Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3111/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaqı doğub 8 yaşınadək tərbiyə etmiş Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaşa həddi hər uşaq üçün bir il azaldılmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilərək əmək pensiyasının hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1741/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddiaçının M.S.Ordubadi adına kolxozda işləməsi ilə bağlı arayış təqdim olunsa da, məhkəmə araşdırması zamanı həmin arayışın verilməsinə əsas olan sənədlərin, həmçinin kolxozun mövcudluğu və fəaliyyəti ilə bağlı məlumat aşkar olunmadığından həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 8-ci maddəsinin tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının cavabdeh orqana müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Yuxarıda qeyd edilən maddənin məzmunundan görünür ki, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxs Qanunun 7-ci maddəsində qöstərilən yaş həddinə çatmış olmalıdır. Hazırki iş üzrə iddiaçı Qanunun 8-ci maddəsi ilə pensiya təyin edilməsi üçün müraciət etmiş və 7-ci maddədə ılə nəzərdə tutulan yaş həddinə çatmadığı üçün (62 yaş) və Qanunun 22-1-ci maddəsində 8-ci maddəyə münasibətdə avtomatlaşdırılmış qaydada pensiya təyinatı qeyd olunmadığından birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilməməlidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf izahatında apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş edərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı ona 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən isə onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməs ilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən , 2.1. çoxuşaqlı analara yaşa görə pensiya təyin edilməsi üçün: 2.1.1. qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2.1.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti; 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müyyən edilmişdir. Beləliklə qeyd edilənlərdən göründüyü kimi iddiaçıya hazırkı tələbi nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalı və iddiaçı yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verən yaşa çatmalıdır. Həmçinin yuxarda qeyd edilən normalarda qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti olmalıdır. İş materiallarından görünür ki, iddiaçı 5 uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsini təsdiq edən sənəd qismində Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş arayışı və doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətini təqdim etmişdir. Beləliklə iddianın təmin olunması üçün zəruri olan şərtlərdən ilki ödənilmişdir. İkinci şərt isə yaş tələbi ilə bağlıdır. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olduğundan və onun beş uşaq doğub səkkiz yaşınadək tərbiyə etməsi müvafiq sənədlər əsasında təsdiq olunduğundan onun yaşa görə əmək pensiyası hüququ 57 yaşdan, yəni 10 fevral 2021-ci il tarixdən yaranmış olur. Kollegiya bildirir ki, 01 iyul 2020-ci il tarixdən 30 iyun 30 iyun 2021ci il tarixədək olan dövrdə yaş həddi 62 olmalıdır. İddiaçının 5 uşağı olduğu üçün, hər uşağa görə 1 il azaldıldıqda iddiaçıya münasibətdə tələb olunan yaş həddi 57-dir. Kollegiya bildirir ki, yuxarda qeyd edilənlər cavabdeh tərəfindən mübahisələndirilməyən hallardır. Sonuncu tərəfindən mübahisələndirilməyən hallardan biridə iddiaçının ümumi stajının 15 il 09 ay olmasıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hallar : 1 ) Ümumi iş stajının ödənilməməsi 2) Pensiya kapitalının qanunvericilikdə müəyyən edilmiş həddən az olması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından müəyyən edilir ki, iddiaçının ümumi iş stajı iddiaçının M.S.Ordubadi adına kolxozda işlədiyi 1981-1993-cü il dövlər nəzərə alınmadıqda 25 ildən az təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən hallardan biridə qeyd edilən kolxozda işlədiyi illərdir. Kollegiya qeyd edir ki, həmin dövlərin nəzərə alınıb-alınmaması ilə bağlı birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış və haqlı olaraq qeyd edilən dövlərin nəzərə alınmaması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya M.S.Ordubadi adına kolxozda işləməsi ilə bağlı arayış verilsə də, qeyd edilən arayış iddiaçının kolxozda işlədiyi illərin iş stajına daxil edilməsi üçün mötəbər hesab oluna bilməz. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sorğulara cavab məktublarından müəyyən olunmuşdur ki, işğal edilmiş Zəngilan rayon Dövlət Arxivinin 1993-cu il oktyabr ayının 29-dək olan sənədləri işğal bölgəsində qaldığından, M.S.Ordubadi adına kolxozun sənədləri arxivə təhvil verilməmiş, həmçinin 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidələrin Dövlət reyestrində “M.S.Ordubadi adına Kolxoz”a dair məlumat mövcud olmamış, o cümlədən həmin adlı kommersiya qurumunun qeydiyyata alınması aşkar edilməmişdir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçının 25 il ümumi iş stajı mövcud deyildir. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsini mümkün edən müvafiq maddi hüquq normaları mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onların fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınmışdırsa, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada hesablanır. Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı üçün ikinci şərt sığortaolunanların qanunvericiliklə müəyyən edilən pensiya yaş həddinə çatmaqlarından ibarətdir. Qərarda əmək pensiyalarının bütün növləri üzrə (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış təyinat üçün 2006-cı il 1 yanvar tarixədək olan dövrün sosial sığorta stajının hesablanması şərtləri əks etdirilib. İş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı qeydə alınmış və 24.701,77 manat təşkil etmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilməsi üçün iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən yaş həddinə çatmalı olduğunu qeyd etmişdir. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab bildirir ki, əmək pensiyaları hüququnu tənzimləyən qanunvericilik “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin normasını hansı hallarda tətbiq edilmədiyini dəqiq müəyyən etmişdir. Belə ki, qeyd edilən hallar aşağıdakılardan ibarətdir : -2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; (22-1.4.1) -2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; (22-1.4.2) -bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; (22-1.4.3.) -bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. (22-1.4.4.) 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. (22-1.5.) Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdehin orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1741/2022 saylı, 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3111/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3111/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver