Məhkəmə qərarları › İş №2-1(103)-3117/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3117/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3117/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6034/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-6034/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2773003AABSJ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 11093 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah yaralanması (xx.xx.2020) döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotorksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış laporotomiya, qarın boşluqunun təftişi, drenajı, sağtərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları. Döş qəfəsinin Th11 fəqərənin qabırğa birləşməsində yad cisim (güllə), yumşaq toxumada kiçik ölçüdə yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının restriktiv tip pozulması ilə.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağtərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət." anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Respublika Neyrocərrahiyyə xəstəxanasının 1647 saylı Çıxarış epikrizinə əsasən Bel-Oma KT-nin nəticəsi “Th11 fəqərə cismində metal yad cisim təyin olunur. Həmin yad cisim onurğa kanalına siraət etmir. Kobud skolioz aşkar olunub” kimidir. Həmin Epikrizdə “Xəstə klinik müzakirə olunaraq cərrahi müdaxilənin əmələ gətirə biləcəyi nevroloji defisit səbəbindən yüksək risk daşıdığı qərarı alındı” qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Ərazi bötüvlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair “Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən saqtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağtərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozlu göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq tənəffüs çatmamazlığı aşkar olunmamış, SpO2-98%, nəbzi-112', TS-19' olmuş, auskultasiyada tənəffüs ağciyər payları boyunca bərabər ötürülmüş, vezikulyar tənəffüs eşidilmişdir. İxtisaslaşmış instrumental müayinə nəticəsi təqdim olunmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası»na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 07 sentyabr 2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 39 nəfər vətəndaşın minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi ilə bağlı əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 39. Bakı şəhər sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair “Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağtərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət" diaqnozlu göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq tənəffüs çatmamazlığı aşkar olunmamış, SpO2-98%, nəbzi-112', TS-19' olmuş, auskultasiyada tənəffüs ağciyər payları boyunca bərabər ötürülmüş, vezikulyar tənəffüs eşidilmişdir. İxtisaslaşmış instrumental müayinə nəticəsi təqdim olunmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır: … 1.29. İddiaçı - Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 07 sentyabr 2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin həmin qərarı mübahisələndirilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsində, yanlış iddia növünün münasibi ilə əvəz olunmasında iddiaçıya hüquqi yardım edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində Minik avtomobilinə tibbi göstərişin olmaması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə olduğundan və həmin qərar mübahisələndirilmədiyi halda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla, qanunvericiliyə uyğun olan, münasib iddianın irəli sürülməsində iddiaçıya yardım edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbi düzgün müəyyən edilməmişdir və məhkəmə də bunun aradan qaldırılması üçün iddiaçıya hüquqi yardım etməmişdir. Məhkəmə hazırkı mübahisə üzrə uyğun müdafiə üsulu seçməkdə iddiaçıya yardım etməli idi. Beləliklə, məhkəmə işin bütün faktiki hallarını tam araşdırmaqla iddiaçının əslində hansı hüquqi nəticəyə nail olmaq arzusunda olduğunu dəqiq müəyyən etməli, iddiaçıya yardım etməklə onun iddia tələbinin məhz arzuladığı nəticəyə uyğunlaşdırılmasını təmin etməli idi. Buna uyğun olaraq əlavə sübutlar toplanılmalı və yenidən araşdırılma aparılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6034/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar