Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-312/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili X5, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1601/2022 saylı, 19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək, yaradıcılıq emalatxanasının 1990-cı ildən etibarən istifadəsində olmasını qeyd etmiş və məhkəmədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m. olan fərdi yaradıcılıq emalatxanası ilə bağlı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 19 iyun 2003-cü il tarixli 1251 nömrəli Sərəncamı əsasında artıq 31 ildir ki, istifadə etdiyi yaradıcılıq emalatxanası üzərində mülkiyyət hüququnun tanınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli imtina ilə bağlı cavab məktubunda (surəti əlavə olunur) bildirilir ki, “qeyd edilən qeyri yaşayış sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2948/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə aktı ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizəninin icrası tərəfimizdən mümkün olmamışdır.” Hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu tamamilə əsassızdır. Belə ki, zəruri sənədlər tərəfindən ərizəyə əlavə olunaraq xx.xx.2021-ci ildə İdarəyə təqdim olunmuşdur. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2948/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə aktı ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair etirazında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan mübahisə predmeti olan yaradıcılıq emalatxanası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, X3 İdarəsinin balansındadır. “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli 1251 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Hazırda iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, X3 İdarəsinin balansında olmaqla, güzəştli şərtlərlə yaradıcılıq emalatxanası kimi Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanına uyğun olaraq icarəsinə verilmişdir. İcarəyə verilmiş dövlət əmlakı “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilə bilər. Qeyd olunan Sərəncamın fərdi yaradıcılıq emalatxanalarının əvəzsiz olaraq Azərbaycan Rəssamlar ittifaqı üzvlərinin istifadəsinə verilməsi ilə bağlı müddəaları hazırkı mübahisə predmeti olan əmlaka münasibətdə tətbiq edilə bilməz. Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8510/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1601/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci hissəsində Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci hissəsi ilə Sərəncamın birinci hissəsinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının və Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanalarının üzərində onların mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Qeyd edilən Sərəncamla dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi nəzərdə tutulsa da, bunun əvəzsiz qaydada edilməsi nəzərdə tutulmamışdır. Sərəncamda yalnız Azərbaycan Rəssamlar İttifaqının balansında olan yaradıcılıq emalatxanalarının ittifaqın üzvlərinə əvəzsiz verilməsi müəyyən edilmişdir. İddianın predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan mübahisə predmeti olan yaradıcılıq emalatxanası Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, X3 İdarəsinin balansındadır və bu fakt məhkəmə araşdırması zamanı da sübut olunmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olduğundan, həmin əmlak “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq yalnız dəyəri dövlət büdcəsinə ödənilməklə xüsusi mülkiyyətə verilə bilər. Qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə) təqdim edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq izahatında bildirdi ki, iddiaçı görkəmli rəssamdır, müəllifi olduğu əsərlər Müasir incəsənət Muzeyində nümayiş etdirilmiş, dövləti beynəlxalq sərgilərdə dəfələrlə layiqincə təmsil etmiş, hazırda da qədim mədəniyyət ocağı olan Şuşa şəhəri üçün əsərlər hazırlayır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının da məqsədi məhz iddiaçı kimi mədəniyyət xadimlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m. olan fərdi yaradıcılıq emalatxanası üçüncü şəxs tərəfindən icarə müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. Həmin emalatxana Azərbaycan Rəssamlar İttifaqının balansında deyildir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun sənədlərin təqdim edilməməsi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina etdiyindən, hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək onun istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanasına dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş müxtəlif tarixlərdə bağlanılmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqavilələrindən aydın görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 86 kvm təşkil edən, Mənzil Kommunal Təsərrüfatı departamenti, İnzibati binaların İstismar İdarəsinin balansında olan qeyriyaşayış sahəsi yaradıcılıq emalatxanası məqsədilə 2002-ci ildən İddiaçı müddətli istifadəyə verilmiş, hazırda da onun istifadəsindədir. Qeyri-yaşayış sahəsinin emalatxana kimi istifadə olunması işin mübahisələndirilməyən halıdır. Belə ki, 3-cü şəxsin səlahiyyətli nümayəndəsi də öz izahatında sözügedən sahənin məhz təyinatına uyğun istifadə edildiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmişdən qabaq üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının istifadəsinə verilmiş emalatxana dövlət əmlakıdır, istinad edilən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 1251 nömrəli Sərəncamı yalnız Azərbaycan Rəssamlar ittifaqının balansında olan yaradıcılıq emalatxanalarının ittifaqın üzvlərinə əvəzsiz verilməsini müəyyən etmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilməklə özəlləşdirilməsi mümkündür. Məhkəmə kollegiyası qeyd edilən dəlillərlə razılaşmır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adıçəkilən Sərəncamı təhrif olunmuş qaydada şərh edir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bir qayda olaraq qeyd etdikləri əsaslı olsa da, hazırki halda situasiya fərqlidir. Belə ki, iddiaçı rəssam İddiaçı Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İstinad edilən Sərəncam da məhz incəsənət xadimlərinin yaradıcılıq fəaliyyətini daha da stimullaşdırmağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 19 iyun tarixli, 1251 nömrəli Sərəncamında aşağıdakılar təsbit olunmuşdur: “Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin. 2.Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar X6 14 iyul 2000-ci il tarixli qərarı ilə İttifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququ müvafiq qaydada rəsmiləşdirsin.” Göründüyü kimi, Sərəncamda Azərbaycan Rəssamlar X6 qərarı ilə İttifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları ilə yanaşı həmin Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları üzərində mülkiyyət hüququnun müvafiq qaydada rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Yəni sərəncamla üçüncü şəxsin mövqeyindən fərqli olaraq istifadəyə verilmiş emalatxanaların hansı orqanın balansında olması fərqləndirilməmiş, əksinə həm dövlət mülkiyyətində olan, həm də Azərbaycan Rəssamlar İttifaqının balansında olan və istifadəyə verilmiş fərdi yaradıcılıq emalatxanalarının mülkiyyətə verilməsindən bəhs olunur (Sərəncamın 2-ci bəndi). Üçüncü şəxs isə sözügedən Sərəncama əsasın dövlət mülkiyyətdə olan və fərdi yaradıcılıq emalatxanası kimi istifadəyə verilmiş qeyri-yaşayış sahələrinin yalnız dəyəri ödənilməklə özəlləşdirilməsində israr edir. Halbuki sözügedən Sərəncamda istifadəyə verilmiş fərdi yaradıcılıq emalatxanalarının dəyəri ödənilməklə özəlləşdirilməli olduğu qeyd edilməmişdir. Sərəncamda qeyd edilmiş “qanunvericiliyə uyğun olaraq”, “müvafiq qaydada rəsmiləşdirilsin” ifadələri də həmin anlama gəlməməlidir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, əgər üçüncü şəxsin qeyd edikləri kimi olsa idi, mədəniyyəti xalqın böyük sərvəti hesab edən uzaqgörən siyasətçi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəssamları və heykəltəraşlarının yaradıcılıq fəaliyyətləri üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədilə qəbul etdiyi sözügedən Sərəncamın əhəmiyyəti qalmazdı. Sərəncamda qeyd edilmişdir ki, həmin sərəncamın verilməsində məqsəd Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq dövlət tərəfindən onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaqdır. Belə olan halda dövlət tərəfindən rəssam və heykəltəraşların mülkiyyətinə verilməsi nəzərdə tutulan əmlakların dəyərinin ödənilməli olmasına dair üçüncü şəxsin mövqeyi sərəncamın məqsədinə uyğun deyil. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, cavabdehin imtinası və apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1601/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov