Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3118/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəliyin müalicəsi ilə əlaqədar çəkilən pul vəsaitinin tutulması”tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1003/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xəstəliyinin müalicəsi ilə əlaqədar çəkdiyi 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan polkovnik-leytenantdır. X7 Müharibəsi veteranı, 2-ci qrup əlildir. 2020-ci ildə iddiaçı səhhətində yaranmış narahatlıqla bağlı Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, kardiologiya şöbəsində müayinə olunmuş, kafi vəziyyətdə evə buraxılmış, lakin səhhətində yaxşılaşma hiss etmədiyi üçün yenidən xəstəxanaya müraciət etmiş və məlum olmuşdur ki, səhhətində yaranmış problem ürəyi ilə bağlı olmamışdır (həkimlər düzgün diaqnoz qoymamışlar). Təkrar müayinə üçün yenidən həmin Klinikaya müraciət etmiş, xx.xx.2020- ci il Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən ilkin mədənin xərçəngi diaqnozu qoyulmuşdur. Bu xəstəliyin təsdiqi üçün tibb xidməti polkovniki V.Mürsəlov xx.xx.2020-ci il tarixdə Milli Onkologiya Mərkəzinə göndəriş vermiş, xx.xx.2020-ci ildə Milli Onkologiya Mərkəzinə göndəriş verilmiş, xx.xx.2020-ci ildə xəstəlik öz təsdiqini tapmışdır. Göründüyü kimi, ağır xəstəliyi həkimlərin biganəliyi və qeyripeşəkarlığı nəticəsində düzgün qiymətləndirilmədiyindən, vaxtında müalicəyə başlaya bilməmişdir. Xəstəliyi öz təsdiqni tapdıqdan sonra, o, keyfiyyətli müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına göndərilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyindən müraciətə ümumiyyətlə cavab verilməmiş, bundan sonra etdiyi müraciətlərdən sonra inzibati orqan tərəfindən bildirilmişdir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Türkiyəyə göndərilməsi mümkü deyil. Xəstəliyinin təxirəsalınmaz olduğunu nəzərə alıb və günü-gündən ağırlaşdığını görüb öz vəsaiti hesabına (özünün və övladlarının banklardan götürdüyü kredit vəsaiti hesabına) Gülhanə Xəstaxanasına getmiş, orada müayinə və müalicə olunmuş, kimyaterapiya və mədə əməliyyatı təyin edilmiş, kimyaterapiya kursuna tələb edilən dərmanları öz vəsaiti hesabına almış, Silahlı Qüvvələrin Baş X2 Bölməsində müalicə almış, müalicə bitdikdən sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gülhanə xəstəxanasında əməliyyat olunmuş, əməliyyat nəticəsində mədəsi tam götürülmüşdür. Əməliyyatdan sonra yenidən kimyaterapiya kursu təyin olunmuş, tələb olunan dərmanları öz hesabına alaraq Silahlı Qüvvələrin Baş X2 Bölməsində müalicə götürmüşdür. Müayinə, müalicə, mədə əməliyyatında, kimyaterapiya kursu üçün dərmanlara, 2 dəfə Ankara şəhərinə həyat yoldaşı ilə birlikdə gedib-gəlməyinə, xəstəxananın qonaqevində qalmağına və digər zəruri xərclərə görə 15000 (on beş min) manat məbləğində pul xərclənmişdir. Belə ki, bu məbləğ özünün və övladının banklardan götürdüyü kredit vəsaiti hesabına alınaraq xərclənmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin iddiaçının X5 şəhərində yerləşən Gülhanə Xəstəxanasına göndərilməməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəliyinin müalicəsi ilə əlaqədar çəkdiyi 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5/6423 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilməyinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə Tibb İdarəsində baxılmışdır. Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicənin davam etdirilməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən edilmiş müraciət məqsədəuyğun hesab olunaraq, 23 noyabr 2022-ci il tarixdən etibarən qeyd olunan xəstəxanada müalicəni davam etdirməyinə icazə verilmişdir. Sənədlərin hazırlanması və digər məsələlər ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə müraciət etmək tövsiyə edilmişdir. - Tibb İdarəsi rəisinin müavini – Baş Klinik Hospitalı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış 3304 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, daxil olmuş iddia ərizəsi öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı İsmət oğlu, 2020-ci ildə səhhətində yaranmış narahatlıqla bağlı Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, Kardiologiya bölməsində müayinə olunmuş və kafi vəziyyətdə evə buraxılmış, səhhətində yaxşılaşma hiss etmədiyindən, xx.xx.2020-ci il tarixdə yenidən hospitala müraciət etmiş, məlum olmuşdur ki, səhhətində yaranmış problem ürəyi ilə bağlı və müayinələr zamanı ona “İlkin mədənin xərçəngi” diaqnozu qoyulmuş və bununla iddiaçının ağır xəstəliyi həkimlərin biganəliyi və qeyri-peşəkarlığı nəticəsində düzgün qiymətləndirilmədiyindən iddiaçı vaxtında müalicəyə başlaya bilməmişdir. İddiaçı qoyulmuş “İlkin mədənin xərçəngi” diaqnozu öz təsdiqini tapdıqdan sonra müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına yerləşdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin mövcud pandemiya şəraiti ilə əlaqədar iddiaçının Türkiyəyə göndərilməsi mümkün olmadığından, İddiaçı öz hesabına Gülhanə xəstəxanasına getmiş və orada müalicə olunmuşdur. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı, avqust 2020-ci il tarixdə “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin Baş X1 bölməsində stasionar müayinə və müalicələrdə olmuş, aparılan müayinələr zamanı ona “İlkin mədənin xərçəngi” diaqnozu qoyulduğundan, xx.xx.2020-ci il tarixdə xəstəliyin təsdiqi üçün hospital rəsinin göstərişinə əsasən İddiaçı Milli Onkologiya Mərkəzinə göndərilmiş və sentyabr 2020- ci il tarixdə qeyd olunan xəstəlik öz təsdiqini tapmışdır. Milli Onkologiya Mərkəzində İddiaçı qoyulmuş “İlkin mədənin xərçəngi” diaqnozu öz təsdiqini tapdıqdan sonra o, keyfiyyətli müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına göndərilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin ərəfələrdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyindən Müdafiə Nazirliyinə daxil olmuş xx.xx.2020-ci il tarixli 5275- 16202-501 nömrəli məktuba əsasən koronovirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında icrası dayandırıldığından, İddiaçı müraciətinin təmin olunması mümkün olmamışdır. Bundan sonra İddiaçı öz vəsaiti hesabına Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına getmiş müayinə və müalicələrdə olmuşdur. X3 şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmaları, Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokoluna uyğun olaraq qarşılıqlı razılaşma əsasında tənzimlənir. Öz vəsaiti hesabına müalicə üçün fərdi qaydada müraciət etmiş şəxslərin (ehtiyatda, istefada olan hərbi qulluqçuların) müalicə xərclərinin Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı qeyd olunan protokolda hər hansı öhdəlik yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 2 Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ
1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər.
3. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir.
4. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər. 6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr 2014-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X4 X8 Haqqında Əsasnamə”nin 12.5.1-ci maddəsinə əsasən hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin müəyyən etdiyi qaydada göndərilə bilərlər. Həmin Əsasnamənin 12.5.3-cü maddəsinə əsasən hərbi hissədə və ya yaxındakı hərbi müalicə müəssisələrində tələb olunan təxirəsalınmaz tibbi yardımın göstərilməsi mümkün olmadıqda, xəstələr ehtiyac olan hallarda mülki müalicə müəssisələrinə göndərilə bilərlər. Hazırkı işin hallarındandan müəyyən edilir ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçudur. 23 noyabr 2022-ci il tarixdən Müdafiə Nazirliyi tərəfindən Türkiyə Respublikasında Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmuşdur. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gülhanə xəstəxanasında əməliyyat olunması və müalicəsi ilə əlaqədar öz vəsaiti hesabına çəkdiyi xərclərin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, iddiaçının müraciət dövründə (2020-ci il) koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə aparılan profilaktik tədbirlərlə bağlı olaraq Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol”unun icrası dayandırıldığından, şəxs öz hesabına müalicə almışdır. Belə olan halda iddiaçının Gülhanə xəstəxanasında əməliyyat olunması və müalicəsi ilə əlaqədar öz vəsaiti hesabına çəkdiyi xərclərinin ödənilməsi vəzifəsi qanunveriliciliklə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəsi və öhdəliyi kimi nəzərdə tutulmadığından iddiaçı 15 000 manat məbləğində pul vəsaitinin (iddia edilən müalicə xərclərinin) ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.