Məhkəmə qərarları › İş №2-1(103)-3116/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3116/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3116/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4540/2022 saylı, 16 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı şəxsin hesab vərəqəsinin addanada dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən iki otaqlı ümumi sahəsi 40,97 kv.m olan mənzilin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməklə mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən iki otaqdan ibarət, ümumi sahəsi 40.97 kv.m olan 80 saylı mənzildə 30 oktyabr 2003-cü il tarixdən hal hazıra qədər qeydiyyatda olmaqla ailə üzvləri ilə yaşayır, kommunal xidmətlər haqqını vaxtlı vaxtında ödəyir. Artıq 20 ilə yaxın bir müddətdir ki, həmin mənzildə yaşayır, amma mənzili adına sənədləşdirə bilməmişdir. Mənzilin sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri, Cavabdehnə 28 oktyabr 2021-ci il tarixli ərizə ilə müraciət etsə də, 30 noyabr 2021-ci il tarixli 4/T-28-151 saylı məktubla yaşadığı mənzilin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4540/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, iddiaçı həmin ünvanda uzun illərdi qeydiyyatdadır, üçüncü şəxs olan X7 barədə məhkəmə sorğusuna əsasən heç bir məlumat əldə edilməmişdir və o 20 il bundan öncə mənzildən qeydiyyatdan çıxaraq başqa yaşayış sahəsinə daimi yaşamaq üçün köçmüşdür, bununla da yaşayış və istifadə hüququnu itirmişdir. Buna görə də məhkəmə qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından da görünür ki, keçmiş Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) 13 sentyabr 1991-ci il tarixli 13/17 nömrəli qərar əsasında həmin tarixdə X4 mənzilə dair order verilmiş, onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Həmin şəxsi hesab vərəqəsindən və aidiyyəti polis orqanının arayışından müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşayır və qeyd olunan şəxsdən başqa digər şəxin həmin mənzilə qeydiyyatı mövcud deyil. Qeyd olunanlar əsasında iddiaçı mənzilin öz adına sənədləşdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə orderdə adıçəkilən şəxsin razılıq ərizəsi və onunla qohumluq əlaqəsini təsdiq edən sənədin mövcud olmamasına istinad edərək müraciət təmin etməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: - 6-cı maddəsinə əsasən, mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; - 34.1-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. - 69.2-ci maddəsinə əsasən, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. - 70-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. - 90.1-cı maddəsinə əsasən, kirayəçi və (və ya) onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin dağılmasına (korlanmasına) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, kirayəyə verən kirayəçini və onun ailə üzvlərini pozuntuları aradan qaldırmaq zərurəti barədə xəbərdarlıq etməyə borcludur. Qeyd edilən pozuntular yaşayış sahəsinin dağılmasına (korlanmasına) səbəb olarsa, kirayəyə verənin kirayəçiyə və onun ailə üzvlərinə yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək ixtiyarı vardır. Əgər yaşayış sahəsinin kirayəçisi və (və ya) onun ailə üzvləri kirayəyə verənin xəbərdarlığından sonra göstərilən pozuntuları aradan qaldırmazlarsa, təqsirkar vətəndaşlar kirayəyə verənin və ya digər maraqlı şəxslərin tələbi ilə məhkəmə qaydasında digər yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılırlar. - 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Plenumunun Qərarında qeyd edilmişdir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılmış hallarına qiymət verərək Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, orderdə adı qeyd edilən şəxsin (X7) istifadə hüququnun xitamı mülki icraat qaydasında həll edilmədən inzibati icraat çərçivəsində həmin şəxsin razılığı olmadan iddiaçının adına mənzilin sənədləşdirilməsi yol verilməzdir. Belə ki, hazırkı halda iddiaçı üçüncü şəxsin mənzilə istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsi barədə məhkəməyə müraciət etməmiş, bununla bağlı iddianın təmini barədə qərar qəbul edilməmiş, üçüncü şəxsin istifadə hüququna xitam və ya itirilmiş hesab edilməsi barədə qətnamə məhkəməyə təqdim edilməmişdir. İddiaçı mənzil üzrə qeydiyyatının olduğuna istinad edir ki, bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış,məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, iddiaçının kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə praktikası da hazırki qaydada olmuşdur (Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-226/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4540/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar