Məhkəmə qərarları › İş №2-1(103)-3114/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3114/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3114/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, iddiaçıya orqanizmin funskiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-866/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı sağlamlıq vəziyyətindəki ağırlaşmaları nəzərə alaraq 28 iyun 2023-cü il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək iddiaçıya orqanizmin funskiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Astara rayonunda anadan olmuşdur. Uzun illərdir ki, müalicəsi olmayan şəkərli diabetdən əziyyət çəkir. Bu səbəblə İddiaçı 2012-ci ildən etibarən hər il eyni - “ağır gedişli endokrin və infeksion-allergik xəstəlik, hormon asılılığı” diaqnozu ilə ikinci dərəcə əlillik müəyyən edilmişdir. 2021-ci ilin dekabr ayında əlilliyin müddətinin bitməsi ilə əlaqədar yenidən Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh İddiaçı “göndəriş natamam doldurulub” adlı imtina cavabı göndərmişdir. Daha sonra 2022-ci ilin iyun ayında yeni göndərişlərlə müraciət etmişdir, bu dəfə İddiaçı əlavə müalicəyə ehtiyac imtinası verildi. İddiaçı müalicəsi olmayan xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq bu imtinadan sonra aldığı müalicələr də qeyd olunmaqla yeni forma-88 ilə 2023-cü ilin iyun ayında müraciət etmişdir. Cavabdeh bir il sonra İddiaçı yenə imtinanı vermişdir. İddiaçı səhhətində artıq ciddi ağırlaşmalar var, aşağı ətrafları hərəkət funksiyasını itirib, ciddi tənginəfəslik səbəbindən bir mərtəbə qalxa bilmir, şəkər böyrəklərinin fəaliyyətini sıradan çıxardır, təzyiq gün ərzində dəfələrlə qalxır, hər gün yüksək dozada insulindən və digər ağır dərmanlardan istifadə edir. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsinə tələbi əsassızdır. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Cavabdehnin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik altsistemində olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Astara Rayon Mərkəzi Xəstəxanasının “Hipofizin adenoması. Hipertenzion hidrosefalik sindrom. Epilepsiya xəstəliyi, tez tez qıcolma tutmaları ilə” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Bakı 19 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0108003AAFPX saylı göndərişi rəsmiləşdirilsə də, əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, göndərişin natamam doldurulması səbəbindən (Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin) əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmış, Bakı M.Hüseynov adına 3 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, 2750003AAGKD saylı və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, Q00108926DSN saylı rəsmiləşdirilmiş göndərişləri əsasında isə ixtisaslaşmış tibb müəssisəsində stasionar müayinə və müalicə müddəti yetərli olmadığından, barəsinda “Əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrıları, baş gicəllənmələri, əsəbilik, qıcolma tutmalarından, ümumi zəiflik və halsızlıqdan olmuş, anamnestik olaraq “başından” ona cərrahi əməliyyat icra edildiyini, hal hazırda xəstəliyi ilə əlaqədar dərman qəbul etmədiyini, qıcolma tutmalarının ayda 1-2 dəfə olduğunu və yarım saat davam etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, M.Ə.Əfəndiyev adına X3 xx.xx.2022– xx.xx.2022-ci il tarixli, 4144 saylı epikrizinə əsasən diaqnoz “Hipofiz adenomektomiyadan sonrakı vəziyyət. Kəlladaxili normotenziv hipertenziya. OU – Başlanğıc katarakta. OD– Makulada epiretinal membran + VHT. Arterial hipertenziya, İİ dərəcə”; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli, 8635 saylı epikrizinə əsasən diaqnoz “Simptomatik epilepsiya. Hipofiz vəzinin adenomektomiyası əməliyyatından sonrakı vəziyyət. Ensefalopatiya.” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzində aparılmış video- EEQmonitorinq müayinəsinin nəticəsi “Müayinədə oyanıqlıq zamanı arxa paylarda alfaritm qeyd edilir. Qısa müddətli yuxu zamanı fizioloji yuxu patternlərininin indeksi normal yaşa uyğundur. Oyanıqlıq və yuxu zamanı alın-ön gicgah paylarında epileptik xarakterli paroksizmal aktivlik qeyd edilərək, konveksə yayılmağa meyillidir. Yarımkürələr arası asimmetriya qeyd edilmir.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 80 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, periferik nəbz dolğun olmuş, həkimnevroloq müyinəsinin nəticəsinə əsasən ətraflarda hərəkət məhdudluğu, patoloji reflekslər izlənilməmiş, reflekslər D=S canlı olmuş, yeriş sərbəst, pozulmamış, Romberq vəziyyətində dayanıqlı olmuş, koordinator sınaqları dəqiq yerinə yetirmiş, EEQ müayinəsi nəticəsində təqdim edilmiş “EEQ – dalğaları” “Epilepsiya” xəstəliyini təsdiq etməmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-866/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək iddiaçıya orqanizmin funskiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-866/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, sonuncu göndəriş əsasında vətəndaş barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırkı iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəki məhdudluğu mövcud olmamış və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Bundan başqa göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Cavabdehn səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 saylı qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan TSEK müayinələrinin nəticələrinə əsasən aşağıdakılar müəyyən olunur: -xx.xx.2012-ci il tarixində hipofizin adenoması, hipertenzion hidrosefalik sindrom, epilepsiya xəstəliyi, tez-tez qıcolmaa tutmaları ilə diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.9 ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asıllığı vəziyyəti ilə 1 il müddətinə ilkin əlillik təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində hipofizin adenoması, hipertonik-hirosefal sindrom prolektonoma, ürəyin xroniki revmatik xəstəliyi, epilepsiya, tez-tez baş verən qıcolma tutmaları, hipertonik angiopatiya diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.9 ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asıllığı vəziyyəti ilə 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində involusiya edən hipofizin adenoması, tez-tez baş verən qıcolma tutmaları ilə, kəllə-daxili hipertenziya, revmatizm q/a faza diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12 sinir siteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya, və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu.. 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində involusiya edən hipofizin adenoması, tez-tez baş verən qıcolma tutmaları ilə, kəllə-daxili hipertenziya, revmatizm q/a faza diaqnoz mətni ilə 2.2 ikinci dərəcə əlillik 2.2.12 sinir siteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya, və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu.. 5 il müddətinə təkrar əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində D35.2 hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyasında sonrakı vəziyyət; ağırlaşma G93.2 xoşxassəli kəllədaxili hipertenziya; ağırlaşma R25.2 qıcolma və spazm, tez-tez təkrarlanan qıcolmalar; ağırlaşma R52.2 digər daimi ağrı, davamlı baş ağrıları; yanaşı xəstəliklər M54.2 servikalgiya, bel ostexandrozu davamlı ağrılarla; yanaşı xəstəliklər M80 patoloji sınıqla osteoporoz, hər iki dizin oynaqlarının osteoporozu; yanaşı xəstəliklər İ10 essensial (birincili) hipertenziya diaqnoz mətni ilə göndərişin natamam doldurulmasına görə (Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin) imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində əsas diaqnoz D35.2 hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyasından sonrakı vəziyyət, ağırlaşma G40.5 xüsusi epileptik tutmalar diaqnoz mətni ilə əlavə müalicəyə ehtiyacın olmasına görə (Səbəb: diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olmasına ehtiyac var) imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyadan sonrakı vəziyyəti, komleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu, ensofalopatiya diaqnoz mətni ilə əlavə müalicəyə ehtiyacın olmasına görə (Səbəb: müxtəlif illərdə fasilələrlə stasionar müalicələr qeyd olunub, ixtisaslaşdırılmış müalicə davam etsin.) imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində hipofizin xoşxassəli yenitörəməsi, hipofizin adenomektomiyadan sonrakı vəziyyəti, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu, ensofalopatiya diaqnoz mətni ilə diaqnoz öz təsdiqini tapmır (səbəb: diaqnoz təsdiqini tapmadı qərarı qəul edilmişdir.) səbəbi ilə imtina edilmişdir. - İddiaçının stasionar müalicə aldığı müəssisələr: RKX (Mirqasımov adına Respublika Klinik Xəstəxana) - xx.xx.2011-xx.xx.2011, D35.2, Hipofiz; KTM (X4) - xx.xx.2015xx.xx.2015, D35.2, Hipofiz; XTM (X5) - xx.xx.2021-xx.xx.2021, D35.2, Hipofiz; XTM (X5) xx.xx.2022-xx.xx.2022, D35.2, Hipofiz. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6834/2024 saylı qərardadına əsasən İddiaçı əyani müayinə olunması üçün bir ay müddət təyin edilməsi qərara alınmışdır. - Cavabdehn Tibbi-sosial ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ... obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. - Bakı İnzibati Məhkəməsi İddiaçı onda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, iş üzrə müvafiq ekspertizanın keçirilməsi məqsəuyğun hesab edərək xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6834/2024 saylı qərardad əsasında iş üzrə kompleks məhkəmə tibbi və məhkəmə psixiatrik ekspertizasının təyin edilməsini qərara almışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ ... - xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı epilepsiya xəstəliyindən əziyyət çəkirmi? - İddiaçı həmin (epilepsiya) xəstəlikdən əziyyət çəkirsə: (i) epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edirmi və həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika halı müşahidə olunurmu? (ii) tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnirmi: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları müşahidə olunurmu?”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 xx.xx.2024-cü il tarixli, 3530 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir: “ ... Yoxlanılan şəxs İddiaçı hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İddiaçı əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. ... İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə - Cavab: Yoxlanılan şəxs İddiaçı hər hansı psixi xəstəlik aşkar olunmur. 2-ci sual üzrə - Cavab: Yoxlanılan şəxs İddiaçı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. 3-cü sual üzrə - Cavab: Yoxlanılan şəxs İddiaçı tibbi sənədlərə əsasən Epilepsiya xəstəliyi. Tez-tez qıcolma tutmaları ilə nevroloji xəstəliyi qeyd edilmişdir”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 149/KEŞ saylı ekspert rəyində isə göstərilir ki, “... İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda “Parsial epilepsiya generalizə olunan tonik, klonik qıcolmaları ilə” xəstəliyinin olduğu müəyyən edilmişdir. Bu da X1 10-cu yenidən işlənmiş variantının Vİ sinif “Sinir sistemi xəstəlikləri” bəndinə aiddir”. - Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən aşağıdakılar müəyyən edilir: “... - (status localis) Özünü uzun illərdir ki, xəstə hesab edir. 30.07-xx.xx.1990-cı il tarixlərində Rusiyada Mərkəzi xəstəxanada "Sonsuzluq. Genital infantilizm" diaqnozu qoyulub. 29.07-xx.xx.1991-ci ilədək eyni adlı diaqnoz ilə yenidən stasionar müalicə alıb. xx.xx.2011 tarixində RKX-da "klimakterik dövr. Prolactinoma Autoimmun tireadit. Epilepsiya, qıcolma tutmaları, xroniki pielonefrit. Sidik turşulu diatez. Duodenit revmatizm aktiv faza" d-zu ilə ambulator müalicə alıb. 06.09-xx.xx.2011-ci ilədək RKX-da "Hipofizin adenoması. Hipertenzion. hidrosefaliz sindrom. Prolaktinoma" diaqnozu ilə stasionar müalicə alıb. xx.xx.2012-ci ildə RKX-da 'Hipofizin adenoması. Hipertenzion hidrosefalik sindrom. Prolaktinoma. Ürəyin xroniki revmatik xəstəliyi. Arterial qapaq çatmamazlığı" d-zu ilə ambulator müalicə alıb. 21.07-xx.xx.2015-dək 'İnvolyasiya edən hipofizin adenoması (kista). Diensefal sindrom. Bel fəqərələrinin osteosandrozu, davamlı kökcük ağrılarla, residiv gedişli, kəskinləşmə mərhələsi. Diz oynaqlarının artrozu" d-zu ilə stasionar müalicə alıb-KTM-də. 03.08- xx.xx.2021-də Xətai TM-də "Hipofizin adenomektomiyasından sonrakı vəziyyət. Kəllə daxili hipertenziya , davamlı baş ağrıları. Belosteoxondrozu, davamlı kökcük kompressionağrılar. Hər iki diz oynaqların osteoartrozu. Arterial hipertenziya İİ mərhələ' dzu ilə stasionar müalicə alıb. 15.11-xx.xx.2022-ci ilədək Xətai TM-də "Hipofizin adenomektomiyasından sonrakı vəziyyət. Kəllədaxili normotenziv hipertenziya. OUBaşlanğıc katarakta. OD-Makulada epiretinal membran+VHT, Arterial hipertenziya İİ mərhələ" diaqnozları ilə stasionar müalicə alıb. xx.xx.2023-də RKX-da "Limtomatik epilepsiya. Hipofiz vəzinin adenomektomiyası əməliyatından sonrakı vəziyyət. Ensefalopatiya" d-zu ilə ambulator müayinə olunub. Xəstəyə xx.xx.2022-də imtina gəlib: Səbəb-Həkimin rəyi: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin. xx.xx.2022-ci il tarixində ikinci imtina gəlib. Səbəb:Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı diaqnoz və aöırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyacı var. Nevroloji Statusda: Bəbəkləri D=S, işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının xaricə hərəkəti məhdudlaşıb. Konvergensiya çatmamazlığı. Burun dodaq büküşü asimmetrikdir. Dili orta xətt üzrədir. Udma sərbəstdir. Sümüküstü və vətər refleksləri yuxarı və aşağı ətraflarda D böyükdür S. Parez yoxdur. Romberq vəziyyətində dayanıqsızdır. Emosional labildir. Aqressivdir. Əsəbidir. Daimi baş ağrılarından şikayətlənir. 2013-cü ildən əlillik alır. Əlillik müddəti bitdiyinə görə təkrari əlilliyin təyini üçün TSEK-ə göndərilir. - Əsas diaqnoz. D35.2 Hipofizin xoşxassəli yenitörəməsi, Hipofizin adenomektomiyadan sonrakı vəziyyəti. Ağırlaşma. G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomotik epilepsiya. Ağırlaşma. G93.4 G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya. Yanaşı xəstəliklər. 10 Essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, artan risk qrupu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1 və 2-ci bəndlərinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə görə, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Əsasnamənin 3.1-ci bəndinə müvafiq olaraq, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında–81-100 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında–61-80 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında–31-60 faiz. Əsasnamənin 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı Qərarının 1-ci hissəsinə əsasən, 6.7. Epilepsiya G40, Qiymətləndirmə 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - 65-80 -2 il. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2-ci bəndinə əsasən, Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh qurumun xx.xx.2024-cü il tarixdə əyani müayinə zamanı tibbi sənədlərinə əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasını müəyyən etmək imkanı var idi. Buna baxmayaraq cavabdeh “diaqnoz öz təsdiqini tapmır” qərarı qəbul edilmişdir. Ona görə də birinci instansiyası məhkəməsi hesab etmişdir ki, əlillik təyinatı məhz qeyd edilən xx.xx.2024-cü il tarixdən aparılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarını mübahisələndirən cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edilə bilməmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməməsi halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, tibbi sənədlərinə əsasən iddiaçı həmin xəstəlikdən uzun illərdir ki, əziyyət çəkir. İddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (epilepsiya G40) əziyyət çəkməsi, eyni zamanda yanaşı xəstəliklərin və ağırlaşmaların olması tibbi göndərişlə (forma 88) və ekspert rəyi ilə sübuta yetirilmişdir. Həmçinin iddiaçı 2012-2023-cü illər ərzində mütəmadi olaraq sözügedən xəstəliklərlə bağlı ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuşdur. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi, X5, X4 tərəfindən də müayinənin nəticələri təsdiqlənmişdir. Nəticə olaraq, iddiaçının qeyd edilən xəstəlikdən əziyyət çəkdiyi işin inkaredilməz haldır. Çünki məhkəmə-tibb ekspertizası rəyinə əsasən iddiaçının əlillik dərəcəsi təyin etməyə imkan verən xəstəliyin mövcud olması və ixtisaslaşmış müalicə müəssisəsində aparılmış müalicədən sonra xəstəliyin sağalmasının mümkün olmaması fakti təsdiq edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-866/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-866/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar