Məhkəmə qərarları › İş №2-1(103)-3122/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3122/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3122/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1666/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-1666/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadı ilə iddia cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-1666/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1666/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, guya ki, iddiaçı iddia tələbində göstərilənlərlə bağlı məhkəməyə sübut, sənəd təqdim etməmişdir. Bu, tam yalandır, həqiqətə uyğun deyildir, o, müharibə veteranı adının verilməsi ilə bağlı məhkəməyə bütün sənədləri, sübutları təqdim etmişdir, lakin məhkəmə həmin sübutlara əhəmiyyət verməmişdir. İddiaçı özbaşına cəbhə bölgəsinə getməmişdir, onu ora idarə aparmışdır. Əgər ona veteranlıq verilməli deyildirsə, onda iş yoldaşları belə bir əmrdən çıxarış əsasında veteranlığı necə alıblar, bunu hakim araşdırmamışdır. Ona görə hesab edir ki, onun veteranlıq hüququ bərpa edilməlidir. O, 1993-cü illərdə Qlavbakstroy Bakı baş tikinti İdarəsinin nəzdində ixtisaslaşmış mexanizasiya idarəsinin SUM 8 saylı qarajında sürücü vəzifəsində işləyirdi. Onları 1993-cü ildə Beyləqan rayonu Xaçınstroy kəndinə ezam etdilər. Həmin kəndə orduya kömək etmək üçün ezam olunmuşdur. Belə ki, Martuni tərəfdən hücum gözlənilirdi və həmin hücumun qarşısını aldılar. İddiaçı öz üzərinə düşən missiyanı layiqli yerinə yetirmişdir. O, həmin illərdə Bakı üzrə Qlavbakstroy Baş Tikinti İdarəsinin ümümi 60 nəfər ilə birlikdə ora ezam olunmuşdur. Onların idarəsindən də təxminən 15-20 adam ora getmiş, içərisində iddiaçı olmaqla. Onunla gedən bütün yoldaşlarının hamısı veteranlıq statusu almışlar, hər ay 80 manat pul alırlar, o isə o gün bu gün həmin pulu ala bilmir. Ora getməsi haqqında arayışı və əmrdən çıxarışı hakimə göndərmişdir. O, döyüşlərdə fəal iştirak etdiyinə görə Veteranlar cəmiyyətinə üzv qəbul olunmuşdur. O, faktiki 80 manat ala bilmir. Özü xəstə, 2ci qrup əlildir, o vaxtan ayaqları yerimir, maddi vəziyyəti ağırdır, özü əməliyyat olunmuşdur. Onunla olan bütün bu yoldaşlar veteranlıq statusunu almışlar, 80 manatdan yararlanırlar. O, 1993-cü ildən bu vaxta kimi xəstə, 2-ci qrup əlildir. Ayağından, belindən əməliyyat olunmuşdur. Cənab Prezident öz çıxışında demişdir ki, ordumuzun əsgərlənin zərrə qədər köməyi olanlara hamısına veteranlıq statusu verilsin. İddiaçı isə Sabunçu rayon veteranlar cəmiyyətinin üzvüdür, idarədən aldığı arayışı və vəsiqənin sürəti və iddiaçının Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini təsdiq edən 3 nəfərin notariat qaydada təsdiq olunmuş ərizələri də vardır. Bundan başqa iddiaçının həmin döyüş bölgəsində olduğuna dair arayışı və ərizələri məhkəməyə göndərmişdir. Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Lakin hər iki qurum bu işi öz boyunlarından atırlar. İddiaçı orada olan vaxtı N və N saylı hərbi hissə, bir də N və ya N saylı hərbi hissənin əsgərləri ilə bir yerdə olmuşlar. Beyləqan Haramı düzü, yəni Xaçınstroy, X7 ərazisində olmuşdur. Bunlar hamısı bir ərazidir, həmin zonada istehkamın, blendajın qurulmasında fəal iştirak etmiş, öz üzərinə düşən missiyanı yerinə yetirmişdir. İddiaçı öz xoşu ilə ora getməmiş, onu ora göndəriblər, o da xx.xx.1993-cü il tarixli 257 saylı əmrə əsasən ora getmişdir. Bilmir Müdafiə Nazirliyinin əmridir, yoxsa idarənin daxili əmridir. İddiaçı faktiki olaraq orada olmuş, iştirak etmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış 30 iyun 2022-ci il tarixli, 4/3-7500 saylı məktubdan görünür ki, hərbi qulluqçu statusuna malik olmadığına görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış müvafiq komissiyaya müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 27 aprel 2022-ci il tarixli məktubdan görünür ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrim sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Odur ki, döyüş əməliyyatlarında iddiaçının iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarıal qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona "müharibə veteram" adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti Bakışəhərtikintimexanikləşdirmə trestnin 8 №li İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən təsdiq edillmiş 29 fevral 2000-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də həmin idarədə sürücü vəzifəsində işləyir. Arayışa sonradan əlyazma üsulu ilə “və Azərbaycan Respublikasının suverenliyi uğrunda Beyləqan şəhərində gedən döyüşlərdə iştirak etmişdir (əmr №257, xx.xx.1993) qeydi aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 sentyabr 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Baş Tikinti İdarəsinin sənədləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinə daxil olmadığından və məktubda hansı hərbi hissəyə ezam olunması göstərilmədiyindən İddiaçı barəsində araşdırma aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin dekabr 1993-cü il tarixli əmrlərində Bakı Baş Tikinti İdarəsinin işçilərinin Beyləqan rayonunun Xaçınstroy kəndinə ezam edilməsi barədə məlumatın aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 24 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, “Bakıbaştikinti” Bakı şəhər tikinti mexanikləşdirmə trestinin 8 №li İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 24 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 1993-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1993-cü il tarixli, 257 saylı əmri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin birinci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin birinci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»də qeyd olunan tarixlərdə və ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilir. İddiaçı sürücü işlədiyi Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti Bakışəhərtikintimexanikləşdirmə trestinin 8 №li İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş təminatının həyata keçirilməsi ilə bağlı Beyləqan rayonuna ezam olunması və orada mühəndis istehkam qurğularının qurulmasında iştirak etməsini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 29 fevral 2000ci il tarixli arayış, ayrı-ayrı şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələri isə hazırki inzibati iş üzrə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini, habelə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Bakı Baş Tikinti Bakışəhərtikintimexanikləşdirmə trestnin 8 №li İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin 29 fevral 2000-ci il tarixli arayışda onun Azərbaycan Respublikasının suverenliyi uğrunda Beyləqan şəhərində gedən döyüşlərdə iştirak etməsi qeyd olunur. Lakin qanunverici şəxsin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün istənilən hərbi hissəyə və ya orqana yox, məhz döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunması şərtini qoyur. Hazırkı işdə isə iddiaçıya verilmiş arayışda onun hansı hərbi hissəyə və orqana ezam edilməsi göstərilmədiyindən bu şərtin ödənildiyi təsdiq olunmur. Həmçinin Əsasnamənin birinci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində Beyləqan şəhəri döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına aid edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1666/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar