Ordusunda qalıb xidmətini bu və ya müvafiq digər hərbi hissədə davam etdirmək istədiyini, zabit kimi müvəqqəti hərbi xidmətini (1 il 6 ay) 2020-ci ilin avqust ayında başa vurduğunu, həmin dövrdən zabit kimi qalıb xidmətini davam etdirməyə icazə verildiyini, ümumi xidmət dövründə nümunəvi xidmət etdiyini, dəfələrlə fəxri fərman və təşəkkürnamə aldığını, tabe olduğu rəis və komandirlərin tapşırıqlarını vicdanla icra etdiyini, hazırda ərinin işsiz olduğunu, eləcə də, himayəsində 2 azyaşlı övladının olduğunu və kirayədə qaldığını nəzərə alaraq xidmətini davam etdirmək arzusunda olduğunu, qəflətən, xəbərdarlıq edilmədən təxris edilməsi ilə bağlı təxris qərarı ilə razı olmadığını bildirmiş; -hərbi qulluqçu kimi xahişi, ailə vəziyyətini və işə olan sevgisini nəzərə alaraq onun işdə qalıb bu və ya digər hərbi hissədə (Bakı qarnizonu) xidmətinin davam etdirilməsinə köməklik göstərilməsi, erməni dili mütəxəssisi kimi 2 kurs keçməsi, stanaq sertifikatının olması, ailə vəziyyətinin nəzərə alınması olmuşdur. -əlavə olaraq qəflətən xidmətdən uzaqlaşdırılmasının onda suallar doğurmasına və bunun qərəzli olduğunun şəxsinə yönəlmiş olduğuna onda şübhələr olduğunu, bütün qadın hərbi qulluqçuların onun durumunda olmasını, yəni kadr zabit heyətinə daxil olmadan xidmətlərinə davam etdirilməsinə icazə verilməsini xahiş etmişdir. -bununla bağlı söhbətləşmə vərəqəsi tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə xidmət müddətinin başa çatmasına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə təqdimat qaldırılmışdır. N nömrəli hərbi hissənin komissiyasının üzvləri tərəfindən tərtib və təsdiq edilmiş 10 nömrəli 13 dekabr 2021-ci il tarixli akta əsasən İddiaçı olunmuş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir. Beləliklə də, tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçı Müdafiə Nazirliyi sistemində xx.xx.2018-ci il tarixdə bağlaşma (müqavilə) əsasında “Region” X3 aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş, fərqləndiyinə görə hətta 19 may 2020-ci il və 25 iyun 2021-ci il tarixlərdə Mərkəzin rəisi tərəfinən Fəxri Fərmanla təltif edilmiş, “erməni dili üzrə səviyyə imtahanı”nı keçdiyi üçün AR Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən sertifikatlar əldə etmiş, hətta Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ona ilkin “Leytenant” zabit hərbi rütbəsi verilməklə, Azərbaycan Ordusunda bağlaşma əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabit heyətinə həqiqi hərbi xidmətinə qəbul edilmişdir. Lakin işin hallarının sonrakı axarından göründüyü kimi, İddiaçı leytnant kimi zabit heyətinə qəbul edilsə də N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimatı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi vəifəsindən “Hərbi xidəmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ilə aparılmış söhbətləşmələrdən göründüyü kimi, o bağlaşma müddətinin bitməsi ilə əlaqədar ehtiayata buraxılması ilə razılaşmayıb, xidmətinin davam etdirilməsinə icazə verilməsini xahiş edərək həkim komissiyasına getməkdən imtina etsə də, ona məhəl qoyulmamış, adıçıkilən əmrlə ehtiayata buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, “Leytenant” hərbi rütbəsi verilməklə zabit heyətinə həqiqi hərbi xidmətinə qəbul edilmiş və xidəmtəini davam etdirmək arzusunda olan iddiaçının Müdafiə Nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Hərbi xidəmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin “z” bəndinin tələbinə görə zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara leytenant hərbi rütbəsi verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsi isə nəzərədə tutur ki, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Həmin maddənin “qeyd” hissəsinə əsasən Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər. Qanunvericiliyin qeyd olunan imperativ tələbləri baxımından, könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə daxil olan iddiaçı İddiaçı cavabdeh tərəfinjdən birbaşa kadr zabit heyətinə keçirilməli olduğu halda, o, xidmət (bağlaşma) müddətinin bitməsi əsası ilə qanunun qeyd olunan tələblərinə zidd olaraq ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, işdə iştirak edən şəxslər tərəfindən təqdim olunmuş, habelə məhkəmənin öz təşəbbüsü ilə toplanmış sübutlar əsasında müəyyən edilmiş hallara və qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin məhkəmə əmri təhlil etmədən, zəruri sənədləri əldə etmədən, onunla aparılmış söhbətlərə və hərbi həkim komissiyasına göndərilməsindən imtinasına əhəmiyyət vermədiyini mübahisələndirilən dəlilləri əsassızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübphisələndirilən əmr qanuna ziddir və iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu maddi və prosesessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-311/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-311/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver