Məhkəmə qərarları › İş №2-1(103)-312/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-312/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-312/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5096/2023 nömrəli 01 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması və pul məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cəlb edilməsi, 2016-cı ilin mart ayından bugünə kimi faiz artımları, əlavələri, indeksləşmələri nəzərə alaraq pensiyasının yenidən hesablanması, pensiyası hesablanarkən iki ildən artıq olaraq əmək haqqının 1400-1500 manat olduğunun nəzərə alınması, ondan qeyri-qanuni tutulan pulların geri qaytarılması, 6 ildən artıq işlədiyinə görə pensiyası yenidən hesablanması, 6 ildən artıq işlədiyindən əlavə yenidən 1 il artıq yenidən hesablanması, ödəniləcək pulların yenidən hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5096/2023 nömrəli 01 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı əmək pensiyası məbləğindən artıq ödəmə kimi tutulmuş 202,95 manat pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının yenidən hesablanması və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5096/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı əmək pensiyası məbləğindən artıq ödəmə kimi tutulmuş 202.95 manat pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Filiala həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-5096/2023 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə iddiaçının tələbinin “ondan tutulan pulların geri qaytarılması” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona ödənilən yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə Filialda baxılmış və müraciətə cavab olaraq ona xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktub ünvanlanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin olunan tarixdən 6 il və daha çox işlədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 6 il sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan 7485,12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq onun əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 420,19 manat müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3218/2019 nömrəli qərarına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək iddiaçının təhsil aldığı illər və Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında olan əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 34 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 9 il 3 ay sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan 2766,24 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyasının məbləği artımlar, əlavələr, indeksləşmələr nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin Filial tərəfindən araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə Qanunun 26.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2766,24 manat olduğu halda texniki səhv olaraq 4435,20 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Həmin artıq ödəmədən iddiaçıdan ümumilikdə 202.95 manat məbləğində pul tutulmuşdur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş əmək pensiyasından əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Beləliklə, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş, həmin qərar əsasında iddiaçının əmək pensiyasından ümumilikdə 202.95 manat məbləğ tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun ‘Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5096/2023 nömrəli 01 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı əmək pensiyası məbləğindən artıq ödəmə kimi tutulmuş 202,95 manat pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda cavabdeh həmin qərarı iddianın təmin edilmiş hissəsində (artıq ödəmə kimi tutulmuş məbləğin geri qaytarılması) mübahisələndirərək ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. İş materiallarında olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təiyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.1-ci maddəsinə əsaən pensiya təyin olunan tarixdən 6 il və daha çox işlədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək 6 il sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan 7485.12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 420.19 manat müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3218/2019 nömrəli qərarına əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı illər və Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Füzuli rayon Mərkəzi Xəstəxanasında olan əmək fəaliyəti dövrü də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək 34 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək 9 il 3 ay sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan 2766.24 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixində Qanunun 26.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsidnə qeydə alınan pensiya kapitalı 2766.24 manat olduğu halda texniki səhv olaraq 4435.20 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin olunan tarixdən 6 il və daha çox işlədiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 6 il sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan 7485,12 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq onun əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 420,19 manat müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3218/2019 nömrəli qərarına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək iddiaçının təhsil aldığı illər və Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1978ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında olan əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 34 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 9 il 3 ay sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan 2766,24 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyasının məbləği artımlar, əlavələr, indeksləşmələr nəzərə alınmaqla hesablanmışdır. Əlavə olaraq iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin cavabdeh tərəfindən araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə Qanunun 26.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2006cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2766,24 manat olduğu halda texniki səhv olaraq 4435,20 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Həmin artıq ödəmədən iddiaçıdan ümumilikdə 202,95 manat məbləğində pul tutulmuşdur. Göründüyü kimi, iddiaçının əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cavabdeh tərəfindən səhv hesablanması nəticəsində əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmiş, həmin artıq ödəmə iddiaçıdan tutulmuşdur. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işində və inzibati icraat materiallarında olan sənədlərdən, eləcə də məhkəmə iclasında araşdırılmış digər sənədlərdən görünür ki, artıq ödəmənin iddiaçıdan tutulması barədə qərar qəbul edilməmişdir. Qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilmədiyi hallarda («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda) onun barəsində ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır və məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində (hesablanması) iddiaçının təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası da ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5096/2023 nömrəli 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar