Məhkəmə qərarları › İş №2-1(103)-3112/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3112/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3112/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əlavənin hesablanaraq ödənilməsi, yeni məlumat vərəqəsinin göndərilməsi və mənəvi zərərin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-1608/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üçün vəzifə maaşının 15% miqdarında üstəlik əlavənin hesablanaraq ödənilməsi, həmin əlavə məbləğlərinin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi və 2000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-1608/2024 saylı qərarı ilə (hakim A.Almazova) iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1608/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-1608/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı poçt vasitəsilə İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş məktubu ilə göndərilmiş, xx.xx.2024cü il tarixində qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-1608/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti vermə müddətini ötürmədiyini, qərarı 06 may 2024-cü il tarixdə aldığını, ona qəbz verilmədiyi üçün heç bir qəbzə imza etmədiyini nəzərə alıb, şikayətinin mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-1608/2024 saylı qərarı iddiaçı tərəfindən 20 aprel 2024-cü il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Lakin iddiaçının apellyasiya şikayəti 31 may 2024-cü il tarixdə imzalanmaqla, həmin tarixdə də Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 20 aprel 2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1608/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti 31 may 2024-cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əlavənin hesablanaraq ödənilməsi, yeni məlumat vərəqəsinin göndərilməsi və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-1608/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-1608/2024 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar