Məhkəmə qərarları › İş №2-1(103)-3123/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3123/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3123/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı "mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7571/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 16 A-ailəvi yataqxanada 30 ildən çoxdur ki qeydiyyatdadır. Qeydiyyatda olduğu ünvanda onun mənzili yoxdur və olmayıb. Ümumiyyətlə evi yoxdur, olması üçün də bütün cəhdləri heç olub. İİ qrup gözdən əlildir, 5 ildən artıqdır ki görmə məhdudiyyəti ilə klinikalarda müalicələrdə qalmışdır. Ən ağır diaqnoz altında çoxsaylı cərrahi əməliyyatlar keçirmişdir. Davamlı olaraq gözlərinə iynələr vurulur. Prezidentin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən mənzillə təmin olunmaq məqsədilə, gözdən əlil olaraq güzəştli mənzil növbəsinə dayanmaq üçün 2024-cü ilin avqust ayında Bakı Şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, ərizəyə cavab olaraq çatışmayan və təqdim etmədiyi daha 2 sənəd istənilmişdir. O, həmin sənədləri də hazırlayıb yenidən ərizə ilə müraciət etmiş, lakin imtina olunmuşdur. Mənzil növbəsinə götürülməməyinin əsası oğlunun adında əmlak olması göstərilmişdir. Halbuki o, ümumiyyətlə oğlu ilə yaşamır, bacısının evində, bacısının köməkliyi ilə yaşayır. Fiziki iş görməklə yanaşı xəstəliklərindən dolayı da problemləri var deyə əlavə köməyə və qayğıya ehtiyac duyur. Oğlunun əmlakının isə ona heç bir aidiyyəti yoxdur. Bu gün ağır durumda yaşayır. Bacısının evi də uçulub dağılıb, istəyən gəlib yerində komisyon yoxlama keçirə bilər. 30 ildən artıq müddətdə yataqxanada qeydiyyatda olmağı, həmin yataqxanada mənzilinin olmaması, İİ qrup gözdən əlil olması kifayətdir ki, güzəştli mənzil növbəsinə götürülərək mənzillə təminatına imkan verilsin. Bakı Şəhəri Cavabdehndə 2025-ci ilin yanvar ayında qəbulda da olmuş, lakin oğlunun adına daşınmaz əmlakın olduğunu bir daha vurğulamışlar. Belə çıxır ki, Prezident bu Fərmanı tənha adamlar üçün verib, yəni övladı olmayanlar üçün. Bu nə yanaşmadır anlaya bilmir, ədalətsizlik olduğuna əmindir. Odur ki, məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7571/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Prezidentin məlum sərəncamında (xx.xx.2019-cu il tarixli sərəncamı) belə bir ifadə yoxdur ki, yaxın qohumların adında əmlak varsa növbəyə götürülməsin. Məhkəmə qərarında yerli icra hakimiyyəti orqanlarının səlahiyyətini vurğulayır. Ev növbəsinə dayanmaq üçün, mənzil almaq üçün şəhid ailəsi olmaq lazımdır, mütləqmi qazi, müharibə əlili olmaq lazımdır ki, insan mənzil sahibi olsun. Doğrudur İnzibati Məhkəmənin qərarında qeyd edilib ki, iddiaçıya əlillik 2 illik verilib. Bu doğrudur. Bu ilin dekabr ayında iddiaçı yenidən tibbi ekspertizadan keçməlidir, amma diaqnozu çox ağırdır və geri dönüşü olmayan xəstəliklər siyahısındadır. Az öncə cənab X7 də bu barədə sərəncamı oldu. Birmənalı olaraq geri dönüşü olmayan xəstəliklərə əlillik təyinatı müddətsiz, yəni ömürlük veriləcək. X7 xx.xx.2019-cu il tarixli Sərəncamı ölkəmizdə gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin mühüm istiqamətlərindən biri də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Belə bir humanist Sərəncamın icrası dövlət orqanları üçün priaritet olmalı, heç bir süründürməçiliyə və əngələ yol verilməməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İŞİN HALLARİ: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ikinci dərəcəli gözdən əlilldir və bu əsasla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının ailə üzvü olan oğlunun mülkiyyətində daşınmaz əmlak olması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı oğlunun mülkiyyətində daşınmaz əmlakın olduğunu mübahisələndirmir, lakin özünün oğlu ilə birgə yaşamamasını, bacısı ilə birlikdə yaşadığını bildirir. İşdə olan Bakı Şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ailə üzvü olan övladı X1 adına Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5, Abşeron rayonu Xırdalan şəhəri Ş.Ələkbərova küçəsi 4 nömrəli fərdi yaşayış evi (6 otaq, ü/s 196,9 kv.m, y/s 90 kv.m, yerləşdiyi 0,04 ha torpaq sahəsi) və Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları mövcuddur. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı yaşayış sahəsinə malik olduğundan mənzil növbəsinə qəbul edilməsi üçün hüquqi əsas yoxdur. İşdə olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1996-cı ildən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 1 saylı Bakı "ASAN" Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3849 nömrəli "Ailə tərkbi haqqında" arayışdan müəyyən edilir ki, iddiaçının ailə tərkibi bir nəfər oğlu X2r. İşdə olan Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçının ailə üzvü olan oğlu X1 adına Abşeron rayonu Xırdalan şəhəri Ş.Ələkbərova küçəsi 4 nömrəli fərdi yaşayış evi (6 otaq), Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5 ünvanda yerləşən mənzil dövlət reyestrində qeydə alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu (xx.xx.2018-ci ilədək qüvvədə olan):

43. əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu: 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

"Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə: 4.6.9. Əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8. Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırkı iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə onun müraciətinə imtina edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 5-16/2-13-72- 068/24 nömrəli imtina məktubunda bildirilmişdir ki, İddiaçı ailə üzvü olan övladı X1 adına Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5, Abşeron rayonu Xırdalan şəhəri Ş.Ələkbərova küçəsi 4 nömrəli fərdi yaşayış evi (6 otaq, ü/s 196,9 kv.m, y/s 90 kv.m, yerləşdiyi 0,04 ha torpaq sahəsi) və Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları mövcuddur. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı yaşayış sahəsinə malik olduğundan mənzil növbəsinə qəbul edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının yeganə ailə üzvü xx.xx.2003-cü il təvəllüdlü (22 yaş) oğlu X2r. X4 hazırda subaydır və onun mülkiyyətində Bakı şəhərində mənzil, Xırdalan şəhərində fərdi yaşayış evi və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı oğlu ilə birlikdə yaşamamasını və bacısı ilə birlikdə yaşadığını bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı oğlunun atası ilə 2006-cı ildə məhkəmə qaydasında boşandığını və həmin vaxt uşağın atasında qaldığını qeyd etsə də, uşağın atasında qalmasının qətnamə ilə müəyyən edilmədiyini və uşağın saxlanması üçün keçmiş ərinin ondan aliment tələb etmədiyini də bildirdi. Göründüyü kimi, iddiaçı oğlunun mülkiyyətində olan daşınmaz əmlaklardan istifadə hüququnun olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, sosial müdafiəyə ehtiyacı olan şəxs sayılmasını sübuta yetirməmişdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Bununa yanaşı, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsi, habelə mənzil uçotuna götürülmə qaydaları konkret olaraq müəyyən edilmişdir və iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə daxil deyildir. Ona görə də iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7571/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar