Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3114/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı QƏRARİ (Açar sözlər: « 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdehin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (ünvan: ünvan 2 qərarı qəbul etdi. İşin halları
1. İddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir.
2. İddiaçı həqiqi hərbi xidmətdə olarkən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)-18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir.
3. İddiaçı hazırda 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021ci il tarixədək, 21 il 3 ay fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı müraciət etdikdə ona imtina edilmişdir.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı həqiqi hərbi xidmətdə olarkən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)- 18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CMin 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili qüsursuz xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı imtinanın (etirazın) dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”v” bəndinə əsasən (xəstəliyə görə) və 164-cü maddəsinin müvafiq bəndinə uyğun olaraq (Hərbi geyim formasını daşımaq hüququ verilməklə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.
8. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
11. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun:1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
15. “Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında” Əsasnamə: Bənd İ. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
16. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamə: Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
17. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir.
18. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnaməsi: 1.”Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsi.)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə məhkəmə Kollegiyası bildirir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
23. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 15-18-ci bəndləri) çıxış edərək aşağıdakıları qeyd edir:
24. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 21 il 3 ay fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçı hərbi xidmət dövründə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)-18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddət başa çatdıqda, məhkumluq ödənilmiş sayılır.
25. İddiaçı hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur.
26. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021- ci il tarixədək, 21 il 3 ay fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçməklə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı müraciət etdikdə ona imtina edilmişdir.
27. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı həqiqi hərbi xidmətdə olarkən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)- 18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CMin 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili qüsursuz xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
28. Birinci instansiya məhkəməsinin iddianı təmin etməklə mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı imtinanın (etirazın) dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”v” bəndinə əsasən (xəstəliyə görə) və 164-cü maddəsinin müvafiq bəndinə uyğun olaraq (Hərbi geyim formasını daşımaq hüququ verilməklə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.
29. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:
30. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyrimüəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.
31. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə, qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.
32. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.
33. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3-cü hissələr, “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir. (Oxşar mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2185/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında əks olunmuşdur.)
34. Qeyd edilməlidir ki, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir, başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normaları isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilməz, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər.
35. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2- ci və 3-3-cü hissələrə tətbiq edilə bilməz.
36. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur.
37. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların, izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə ziddiyyət təşkil etməməli, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.
38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəqiqləşdirən 3-1- ci, 3-2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur. İş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunan tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndirmə azadlığı olmuşdur. Məhkəmələr də müvafiq olaraq belə mübahisələrə baxarkən hər bir konkret halda inzibati orqan tərəfindən sözügedən qiymətləndirmə azadlığından obyektiv meyarlara əsaslanmaqla istifadə olunub-olunmadığına qiymət vermişlər. Lakin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilən dəyişikliklərdən sonra Fərmanda “qüsursuz xidmət” müddəti anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlama aparılmalıdır.
40. Beləliklə, məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olması onun hərbi xidmət dövründə yol verdiyi qüsurdur.
41. Bu halda iddiaçının 20 təqvim ili qüsursuz xidmət dövrü tamamlanmır və iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi hüququ da yaranmır.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilmədən iddia təmin edilmişdir.
44. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslı olmamışdır.
45. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.