Məhkəmə qərarları › İş №2-1(103)-3122/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3122/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3122/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdeh tərəfin (prosessual hüquq varisinin) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2 “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə cavabdehin “yeni açılmış hallarla bağlı ərizəsinə dair Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3281/2014 saylı 15.03.2021-ci il qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İ. İddiaçı Məmməd oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və yaranmı pensiya fərqinin birdəflik ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3281/2014 saylı, 25.10.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə 01.01.2006-cı il tarixdən əmək pensiyası təyin edilməsi və 01.01.2006-cı il tarixdən 22.09.2007-ci il tarixədək olan dövr üçün təyin olunmuş v pensiyanın məbləğinin, 22.09.2007-ci il tarixdən təyin təyin olunmuş əmək pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbycan Respublikası Qanunun 10-cu və 27-ci maddələrinin 01.01.2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə olunmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə mindikdən sonra məhkəmənin 08 dekabr 2014-cü il tarixli məktubu ilə icra olunması üçün cavabdeh orqana göndərilmişdir. İİ. 13.02.2020-ci il tarixində cavabdeh yeni açılmış hallara dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.10.2014-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “...araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Məmməd oğlu rəsmi məlumatlara əsasən 16.10.2005ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57, mənzil 5 ünvanında qeydiyyatda olduğu halda, pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazsində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi ərizəsi ərizəsi 07 iyul 2014-cü il tarixdə şöbədə qeydiyyatdan keçirilmiş, bununla da “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi saxtalaşdırılmışdır. Pensiya işinə əlavə edilmiş saxtalaşdırılması ehtimal olunan “Azneftkimyamaş ASCnin “Bakı neft maşınqayırma zavodu” tərəfindən verilmiş 27.12.2013-cü il tarixli KŞ-10/155 saylı izahlı arayışda 14.06.1978-31.08.1993-cü illərdə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi göstərilmiş, lakin pensiya işinə tikilmiş notarial qaydada təsdiq edilmiş əmək kitabçasının surətində işlədiyi təşkilatın adı qeyd olunmamışdır. Həmçinin, sözügedən arayış sədr E.Vəliyev adlı şəxs tərəfindən imzalansa da həmin sənədin üzərinə təşkilatın əsas möhürü deyil, kadrlar şöbəsinin möhürü vurulmuşdur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə ƏƏSMN tərəfindən müvafiq materiallar Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, həmin İdarə tərəfindən cinayət işi açılaraq istintaqı aparılır...” İİİ. Cavabdehin ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi prosessual hüquq varisi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3 ilə əvəz edilmişdir. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3281/2014 saylı 15.03.2021-ci il qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3281/2014 saylı, 25.10.2014-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. İV. İddiaçı Məmməd oğlu apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “qərardad əsassızdır. Belə ki, məhkəmə, qərardad qəbul edərkən yeni açılmış hallar kimi iddiaçının fərqli yerlərdə yaşayış yerinin olmasını, təqdim etdiyi əmək kitabçasındakı məlumatların mötəbərliyinə şübhə yaranmasını, DSMF-nin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işinin başlanmasını, DSMF-nin dövlət büdcəsindən maliyyələşdirildiyini nəzərə alaraq onun maraqlarının vətəndaşın hüquq və azadlıqlarından daha üstün olmasını əsas götürmüşdür. Məhkəmə tərəfindən tədqiqat aparıldıqdan sonra yekun qərar qəbul edilmişdir. Məhkəmə tədqiqatının aparılmasına dair iradların bildirilməsi ən azından dövlətin adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlik kimi qəbul edilməlidir. Bununla da dövlət orqanı icrası məcbkri olan və qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından yayınma məqsədini güdmüşdür. 1-ci və 2-ci arqumentlə bağlı şəxsin müxtəlif ünvanda qeydiyyatda olması ona təyin olunmuş pensiyanın əsaslılığına şübhə yaradan amil olmamalıdır. Belə ki, iddiaçı pensiya hüququnun yarandığını bilib DSMF-nin istənilən orqanına müraciət edə bilər. Əgər həmin müraciət aidiyyəti üzrə orqanın səlahiyyətinə aiddirsə o zaman qanunvericiliüyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə müvafiq ərazi şöbəsinə göndərilməli idi. İş materiallarından görünür ki, məhkəməyə müraciətdən əvvəl iddiaçı öncə DSMF-nin Suraxanı rayon şöbəsinə ərizə ilə müraciət etmiş, məhz, iddia ərizəsi də məhkəməyə imtinanı verən həmin şöbəyə qarşı verilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən şəxsin əmək stajını təsdiq edən sənəd əmək kitabçasıdır ki, onun da qeydlərinin mötəbər olmamasına dair tutarlı bir sübut məhkəməyə təqdim edilməmişdir. 3-cü arqumentlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində məhz, İddiaçı barəsində cinayət işinin olmasına dair hər hansı sübut yoxdur. Bundan başqa, hətta olsa belə onun cinayət törətməsini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərparı yoxdur. 4-cü arqumentlə bağlı qanunvericiliyə görə məhkəmə ədalət mühakiməsini həyata keçirən orqandır. Cavabdeh orqan 6 il öncə qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməməmk üçün hər cür vasitəyə əl atmışdır. Birinci instansiya məhkəməsi dövlət orqanının əsassız və qanunsuz ərizəsinə hüquqi don geyindirmək üçün dəridən qabıqdan çıxmışdır. Cavabdehin qeyd etdiyi hallar işə baxılarkən DSMİF-yə məlum olduğundan İPM-in 103.1-ci maddəsi ilə müəyyən olunmuş 3 (üç) aylıq müddət buraxılmış, 6 ildən sonra məhkəməyə ərizə ilə müraciət olunmuşdur. Məhkəmə, təhükəli praktika yaratmaqla, hüquqi müəyyənlik prinsipini pozmuşdur Belə ki, bu mövqey ilə istənilən inzibati orqan vaxtı ilə qanuni qüvvəsini almış qərara qarşı, mübahisəyə tam şəkildə baxılmadığını əsas gətirməklə, yeni açılmış hallarla bağlı ərizə verə bilər...” V. Məhkəmə kollegiysının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin (prosessual hüquq varisinin) nümayəndəsi N.Məmmədova iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, yeni açılmış hallara dair ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Vİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və cavabdehin yeni açılmış hallara dair ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü madəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat o halda, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər ki, sonradan, yeni sübutların və ya halların aşkar edilsin və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Lakin konkret halda, iddiaçının ərizəsinə əsasən belə halların mövcudluğu müəyyən olunmur. Belə ki, ərizədə yeni açılmış hal kimi bəyan edilən 1-ci hal ondan ibarətdir ki, rəsmi məlumatlara əsasən iddiaçının 16.10.2005-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57, mənzil 5 ünvanında qeydiyyatda olduğu halda, pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazsində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan 07 iyul 2014-cü il tarixində onun ərizəsi “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbləri pozulmaqla şöbədə qeydiyyatdan keçirilmişdir (Qanunun qeyd olunan 30.1-ci maddəsinin isə görünür ki, əmək pensiyası ərizəçinin daimi yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.) Birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının cavabdeh orqana həm də məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinə əsasən rəsmi qeydiyyatda olduğu yer - ünvan 3 ünvanıdır. Cavabdeh AR DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən də, məhz, pensiya təyinatı baərədə iddiaçının ərizəsinə imtina cavabı iddiaçının həmin ünvanına göndərilmişdir. İşə baxılarkən isə iddiaçının həmin şəxsiyyət vəsişəsinin saxtalığı və ya qeydiyyatda və ya faktiki yaşadığı ünvan mübahisə predmetini təşkil etməmişdir. Bundan əlavə, həmin vaxt DSMF, onun tabeliyində və daimi nəzarəti altında olan rayon şöbələrini özündə cəmləşdirən vahid bir mərkəzi icra hakimiyyəti orqanı kimi fəalimyyət göstərmişdır. Bu baxımdan, Fondun idarəetməsi altında yerləşən istənilən struktur vahidində hər şansı şəxsə pensiya təyin edildiyi halda, digər struktur vahidində təkrar pensiya təyin edilməsi halını istisna edir. Digər tərəfdən, məhkəmə araşdırmasının predmetini təşkil edən mübahisələndirilən məsələ iddiaçının pensiyasının ona 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və bununla bağlı onun əmək pensiyasının yenidən hesablanması tələbi təşkil etmiş, məhz, bu məsələ ətrafında da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi, həqiqliyi mübahisələndirilməyən əmək kitabsasının surəti, arxiv və izahlı arayışlar, hərbi bileti, cavabdehin imtinası və onun iddia ərizəsinə etirazı, pensiya işindən çıxarışlar tədqiq edilərək, müvfaiq qiymətləndirilmədən sonra 25.10.2014-cü il tarixli qərarıla İddia təmin edilmişdir. Beləliklə də, cavabdehin istinad etdiyi - iddiaçının rəsmi qeydiyyat yeri ilə bağlı iddia tələbinin mahiyyətə dəlalət etməyən bir halın, iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mükünsüzdür. Ərizəçinin, cavabdeh orqana və məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin “Bakıneftmaşınqayırma zavodu” tərəfindən verilmiş 27.12.2013-cü il tarixli KŞ-10/155 saylı izahlı arayışında və əmək kitabçasının surətində işlədiyi təşkilatın adının qeyd olunmamadığına və həmin arayışın “sədr E.Vəliyev” adlı şəxs tərəfindən imzalansa da üzərinə təşkilatın əsas möhürü deyil, kadrlar şöbəsinin möhürü vurulduğunu bildirdiyi halın da yeni hallar da yeni açılmış hallar kimi qəbulolunmazdır. Çünki, adıçəkilən sənədlər də, yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırımasının obbyektlərini təşkil etmiş, cavabdeh tərəfindən nə imtina məktubunda, nə də ki iddia ərizəsinə etirazında mübahisələndirilməmişdir. Ərizəçinin istinad etdiyi - iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə ƏƏSMN tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işi açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmə ittiham hökmü mövcud olmadığı halda, yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür. Göründüyü kimi, ərizəçinin cavabdehin ünvanı, həm də onun təqdim etdiyi izahlı arayış və əmək kitabçası bağlı istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.10.2014-cü il tarixdə qəbul etdyi yekun məhkəmə qərarında qiymət verilmişdir. Həmin qərarın qəbul edilməsindən cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (13.02.2020) qədər isə 6 ilə yaxın bir müddət keçmişdir. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbindən isə göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, ərizədə göstərilən hallara düzgün hüquqi qiymət verilməmiş, prosessual qanunvericiliyin tələbləri düzgün təfsir olunmamış, bütün bunların nəticəsi olaraq məhkəmə, iş üzrə icraatın təzələnməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3281/2014 saylı 15.03.2021-ci il qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və İPM-in 35.1 və 35.3-cü maddələrinin tələbləri baxımından, yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, həmin qərardad ləğv edilməli və ərizəçinin yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılmaması barədə yeni qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmməd oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3281/2014 saylı 15.03.2021-ci il qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar