Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3114/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7303/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 35№-li, xx.xx.2016-cı il tarixli Qərarına əsasən iddiaçı Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Mina partlamasından sonrakı qapalı kəllə beyin travması. Baş-beyin kontuziyası”dır. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş 18 №-li Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş Ambulator kartadan çıxarışdan görünür ki, iddiaçıya qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. İddia ərizəsinə əlavə edilmiş digər tibbi sənədlərdən görünür ki, iddiaçı müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona təyin edilmiş diaqnozlar ilkin diaqnoz ilə eynilik təşkil edir. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 tərtib edərək xx.xx.2022-ci ilədək ikinci dərəcəli əlillik təyin etmişdir. Göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Kəllədaxili travmaların nəticələri, qapalı kəllə beyin-beyin travması. Baş-beyin kontuziyası Postravmatik ensefalopatiya. Kəskin ifadə olunmuş astenonevrotik sindrom, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Vegeto-damar distoniya sindromu, hipertoniya tipli"dir. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi şəxsə 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında xx.xx.2022-ci il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona beş il müddətinə 2-ci dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Bundan başqa iddiaçı qeyd edir ki, hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli 4 məqam vardır. İnzibati icraat aparılmışdırmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilmişdirmi? İnzibati icraat aparılan zaman vətəndaşın yəni maraqlı şəxsin iştirakı təmin edilmişdirmi? Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilmişdirmi? Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi, etibarsız hesab edilməsinə deyil. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz oloduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2017ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Qapalı kəlləbeyin travması. Baş-beyin kontuziyası. Postravmatik pasial eplepsiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanma tarixindən aparılan müalicə müddəti yetərli deyil" səbəbi ilə imtina verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: .Keçirilmiş qapalı kəllə-beyin travması və baş beyin kontuziyasından sonrakı davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin stasionar şəraitdə müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Qapalı kəllə-beyin travması. Baş-beyin kontuziyas Posttravmatik ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, tez-tez təkrarlanan qıcolma tutmaları ilə.Vegeto-damar distoniya sindromu, hipertoniya tipli; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019-cu il tarixli 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili işlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (214-cü sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7303/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7303/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində etirazda göstərilən dəlilləri qeyd etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən xx.xx.2016-cı il tarixli 35 №-li Qərardan görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanmadiaqnoz: “Mina partlamasından sonrakı qapalı kəllə-beyin travması. Baş-beyn kontuziyası’’ (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Binəqədi rayon idarəsinin xx.xx.2016-cı il tarixli 4054 nömrəli göndərişi, xx.xx.2016cı il tarixli 263 nömrəli arayışı, Füzuli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Füzuli rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 265 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır”. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilən cranial kompüter tomoqrafiyasının nəticəsindən görünür ki, nativ müayinə aparılaraq aşağıdakılar qeyd olunmuşdur: Yan mədəciklərdə genişlənmə izlənir. İntrakranial hipertenziyaya xarakter. Alıngicgah paylarında subaraxnoidal sahədə genişlənmə izlənir. Silvi yarıqları asimmetrik olub, dərinləşmişdir. Kəllə sümüklərinə aid patoloji destruktiv dəyişiklik izlənmir. İV, İİİ mədəciklərin genişliyi adidir. Bazal sistemalar açıqdır. Supratentorial sahədə orta xətdə dislokasiya müşahidə olunmur. Bazal qanqliyaların, talamusun, daxili kapsulun morfologiya və strukturu normaldır. Mastoid sümüyü hücrələrinin pnevmatizasiyası normaldır. İş materialında olan 18 №-li Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş Ambulator kartadan çıxarışdan görünür ki, iddiaçıya qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. İş materialında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini və əlilliyin əlillik alt sistemindən etibarsız sayılmasına dair sənədləri və aparılmış inzibati icraat meteriallarının ona təqdim edilməsini Azərbaycan Respublikası ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xahiş etmişdir. Ərizə cavabdeh inzibati orqan tərəfindən qəbul edilsə də, lakin ərizəyə cavab verilməmişdir. İş materialında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 aprel 2022-ci il tarixli məktubda Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X3 tərəfindən göndərişlərin (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran, eləcədə nazirliyin Xüsusi Həkim Komissiyaları tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edildiyi, 2018-ci ildə aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarında tibbi qeydiyyatda durmayan, XHK-sı tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatlarının aparıldığının aşkarlanmasına dair məlumat ƏƏSMN-nə verildiyi, bu səbəbdən qeyd olunan göndərişlərin etibarsız hesab edildiyi və Daxili İşlər nazirinin müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edildiyi bildirilmişdir. İş materialında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AACD4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci ildə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AACD4 nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Məktubda o cümlədən məlumat xarakterli məsələ olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Bununla əlaqədar, qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və tibbi göstəriş olarsa göndəriş (Forma-088) rəsmiləşdiriləcəyi təqdirdə, İddiaçı əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli xidməti məruzədən görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmış və müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili işlər Nazirliyinə aidiyyətinin olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirildiyi, bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması bildirilmişdir. İşdən görünür ki, iddiaçı ona 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 411000AACD4 saylı göndərişi əsasında qiymətləndirilmiş və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona 5 illik müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xidməti məruzəsi ilə 843 nəfərin Daxili işlər Nazirliyinə aidiyyətinin olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi, bununla əlaqədar göndərişlərin etibarsız hesab olunması barədə daxil olduğu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz xidməti məruzə məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı bir maddi hüquq normasına istinad edilmədən sadəcə 843 nəfərin göndərişlərinin tibb işçiləri tərəfindən əsassız olaraq rəsmiləşdirildiyi göstərilimişdir. İddiaçının 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ yalnız yuxarıda göstərilmiş xidməti məruzə məktubu ilə həll olunmuşdur, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanının məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qərar qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. “İnzibati icraat haqqında” Qanununa əsasən: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xidməti məruzəsi ilə bağlı cavabdehin istinad etdiyi dəlillərə hüquqi qiymət vermədən məhkəmə kollegiyası qeyd edir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 411000AACD4 saylı göndərişi əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 17 yanvar 2020-ci ilədək qüvvədə olmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.1-ci bəndinə görə əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1dək əlil hesab olunur. İddiaçının əlilliyinin xx.xx.2017-ci il tarixdə 5 il müddətinə müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt qüvvədə olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli inzibati akt xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bununla cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Çünki inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə və bununla bağlı ayrıca inzibati akt qəbul etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2017-ci il tarixli inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7303/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3114/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3114/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver