Məhkəmə qərarları › İş №2-1(103)-3112/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3112/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3112/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2602/2022 saylı, 23 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23-25 noyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1973-cü ildən xx.xx.2006-cı ilədək sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınaraq yenidən əmək pensiyasının hesablanmasının və ödənilmiş məbləğin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdr. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən, o, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək laborant vəzifəsində işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək, həmçinin xx.xx.1988-ci ildən xx.xx.2006-cı ilədək işləmiş və xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9881,30 manat pensiya kapitalı yığılmışdır. xx.xx.2021-ci il tarixdə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti araşdırılaraq xx.xx.2006-ci il tarixinədək 31 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9881,30 manat nəzərə alınmaqla ona 228,27 manat pensiya məbləği hesablanmışdır. O, hesab edir ki, ona təyin edilmiş pensiya məbləği az hesablanmış və düzgün təyin edilməmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, sığorta stajı və pensiya kapitalının müəyyən edilmiş pensiya məbləğinin dəyişməsinə təsir etmir. Qeyd olunmalıdır ki, o, poçt vasitəsilə cavabdeh tərəfə ərizə ilə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, lakin ərizəyə cavab verilməmişdir. Lakin cavabdeh tərəf bunu nəzərə almamış və əsassız olaraq imtina edilmiş, ona əmək pensiyasının yenidən hesablanmasında maraqlı olmamışdır. Onun həmin illərdə işləməsi barədə məlumatlar əmək kitabçasına salınmışdır və cavabdeh tərəf əmək kitabçası əsasında onun həmin illərdə iş stajının hesablanması barədə tədbirlər görməli idi. Cavabdeh tərəf tədbir görməməklə hərəkətsizliyə yol vermişdir. Bununla da onun hüquqları pozulmuşdur, iş stajının nəzərə alınaraq pensiyanın hesablanması üçün əsaslar olduğu halda imtina edilmişdir. Onun qeyd edilən vaxtlarda işləməsini əmək kitabçasında olan məlumatlar təsdiq edir və cavabdeh tərəf əmək pensiyasını yenidən hesablayıb təyin etməkdə borcludur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada əmək pensiyasının minimum məbləğində (200 manat) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə müraciət etmiş və onun əmək pensiyasının məbləği yenidən hesablanmış və 234,68 manata çatdırılmışdır. Bununla razılaşmayan iddiaçı yenidən xx.xx.2021-ci il tarixində əmək pensiyasının məbləğinin yenidən hesablanması ilə bağlı müraciət etmiş, lakin onun müraciətinə imtina verilmişdir. Belə ki, əmək pensiyasının məbləği yenidən hesablanarkən onun pensiya kapitalında fərq yaranmadığı üçün aylıq pensiya məbləği dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı yenidən ərizə ilə müraciət etmiş və onun pensiya məbləği 237,67 manata çatdırılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı son məktubunun mıəzmunundan aydın olur ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı imtina verilməmiş əksinə onun əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2602/2022 saylı, 23 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyasının minimum məbləğində (200 manat) yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği bir neçə dəfə artırılmışdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana müraciət edərək əmək pensiyasının məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən onun əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 237,67 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən edildiyi üçün sözügedən şəxsin əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarına və hərbi biletə əsasən onun xx.xx.2006-cı il tarixədək 31 il 7 gün sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10609,56 manat məbləğində pensiya kapitalı mövcuddur. Göründüyü kimi, iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılarkən xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən bütün müəssisələrdə olan sosial sığorta stajı və hərbi xidmət müddəti nəzərə alınmışdır. Eyni zamanda cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən onun avtomatlaşdırılmış qaydada təyin edilmiş pensiyası 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 31 il 7 gün və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10609,56 manat pensiya kapitalı nəzərə alınmış və yenidən hesablanaraq 237,67 manata çatdırılmışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçının 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 31 il 7 gün sosial sığorta stajı mövcuddur. Bu zaman pensiya kapitalı 31 il tam iş stajı x 306 manat = 9486 manat kimi hesablanacaqdır. Məhkəmə iddiaçının 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 31 il 7 ay təşkil etdiyini bildirir və bu zaman (31 il tam iş stajı x 306 manat) + (306 manat /12 ay x 7 ay) =kimi hesablayaraq 9 524.08 manat pensiya kapitalı hesablamışdır. Pensiya kapitalı hesablandıqdan sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalını istehlak qiymətləri indeksinin illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Həmin Qaydaların 4.2.3-ci yarımbəndinə əsasən, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklər nəzərə alınmaqla, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Həmin Qaydaların 16cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir. Məhkəmə pensiya kapitalını indeksləşdirərkən də səhvə yol vermişdir. Belə ki, məhkəmə iddiaçının yasa görə pensiyaya çıxmaq hüququnun 2021-ci ilin yanvar ayından, yəni o, 65 yasına çatdığı zamandan yarandığını bildirsə də, indeksləşdirmə zamanı 2021-ci ilin yanvar ayını, yəni artıq ona pensiya təyin olunduğu ayı da pensiya kapitalı kimi hesablamış, həmçinin 2020ci ili 2 dəfə həm 2.6%, həm də 2.8% ilə hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2020-ci il üzrə istehlak qiymətləri indeksi 2.8% təşkil edir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyasının minimum məbləğində, 200 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği bir neçə dəfə artırılaraq 234,68 manata, bundan sonra 237,67 manata və ən sonda 240 manata çatdırılmışdır. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilmədiyini bildirərək, əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində qiymətləndirilmənin aparılması üçün ilk öncə iddiaçının ümumi iş stajı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarına əsasən iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək laboratoriyada 2-ci kateqoriya laborant (01 il 07 ay), xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 5CH-ə 2-ci kateqoriya fəhlə (02 ay 26 gün), xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdən keçmiş (02 il 23 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Azkoonstroy” trestinin avtobazasına 46-37 ZİL-130 markalı avtomaşında müvəqqəti olaraq 3-cü dərəcəli sürücü (01 ay 10 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcəli sürücü (02 ay 22 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azmorneftstroy” trestinin nəqliyyat idarəsi 3-cü dərəcəli sürücü (01 il 05 ay), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Azmorneftstroy” Tikinti Mexanikləşdirmə İdarəsinin 7 saylı VPO Kasimortneftgazprom-dan 3-cü dərəcəli sürücü (01 il 10 ay 01 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Neft daşlarında” hər növ avtomaşınlar üzrə 3-cü dərəcəli sürücü (03 ay 18 gün), xx.xx.1982-ci il tarixdən stajçı bələdçi vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixdə vaqonlarda bələdçi olaraq reyslərə buraxılmasına icazə verilmiş, hal-hazırda həmin vəzifədə işləmişdir (xx.xx.2006-cı il tarixədək – 23 il 02 ay 27 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət müddəti daxil olmaqla xx.xx.2006-cı il tarixədək 31 il 7 gün ümumi iş stajı olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. İddiaçının 2006-cı il yanvarın 1-dək olan 31 il 7 gün sosial sığorta stajının olduğunu nəzərə aldıqda, bu zaman onun pensiya kapitalı 31 il tam iş stajı x 306 manat = 9486 manat kimi hesablanacaqdır. Pensiya kapitalı hesablandıqdan sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalını istehlak qiymətləri indeksinin illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan Qaydaların 4.2.3-ci yarımbəndinə əsasən, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklər nəzərə alınmaqla, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Həmin Qaydaların 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir. Belə olan halda, “Qaydalar”dakı cədvəldə göstərilən illər və bundan sonra 2017- 2021-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, iddiaçının 2006-cı ilə qədər ümumi stajının hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu 9486 manat məbləğində pensiya kapitalı, onun pensiya yaş həddinə çatdığı 2021-ci ilə kimi aşağıdakı məbləğlərdə indeksləşdirilir: İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər indeksinin illik əvvəlinə pensiya kapitalı səviyyəsi 2006 8,3 10.273,34 =(9486 +9486 *8,3%) 2007 16,7 11.988,99 =(10.273,34+10.273,34*16,7%) 2008 20,8 14.482,70 =(11.988,99+11.988,99*20,8%) 2009 1,5 14.699,94 =(14.482,70+14.482,70*1,5%) 2010 5,7 15.537,83 =(14.699,94+14.699,94*5,7%) 2011 7,9 16.765,32 =(15.537,83+15.537,83*7,9%) 2012 1,1 16.949,73 =(16.765,32+16.765,32*1,1%) 2013 2,4 17.356,52 =(16.949,73+16.949,73*2,4%) 2014 1,4 17.599,51 =(17.356,52+17.356,52*1,4%) 2015 4 18.303,49 =(17.599,51+17.599,51*4%) 2016 12,4 20.573,12 =(18.303,49+18.303,49*12,4%) 2017 5,7 21.745,79 =(20.573,12+20.573,12*5,7%) 2018 3 22.398,16 =(21.745,79+21.745,79*3%) 2019 2,6 22.980,51 =(22.398,16+22.398,16*2,6%) 2020 2,8 23623,96 =(22.980,51+22.980,51*2,8%) İddiaçının 65 yaşının 2021-ci ilin yanvar ayında tamam olduğunu nəzərə aldıqda onun 01.01 2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə topladığı 9486 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2021-ci ilin əvvəlinə 23623,96 manat təşkil edir. İş materiallarında olan pensiya işindən, sosial arayışdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10.609,56 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçının sığorta stajı və fərdi hesabının sığorta hissəsində 34233,52 manat (o cümlədən, 23623,96 manatı xx.xx.2006-cı il tarixinədək, 10.609,56 manatı isə xx.xx.2006cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək qazanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi SH=PSK/T düsturuna müvafiq olaraq 34233,52 /144=237,73 manat məbləğində hesablanır. İş materiallarında iddia iddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə əsasən onun əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 237,67 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən edildiyi üçün sözügedən şəxsin əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 240 manata çatdırılmışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılarkən xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən bütün müəssisələrdə olan sosial sığorta stajı və hərbi xidmət müddəti nəzərə alınmışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən onun avtomatlaşdırılmış qaydada təyin edilmiş pensiyası 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 31 il 7 gün və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10609,56 manat pensiya kapitalı nəzərə alınmış və yenidən hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən sığorta stajının hesablanmasında və pensiya kapitalının indeksləsdirilməsində səhvə yol verildiyi üçün cavabdeh apelyasiya instansiyası qaydasında birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2602/2022 saylı, 23 may 2022-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar