Məhkəmə qərarları › İş №2-1(103)-3118/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3118/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3118/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Bayram oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3439/2015 saylı, 05 noyabr 2015-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiaçıya 16 aprel 2006-cı il tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004 - 2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3439/2015 saylı iş üzrə 5 noyabr 2015ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, iddiaçıya 16.04.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh AR DSMF-nin Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. İşdən aydın olur ki, həmin qərar qanuni qüvvəsini qalmış, iddiaçıya müvafiq pensiya hesablanaraq ödənilmişdir. Sonradan Bakı İnzibati Məhkəməsinə 16 mart 2020-ci il tarixdə DSMF Bakı şəhəri Nizami rayon şöbəsi, 15 oktyabr 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə müraciət edərək, sözügedən mübahisəyə dair 2 saylı Bakı inzibatiiqtisadi Məhkəməsinin 2-1(82)-3439/2015 saylı 5 noyabr 2015-ci il tarixli qərarına qarşı icraatın təzələnməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə yeni açılmış hallar üzrə ərizələr mümkün sayılmamışdır. Ərizəçi AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə bağlı mübahisəli məqam yoxdur. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir. İPM-in tələbinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. ( İPM-in 103.1, 103.2 və 103.3-cü maddələri) Birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən qeyd etmişdir ki, ““Yeni açılmış hallarla bağlı” ərizələrin məzmununda aydın olur ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (82)-3439/2015 saylı iş üzrə 5 noyabr 2015-ci il tarixli qərarı rəsmi qaydada həmin mübahisənin cavabdeh tərəfinə 2016-cı ilin oktyabr ayından əvvəl təqdim edilmişdir. Yəni, ərizəçi (bazasında yarandığı qurum) sözügedən məhkəmə qərarı barədə hələ qeyd olunan tarixdən məlumatlı olmuşdur. “Yeni açılmış hallarla bağlı” ərizələr isə, məhkəməyə 16 mart 2020-ci il və 15 oktyabr 2020-ci il tarixlərdə, yəni 3 il 5 aydan artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq bildirir ki, qanunvericilik normalarının tələblərindən və işin sadalanan hallarından göründüyü kimi ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı ərizənin verilməsini mümkün edən iki şərtdən biri pozulmuş, prosessual müddət ötürülmüşdür. Odur ki, birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqda haqlı olmuşdur. Ərizəçinin apelyasiya şikayətində isə müddətin ötürülməsi səbəbi ilə bağlı hər hansı üzrlü səbəb və ya dəlil göstərilməmişdir. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3439/2015 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vahid Sadıqov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar