Məhkəmə qərarları › İş №2-1(103)-3115/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3115/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3115/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının ehtiyyatda olan hərbi qulluqçu kimi 5 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7565/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının ehtiyyatda olan hərbi qulluqçu kimi 5 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. Daha sonra hərbi xidmətimi davam etdirmişdir. 2-ci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə Füzuli rayonu, Qubadlı və Cəbrayıl rayonunun azad olumasında iştirak etmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman 2022-ci ildə yaralanmışdır. Xəstəliyi ilə əlaqədar olaraq xidmətə yararsız hesab edilərək xx.xx.2023-cü ildə tərxis olunmuşdur. Tərxis olunan zaman hərbi qeydiyyatı Qazax rayonu olmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixdə qeydiyyatını dəyişərək Sabunçu rayonuna qeydiyyata düşmüşdür. Cavabdehnə müraciət edərək ehtiyyata buraxılmış hərbi qulluqçu kimi 5 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməyini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış məktubda ehtiyyata buraxılan zaman ünvan 2ahəsinə ehtiyacı olan kimi siyahıya götürülməyinin mümkünsüz olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12.10-cu maddəsinə əsasən, hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Qeyd edilənlərdən görünür ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular seçdikləri yaşayış yeri üzrə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə yerli İcra Hakimiyyəti tərəfindən təmin olunurlar. İş materiallarından da göründüyü kimi, İddiaçı həqiqi hərbi xidmətdən tərxis olunan zaman yaşayış yeri olaraq Qazax rayonunu seçmişdir. Belə olan halda hesab edir ki, iddiaçı Qazax Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmalıdır. İddiaçı iddia tələbinin rədd edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)-7565/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)-7565/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, tərəfindən təqdim olunmuş və iş üzrə əhəmiyyətli olan sənədlərə, yəni xx.xx.2007-ci il tarixdən əvvəlcə həqiqi hərbi xidmətdə olduğu və sonra isə hərbi xidmətini davam etdirdiyi barədə və xx.xx.2022-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən avtoqəza nəticəsində alınmış kəllə beyin travması ilə nəticələnən “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, issosiativ əlamətlər, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu ilə xx.xx.2023-cü il tarixdə hərbi xidmətdən tərxis olunaraq, istefaya buraxılmağı barədə sənədlərə və 5 nəfərdən ibarət ailə üzvünün olması barədə təqdim etdiyi sənədlərə belə əhəmiyyət vermədən qanunvericiliyin tələblərini pozmaqla qeyri-obyektiv, əsassız və ədalətsiz qərar qəbul edilmişdir. İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə heç bir yerdə mənzili və heç bir əmlakı yoxdur. Bakı İnzibati Məhkəməsi işi araşdırarkən, İddiaçı verdiyi izahatlara və təqdim etdiyi sübutlara düzgün qiymət verilməmiş, cavabdeh orqanın mövqeyindən çıxış edərək və iddiaçının huquqları kobud surətdə pozulmuş və səhətində yaranmış problemlə bağlı hərbi xidmətdən tərxis olunaraq istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə alınmağı barədə hüquqlarından qanunsuz məhrum edilmişdir. İlkin olaraq iş üzrə cavabdeh Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti xidməti vəzifələrini yerinə yetirərkən səhhətində yaranmış problemlərlə bağlı həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış şəxs kimi İddiaçı mənzil növbəsinə götürmür. İddiaçı qanuni əsaslarla yaşayış yerini dəyişərək, Bakı şəhəri ünvan 3 ünvana daimi pasport qeydiyyatına düşmüş, bu hüquqlar iddiaçıya Azərbaycan Respublikasının Konistitusiyası və Qanunları əsasında verilmiş və həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış şəxs kimi qanunla nəzərdə tutulmuş mənzil növbəsinə götürülməyi barədə hüquqlarından istifadə edərək dövlət tərəfindən veriləcək mənzili Bakı şəhərindən almaq istəyir. Hesab edir ki, bu hal iddiaçının konistitusion hüququdur ki, Azərbaycan Respublikasının istənilən ərazisində o cümlədən də Bakı şəhərinin Sabunçu rayonu ərazisində özünə yaşayış yeri seçə bilsin və hazırkı yaşadığı yer üzrə yəni, Bakı şəhəri Sabunçu rayonu ərazisindən dövlətin həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış şəxslərə verilməsi nəzərdə tutulan mənzil növbəsinə götürülsün və həmin mənzili Bakı şəhəri ərazisindən alsın. Hesab edir ki, bu tam qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, hərbi qulluqçu (gizir) kimi illərlə xidmət keçmiş və xidməti vəzifələrini yerinə yetirərkən də xəsarət almışdır. Səhhəti ilə əlaqədar olaraq xidmətə yararsız hesab edilərək tərxis olunmuşdur. Hələ də baş nahiyyəsinin sağ tərəfində ciddi problem var. İşlə də təmin olunmadı. 3 övladı var. Qazanc yeri yoxdur. Hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə ilə bağlı olaraq Bakı şəhəri Cavabdehnə müraciət etsə də, müsbət cavab ala bilməyib. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq məhkəməyə bildirdi ki, halhazırda Bakı şəhərində yaşayır, övladları 7, 13 və 14 yaşlarındadır və uşaqlardan ikisi Sabunçu rayonunda yerləşən 149 nömrəli məktəbdə 3 ildir ki, təhsil alırlar. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhərinə köçüb. Qazax rayonunda yaşadığı zaman dövlət tərəfindən mənzillə təmin edilmişdir. Yalnız hərbi xidmət dövründə həmin mənzildə yaşaya bilərdi. Xidməti bitdikdən sonra da mənzili boşaldıb təhvil verdi. Qazax rayonunda qalmağa evi yoxdur. Bir müddət Bakı şəhərində qardaşının evində yaşasa da, orada da şərait yaxşı olmadığına görə davamlı yaşamağı mümkünsüzdür. Səhhəti ilə bağlı olaraq ağır şəraitli işdə işləyə bilmir. Qardaşının yanında yüngül işdə işləyir. Ən çox halda 300-350 manat məbləğində aylıq qazanc əldə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 5-18/2-M-16- 068/2025 saylı məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular getdikləri yaşayış yerində Yerli İcra Hakimiyyətləri tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilirlər. O ehtiyata buraxılan zaman Qazax rayonunu seçdiyi üçün həmin rayonda qeyd edilən güzəştlərdən istifadə edə bilər. - Azərbaycan Respublkasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilmişdir: 2.11.1997-ci il tarixli, **********86 **********85 ************ JN *** qeydiyyat nömrəli Qazax rayonu, Yuxarı Salahlı kəndi 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaqları, ************ JN ***A qeydiyyat nömrəli Qazax rayonu, Yuxarı Salahlı kəndi 0.1 ha yaşayış məntəqələrinin torpaqları. - Azərbaycan Respublkasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən X2 adına daşınmaz əmlak aşkar edilməmişdir. - Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublkasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, həmin tarixə İddiaçı “ümumibirgə mülkiyyətində” yalnız 2.11.1997-ci il tarixli, **********86 **********85 ************ JN *** qeydiyyat nömrəli Qazax rayonu, Yuxarı Salahlı kəndi 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaqları aşkar edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən, xx.xx.2007-xx.xx.2008, xx.xx.2015-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020- xx.xx.2023 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Xəstəliyə görə - HHK-nın rəyinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2024-cü il tarixindən Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Sabunçu rayon idarəsində hərbi qeydiyyatdadır - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. - Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışlara əsasən, X3 Bakı şəhərinin Suraxanı rayonunda yerləşən R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbinin 7c, X4 isə həmin məktəbin 8a sinifində oxuyurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: " ... Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir ... Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər". Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından: " ... Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat. … bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir …". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, “ … qanunverici “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutrnuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habeli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə ‘tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin X1 qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir”. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı tərxis olunan zaman hərbi qeydiyyatı Qazax rayonu olmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixdə qeydiyyatını dəyişərək Sabunçu rayonuna qeydiyyata düşmüşdür. Cavabdehnə müraciət edərək ehtiyata buraxılmış hərbi qulluqçu kimi 5 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməyini xahiş etmişdir. Belə olan halda birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hərbi xidmətdən tərxis olunduqdan sonra seçilmiş yaşayış yeri Qazax rayonu olduğundan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması üçün aidiyyəti üzrə Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməlidir. Məhkəmə kollegiyası xüsusi olaraq apellyasiya şikayətinin aşağıdakı dəlilinə münasibət bildirməyi zəruri hesab edir: “ ... mənzil növbəsinə götürülməyi barədə hüquqlarından istifadə edərək dövlət tərəfindən veriləcək mənzili Bakı şəhərindən almaq istəyir. Hesab edir ki, bu hal iddiaçının konistitusion hüququdur ki, Azərbaycan Respublikasının istənilən ərazisində o cümlədən də Bakı şəhərinin Sabunçu rayonu ərazisində özünə yaşayış yeri seçə bilsin və hazırkı yaşadığı yer üzrə yəni, Bakı şəhəri Sabunçu rayonu ərazisindən dövlətin həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış şəxslərə verilməsi nəzərdə tutulan mənzil növbəsinə götürülsün və həmin mənzili Bakı şəhəri ərazisindən alsın”. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin üçüncü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə kollegiyası bildirir ki, bu hüquq mənzil təminatı hüququ ilə eyniləşdirilmir, yəni vətəndaş istədiyi yerdə yaşaya bilər, lakin bu, avtomatik olaraq həmin yerdə dövlət mənzil fonduna çıxış hüququ qazandırmır. Konstitusiyanın bu maddəsi mülki hüquqların tərkib hissəsidir, sosial təminat öhdəliyi deyil. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun və Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsasən, ehtiyata buraxılmış hərbi qulluqçular mənzil və ya torpaqla təminatı yalnız tərxis olunduqları zaman seçdikləri yaşayış yeri üzrə həyata keçirilir. Bu norma prosesual səlahiyyət bölgüsünü müəyyən edir və konstitusion hüququ məhdudlaşdırmır, sadəcə, təminat mexanizmini hüquqi çərçivəyə salır. Yəni şəxs sonradan yaşayış yerini dəyişə bilər, lakin bu, əvvəlki təminat öhdəliyinin digər icra orqanına keçməsi anlamına gəlmir. Birinci instansiya məhkəməsinin qərarında aydın şəkildə göstərilir ki, iddiaçı hərbi xidmətdən tərxis olunduğu zaman Qazax rayonunu yaşayış yeri kimi seçmiş, sonradan isə yalnız xx.xx.2024 tarixində Sabunçu rayonuna qeydiyyata düşmüşdür. Deməli, Bakı şəhəri Cavabdeh bu halda səlahiyyətli orqan deyil və onun iddiaçını mənzil növbəsinə götürməməsi qanuni əsaslara söykənir. Bu qərar vətəndaşın yaşayış yerini seçmək hüququna müdaxilə etmir, çünki həmin hüquq yaşayış yeri üzrə qeydiyyatdan keçmək və orada faktiki yaşamaq imkanı ilə təmin edilir. Yəni yekun olaraq qeyd olunmalıdır ki, iddiaçının Bakı şəhəri Cavabdehnə müraciətinin təmin edilməməsi: onun yaşayış yerini sərbəst seçmək konstitusion hüququna müdaxilə etmir; mənzil hüququnun həyata keçirilməsi mexanizmini qanunla müəyyən edilmiş səlahiyyət bölgüsünə uyğun şəkildə tənzimləyir; dövlətin sosial təminat resurslarının məqsədli və hüquqa uyğun istifadəsini təmin edir. Buna görə də məhkəmənin nəticəsi - Bakı şəhəri Cavabdeh imtinasını qanuni və proporsional hesab etməsi qanunvericiliyin ruhuna və məqsədinə tam uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025ci il tarixli, 2-1(112)-7565/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)-7565/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar