Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3113/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçının tələbi -“cavabdehin **********3 saylı xx.xx.2022-ci il tarixli pensiyanın yenidən hesablanması barədə qərarının qanunsuz hesab olunaraq ləğv olunması, pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanmasının (“Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi” tələbinə dəyişdirilmişdir. İddianın əsaslarına görə xx.xx.2006-cı il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Əmək pensiyası ona cavabdeh tərəfindən ödənilir. Pensiya təyin olunduqdan bu günədək əmək fəaliyyəti ilə məşğuldur. 2022-ci ilin mart ayında ərizə ilə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin ona **********1 №-li xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 5 avqust 2006-cı il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1480,95 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi-255,26 manat; - qulluq stajına görə əmək pensiyanıza əlavə-1225,69 manat. Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10200,56 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filiala müraciət etdiyi tarixə 10200,56 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 121 (10200,56:121 (65 il-60 il 11 ay=49 ay+(144 ay-72 ay)=84,30 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (255,26 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 339,56 (255,26+84,30) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (1225,69 manat) həmin artımlar qədər (84,30 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 339,56 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1141,39 (1225,69- 84,30) manat təşkil edir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, imtina məktubunda qeyd edilən əsaslarla iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7695/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla (“Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunazidd və əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10200,56 manat pensiya kapitalı qeydə alınıb. Həmin məbləğ "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası üzrə 37.3.1, 29.2 və 45-ci maddələrinə uyğun olaraq yenidən hesablanmışdır. Hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından pensiyanın hesablanması mümkün deyil. Növbəti yenidən hesablama iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İşin hallarından göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasına çıxdıqdan da sonra, 6 ildən də çox əmək faliyyəti ilə məşğul olduğu işin mübahisələndiilməyən hallarını təşkil edir. İddiaçının iş materiallarına əlavə olunmuş fərdi sığorta hesabı haqqında məlumatdan (i.v.91) isə görünür ki, o, pensiyaya çıxdıqdan sonra 2006-cı ilin sentyabr ayının 2022-ci ilin sentyabr ayına kimi fərdi hesabının sığorta hissəsində 29511 manat pensiya kapitalı toplanmışdır. Konkret halda işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı cavabdeh orqana müraciət edərək həmin pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh onun barəsində “əmək pensiyasının yenidən hesablanması barədə” **********3 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 45-ci və 29.2-ci maddələrinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına müvafiq olaraq, onun pensiyası kapitalı qədər artırıılıb həmin miqdarda da azaldılmışdır. Başqa sözlə, onun pensiyasında heç bir artım baş verməmişdir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 29.2 və 45-ci maddələrinə istinadən, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq hesab edtmişir ki, qərar əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılra görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına görə: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir);
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. ( maddəyə əlavə edilən bu əlavə 29 iyun 2022-ci il il tarixən qüvvəyə minmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd normaları baxımından hesab edir ki, iddiaçı 2006-cı ildə hərbi xcidmətdən tərxis olunub pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində yığılımış pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Ən azından, qanunvericilyin qeyd olunan normalarının mənası və məqsədi onu deməyə əsas verir ki, qanunverici tərəfindən pensiyaya çıxmış şəxslərə, sonrakı əmək fəaliyyəti nəticəsində ödədikləri məcburi sosial sığorta haqlarını əmək pensiyasına əlavələr şəklində özlərinə qaytarmaq üçün verdiyi hüquqi imkan yaradıılmışdır. Əslində, konkret halda, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, iddiaçının pensiyasını sığorta kapitalı qədər artırıb həmin miqdarında da pensiyasını azaltmaqla, faktiki olaraq onun fərdi hesabında yığılmış sığorta kapitalını silərək sıfırlamış olur ki, bu da onun qanunla qorunan pensiya hüququnun pozulmasıdır. Belə olan halda, İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alıan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5218/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.