Məhkəmə qərarları › İş №2-1(103)-3118/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3118/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3118/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5627/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, müraciətinə pensiya hüququnu təsdiq edən bütün sənədləri əlavə etmişdir. Cavabdeh tərəfindən **********2 saylı xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə əmək pensiyasının təyinatından imtina edilməsi haqqında cavab məktubu verilmişdir. İmtina məktubunda cavabdeh qeyd etmişdir ki, onun tərəfindən təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, onun güzəştli iş stajı cəmi 06 il 09 ay 26 gün təşkil edir. Cavabdeh orqanın imtina məktubunda xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasında olan dövr Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 nömrəli sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd edilmişdir və həmin sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısında qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid olmadığına görə həmin dövr zərərli staj olaraq nəzərə alınmır. Cavabdeh orqana təqdim edilmiş MT-İ ******* və 005563 nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək 25 ildən artıq ümumi stajı var. Həmin ümumi stajın dövründən təqdim edilmiş arxiv arayışlarına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (06 il 09 ay 27 gün) "xxxx" QSC-nin Bakı yük stansiyasında qatar tərtibçisi vəzifəsində çalışmışdır. Tutduğu vəzifə və çalışdığı iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunan siyahının 21.4-cü bəndinə uyğun olması faktını təsdiq edən "xxxx" QSC-nin 202047 saylı, xx.xx.2022-ci il tarixli arayışı cavabdeh orqana təqdim edilmiş və məhkəməyə qoşma sənəd olaraq təqdim edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" QSCdən işdən azad olandan sonra, xx.xx.2004-xx.xx.2011-ci il tarixlərdə (06 il 10 ay 05 gün) Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 nömrəli sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində çalışmışdır. Tutduğu vəzifə və çalışdığı iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunan siyahının 21.4-cü bəndinə uyğun olması faktını təsdiq edən xx.xx.2022-ci il tarixli arxiv arayışı cavabdeh orqana təqdim edilmiş və məhkəməyə qoşma sənəd olaraq təqdim edilmişdir. Qeyd olunan sənədlərə əsasən müəyyən olunur ki, onun faktiki olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 13 il 08 ay güzəştli iş stajı var və bu faktı iş yerindən təqim edilən arxiv arayışı ilə təsdiq edir. Ümumi iş stajı ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı bir nöqsan tapılmadığına baxmayaraq, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il (08 ay 18 gün) tarixədək vətən uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə həmin dövr faktiki olaraq ikiyə vurularaq 01 il 05 ay stajına hesablanmalıdır. Döyüşlərdə iştirak etdiyini hərbi biletinin surətinin 7-ci səhifəsindəki qeyd ilə təsdiq edir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5627/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə (60 yaş) pensiya yaşına çatmışdır. Eyni zamanda bildiririk ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını,Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı (21.4) yarımbəndində qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı inzibati orqana təqdim etdiyi sənədlərdə xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr ərzində Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun Avtomobil və dəmiryol nəqliyyatı üzrə 15 №-li sexinin dəmiryolu istismarı sahəsində qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahı üzrə müəyyən edilən dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az yəni 06 il 09 ay 26 gün təşkil edir. Belə ki, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajına xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlər daxildir. İddiaçı mübahisələndirilən güzəştli iş stajına xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr daxildir. Məhkəmə qərarında iddiaçının işlədiyi vəzifəyə münasibət bildirərkən sadəcə mübahisəli halın güzəştli arayışla aradan qaldırıldığını bildirmişdir. Halbuki məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4 yarımbəndində qatar tərtibatçısı vəzifəsinin qeyd edilmədiyi nəzərə almalı idi. Əlavə olaraq bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən, inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhz bu səbəbdən də inzibati orqan inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olan normalarına tam riayət etmiş və iddiaçının pensiya hüququna münasibət bildirmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X1 ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə iddiaçının təmin edilməsi ilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı X1 ona 60 yaşı tamam olduqdan 4 ay sonrakı tarixdən, yəni xx.xx.2022 ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 3 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci il ildə anadan olub və 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. İş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. .... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasında (əmək fəaliyyəti dövrü) və hərbi biletdə (hərbi xidmət dövrü və vətən uğrunda gedən döyüşlərdə iştirak dövrü) qeyd edilən dövrlərdə daxil olmaqla, 29 iyun 2022-ci il tarixə iddiaçının 25 ildən artıq ümumi stajının olduğu müəyyən edilir. ((1982.xx.xx-1980.11.22=1 il 10 ay 5 gün)+(1992.xx.xx-1983.04.23=9 il 7 ay 10 gün)+ (2(1994.xx.xx-1993.08.24)=1 il 5 ay 6 gün ) + (2004.12.02 - 1997.08.14=7 il 3 ay 18 gün)+(2011.xx.xx-2004.12.06=6 il 10 ay 5 gün) = 25 il 2 ay 9 gün). Cavabdeh apellyasiya şikayətində iddiaçının ümumi iş stajını deyil, xüsusi iş stajını mübahisələndirmiş və işlədiyi müvafiq vəzifələrin güzəştli şərlərlə əmək fəaliyyəti növlərinə aid olmadığına əsaslanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarında olan "xxxx" QSC-i tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı "xxxx" QSC-nin Bakı yük stansiyasında xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qatar tərtibçisi peşəsində çalışmışdır. Bu peşə üzrə müvafiq dövr ərzində İddiaçı iş stajı 06 il 09 ay 27 gün təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”sında nəzərdə tutulmuşdur (21.4-cü bənd). İş materiallarında olan SOCAR tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2004-cü il tarixdə 8-12/207 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 №-li sexin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibatçısı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bölməsinə əsasən zərərli iş şəraitində işləmişdir. İş materiallarında olan SOCAR tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2004-cü il tarixdə 8-12/207 saylı xx.xx.2004cü il tarixli əmrə əsasən avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 №-li sexin dəmir yolunun istismarı üzrə sahədə qatar tərtibçisi peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bölməsinə əsasən zərərli iş şəraitində işləmişdir. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qatar tərtibaçtısı peşəsinin olmadığını dəlil olaraq göstərsə də, iş materiallarında olan SOÇAR tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı qatar tərtibatçısı yox, qatar tərtibçisi peşəsində çalışmışdır. Burdanda aydın olur ki, iddiaçının keçmiş iş yeri olan SOCAR tərəfindən verilən əvvəlki arayışda texniki yalnışlıq olmuşdur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5627/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar