Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3116/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “cavabdehin müəssisədən istifadəsində olan dövlətə məxsus torpaq sahəsinin məcburi icarəyə götürülməsi barədə tələbi ilə bağlı hərəkətləri etməkdən çəkinməyə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3093/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (“ƏMDX”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iradəsini ifadə edən ƏMDX-in rəis müavini Elçin Yusifovun "xxxx" MMC-yə qarşı müəssisənin istifadəsində olan 0,6 ha torpaq sahəsinin məcburən icarəyə götürülməsinə dair tələbi əsassız olduğundan cavabdehin üzərinə bu hərəkətindən çəkinmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh Cəmiyyətə məktub ünvanlayaraq aşağıdakıları bildirmişdir: "Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin ikinci hissəsinə əsaslanaraq Azərbaycan Respublikasında həmin qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həm də qeyd etmişdir ki, Azəarbaycan Respublikası Prezidentinin 12 mart 1999- cu il tarixli 116 nömrəli Fərmanın tələbinə əsasən dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi və layihələşdirilmiş habelə üzərində üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye yaxud texnoligiyalı parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bakı şəhər Qaradağ rayon Sahil qəsəbəsi Salyan şossesi ünvanda yerləşdiyi və müəssisənin istifadəsində olan dövlətə məxsus torpaq sahəsinin icarəyə götürülməsi tələb olunur". "xxxx" MMC 2011-ci ildən başlayaraq müəssisənin yerləşdiyi torpaq sahəsini dövlət özəlləşdirmə planına əsasən özəlləşdirməyə çaılşmış lazımı sənədləri təqdim etmiş, lakin istədiyinə nail olmamışdır. Hətta özəlləşmə üçün 200.000 manat pul da ödəmiş, lakin yenə də özəlləşdirə bilməmişdir. Axırda bu barədə Bakı İnzibati Məhkəməsinə iddialar vermiş, 2015-ci ildən buna nail ola bilməmişdir. Əsas problem o olub ki, özəlləşməyə görə iddiaçıya cavab verilməyib. Yalnız “səbirli” olmağı məsləhət bilmişlər. Halbuki bu bir dövlət proqramıdır və Bakı şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il 3 iyun tarixli, 518 saylı Sərəncamı ilə "xxxx" Müəsisəsinin istifadəsi üçün 0.6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində ümumi sahəsi 28.2 kv.m olan tikilisi var idi. 2010-cu il 10 avqust tarixdə həmin tikili "xxxx" MMC-nin mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. "xxxx" MMC-nin istifadəsində olan bu torpaq sahələrinə dair inşaat pasportu var. "xxxx" MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinin həmin müəsisələrə təhkim olunmaqla özəlləşdirilməsi məqsədilə cavabdehə müraciət etsə də, onun müraciətinə heç bir cavab verilməmişdir. Buna görə də 2016-cı ildən başlayaraq məhkəmələrə iddialar verilir. Hətta 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 mart tarixli 2-1(81)- 1851/2017 nömrəli qərardadı ilə cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tanınmaqla, ona qarşı qaldırılan iddia tələbi - iddiaçının müraciətinə cavab verilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və "xxxx" MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinin həmin müəsissələrə təhkim olunmaqla, özəlləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi kimi icraata qəbul edilmişdir. Lakin ƏMDX həmin torpaq sahələrini o cümlədən də istifdəsində olan "Turan" K/M məxsus torpaqları özəlləşdirməkdən faktiki olaraq imtina edir. Bu mübahisə iki dəfə Ali Məhkəmə səviyyəsində araşdırılmışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, hesab etmişdir ki, hazırkı iddia tələbi mülkiyyətin bərabər hüquqlu subyektlərindən biri olan dövlətin torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsini məhdudlaşdırılmasına yönəldiyindən, qanunvericiliyə əsasən belə bir iddiaya məhkəmədə baxıla bilməz. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Qanunvericiliyin tələbinə görə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin istifadəsinə icarə müqaviləsi əsasında verildiyindən, Xidmətin iddiaçıya qarşı qeyd olunan tələbi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçın hazırkı iddianı qaldırmaqda məqsədi torpaq sahəsinin icarəyə verilməsinin tələb edilməsi hüququnun Xidmətə qadağan edilməsi ilə bağlıdır ki, qanunvericiliyə əsasən belə bir tələbinin yolverilən olması iddiaçı tərəfindən əsaslandırmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmənin qərardadı əsassızdır. Belə ki, Caavabdeh ƏMDX inin nümayəndəsi həmin iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsəsnamısinə istinad edir.Həmin əsəsnamənin 3.0.48. maddəsinə görə “Xidmət” dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək hüquqna malikdir Amma buna baxmayaraq, ƏMDX in nümayəndəsi unudur ki, məhz həmion normada sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə yazılıb.”Çeşmə-F” MMC də sənaye və texnologiya ilə məşğul olan müəssisədir Əsas məsələ, 2014 cü ildən bəri "xxxx" MMC istifadədə olan 0.6 ha torpaq sahəsini özəlləşdirmək barəsində çoxlu yazılı müraciətlıər etmiş amma imtinalar almış və həmin imtinalardan sonra İnzibati Məhkəməyə dəfələrlə iddialar vermiş. ƏMDX də bu barədə ümüudlər vermiş,arxayın etmiş və hətta torpağın çertyojunu da çəkmiş, lakin Cəmiyyətə məxsus torpaqların ösəlləşdirilməsi ilə bağlı gəldiyi razıllığından imtina edərək onu icarəyə məcbur etmək barədə tələb irəli surmuşdur. Cavabdeh bir qayda olaraq həmin torpaq sahələrini özəlləşdirməkdən imtina etməsi əvəzinə torpağı icarəyə götürməyə təklif etməsi qanunsuzdur. Cavabdehin məsul şəxsi sayılan rəis müavinin özəlləşmə əvəzinə məndən icarə müqaviləsi tələb etməsi qanunsuz hərəkətdir.Buna görə də məhkəmə onun bu hərəkətdən çəkindirməli idi. Cavabdehin imtinasını alandan sonra məhkəməyə iddia verə bilərdi.Amma məhkəmənin gəldiyi bu nəticə prosessual cəhətdən əsassıdır. Çünki cavabdeh təşkilat bizə qarşı belə bir məcburiyyət və zor xarakterli tələb irəli sürməklə artıq qanunsuz əmələ yol vermişdir. Buna görə də mənim həmin məktubdan sonra bilvasitə məhkəməyə iddia vermək hüququm vardır. Mənə təqdim olunan məktub inzibati akt olmasa da hər halda hüquq və mənafeyimizə toxunur. Buna görə də hesab edirəm Baskı İnzibati Məhkəməsinin xx.xx.2024 cü il tarixli qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin dövlətə məxsus torpaq olaraq Xidmət tərəfindən əslində, iddiaçıya təklif olunduğunu və bu qanun tələbindən irəli gəldiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, o cümlədən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlük ərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir.Yəni, iddia, subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün sayılır. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. İşin hallarından iddiaçı, cavabdeh ƏMDX-in rəis müavini Elçin Yusifovun "xxxx" MMC-yə qarşı müəssisənin istifadəsində olan 0,6 ha torpaq sahəsinin məcburən icarəyə götürülməsinə dair tələbini əsassız hesab edərək üzərinə bu hərəkətindən çəkinmək vəzifəsinin qoyulmasını tələb etmişdir. İPM-in 34.3-cü maddəsindən görünür ki, qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Konkret halda isə iddiaçı tərəfindən ona qarşı qəbul edilməsi gözlənilən, onun hüquqlarını poza bilən hansı inzibati akta qarşı hazırkı iddianı qaldırdığı əsaslandırılmamışdır. İddia ərizəsindən və apellyasiya şikayətindən görünən odur ki, iddiaçı, müəssisənin yerləşdiyi 0,06 ha torpaq sahəsinin icarəyə götürməsi barədə cavabdehin ona ünvanlanmış məktubunda irəli sürdüyü tələbinə qarşı, qabaqlayıcı iddia kimi, həmin hərəkətlərindən çəkinməsi barədə tələbini onunla əsaslandırmışdır ki, uzun illər həmin torpaq sahəsini özəlləşdirməyə çalışsa da buna müvəffəq ola bilməmişdir. Belə olan halda, əgər onun məqsədi həmin torpaq sahəsini özəlləşdirmək təşkil edirsə, onun hazırda qabaqlayıcı iddia tələbi onun heç köməyinə gəlmir və “0” vəziyyətində qalır. Əksinə, həmin torpaq sahəsinin icarəyə götürülməsi ona daha çox üstünlüklər yaratmış olur. Çünki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativhüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Eyni zamanda, həmin Məcəllənin 88-ci maddəsinin 2-ci hissəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsini satınalma hüququ ilə icarəyə götürməklə, əslində gələcəkdə arzuladığı məqsədinə çatması üçün real hüquqi imkan əldə etmiş olur. Cavabdeh tərəfindən iddiaçıya həmin torpağı icarəyə götürməsi barədə təklifinə (tələbinə) gəldikdə isə bu onun qanunla müəyyən olunan vəzifə öhdəliyindən irəli gələn bir məsələdir. Belə ki, cavabdehin də iddia ərizəsinə etirazında istinad etdiyi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.48-ci bəndinə əsasən: - dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifəsidir. Həm də digər tərəfdən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin 7-ci abzasına əsasən bu Məcəllə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək torpaq istifadəçilərinin hüququdur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqanın qanunvericiliklə müəyyən olunan səlahiyyəti və üzərinə düşən vəzifələrinin icrasının qarşısına almağa yönələn preventiv iddianın məhkəmə icraatı mümkün sayıla bilməz. Burada yalnız, inzibati orqan onun üzərinə düşən vəzifələrini qanunvericiliyin tələblərinin uyğun yetirmədiyi halda, bu vəzifəlrinin icrası zamanı hüquqların pozulmasına gətirib çıxaran nəticələrini mübahisələndirilmək imkanından söhbət gedə bilər. Odur ki qeyd olunanlar baxımından, iddiaçı tərəfindən qaldırılan - müəsisənin yerləşdiyi dövlətə müxsus torpaq sahəsini icarəyə götürməsi ilə bağlı cavabdehin hərəkətlər etməsindən çəkinməyə dair iddiasının, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilərək məhkəmə icraatının mümkün sayılması istsna olunur. Sözügedən Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qəbul edir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin, cavabdehin hərəkətlərinin qanunsuz olduğunu və məhkəmənin iddianın mümkün sayılmaması barədə qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3116/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3116/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver