Məhkəmə qərarları › İş №2-1(103)-3124/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3124/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3124/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “istismara qəbul aktının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsinin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2517/2518, 1 nömrəli binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamına əsasən maddi vəziyyətinin ağırlığını nəzərə alaraq ona Q.Qarayev prospekti, 37 saylı binanın yaxınlığında çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilmişdir. 2001-ci ildə abadlıq işləri ilə əlaqədar Q.Qarayev prospektinin ümumi görünüşünə xələl gətirən obyektlərin sökülməsi zaman sosial durumu nəzərə alınaraq obyektin məhəllədaxili yolun kənarına, Q.Qarayev prospekti, ev 1, məhəllə 2517/2518 ünvanına köçürülməsinə icazə verilmişdir. O, qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi təqdim etmək üçün lazım olan sənədləri yığmışdır. Lakin çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən İstismar aktı bəhanələrlə ona təqdim edilmir. Belə ki, cavabdeh istismara icazə sənədini təqdim etməmək üçün Nizami Rayon İcra Hakimiyyətinin 769 saylı, xx.xx.1999-cu il tarixli sərəncamını əsaslandırmışdır. Lakin Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli məktubuna isə əhəmiyyət verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2020-ci il tarixli 03/07-525 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2019-cu il tarixli 957 nömrəli rəyində sözügedən ünvanda obyektin 2000-ci illərdə tikinti sahəsi 48,72 kv.metr olan 1 mərtəbəli inşa olunması göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin verdiyi xx.xx.2019-cu il tarixli Ö/002724 nömrəli İstismara hazırlıq Aktında obyektin tikinti sahəsinin 54,5 kv.metr ölçüdə göstərildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 309 nömrəli qərarının tələblərinə uyğun obyektin istismarına icazə verilməsi üçün sifarişçi tərəfindən tikinti sənədləri tam həcmdə təqdim olunmadığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə uzun müddət istismar vəziyyətində olan obyektin tikintisinə icazə sənədi olmayan mövcud tikinti obyektinin istismara icazə sənədinin verilməsinin nəzərdə tutulmadığı qeyd edilmişdir. Eyni zamanda, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2517/2518, 1 nömrəli binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin yerləşən tikinti sahəsi 54,5 kv.m olan 1 mərtəbəli tikinti obyektinin istismarına icazə verilməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1-ci hissəsində qeyd olunan tikintiyə icazə, xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin müvafiq təşkilatlar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, tikinti obyektinin sanitar-gigiyena və sanitarepidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; tikinti obyektinin ünvanı haqqında arayış, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı, obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış və o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na uyğun olaraq tikinti obyektinə dair kod təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş “Qara Qarayev prospekti, 37 saylı binanın yaxınlığında çörək və ərzaq satışı mağazasının yaradılmasına icazə verilməsi barədə” Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı hazırkı ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı deyil, digər ünvanda mövcud olmuş və prospektin ümumi görünüşünə xələl gətirməsi səbəbi ilə sökülmüş digər qeyri-yaşayış sahəsi ilə bağlı olmuşdur. Həmçinin, qeyri-yaşayış sahəsinin layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən deyil, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Müvafiq qeyri-yaşayış binasının yerləşdiyi 54,1 kv.m torpaq sahəsinə dair sonradan (mübahisəyə inzibati məhkəmədə baxılan müddətdə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 1925 nömrəli xx.xx.2022-ci il tarixli “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” Müqavilə təqdim edilsə də, lakin müvafiq torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin istismarına icazə verilməsi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarında konkret olaraq qeyd edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan qanunvericilik aktının tələbləri kobud şəkildə pozulmuş və Baş İdarə tərəfindən məhkəməyə ünvanlanmış etirazda qanunvericiliyin qeyd olunan tələbləri qərar qəbul edilərkən ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə qərarında sadalanan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin əksəriyyəti tikinti obyektinin istismarına icazə verilməsi üçün tələb edilən sənədlər siyahısında qeyd edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tikintisini başa vurub, istifadə etdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə aktının verilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidinetinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və kompleklərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrın aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətinə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1-ci hissəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktla 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X7 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. - 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. - 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. - 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. - 102.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. - 102.4-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi haqqında qərarı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu qərar sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. - 102.4-2-ci maddəsinə əsasən sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. - 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. - 103.2-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; - 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə Kollegiyası aşağıdakı sübutlara nəzər yetirir: -Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısının “Çörək və ərzaq satışı məntəqəsinin yaradılması haqqında” 13 oktyabr 1999-cu il tarixli, 769 nömrəli sərəncamının surətindən görünür ki, Rayon İcra Hakimiyyətinə Rüstəmov küçəsi, 39, mənzil 46-da yaşayan vətəndaş X11 müraciət edərək ailəsinin maddi vəziyyətinin çox ağır olduğunu bildirməklə yaşadığı ərazidə pərakəndə ticarətlə məşğul olduğu yerdə çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilməsi haqqında xahiş etmişdir. Məlum edilmişdir ki, Rayon İcra Hakimiyyəti vətəndaş L.P.Paşayevanın ağır maddi vəziyyətini və işsizliyini nəzərə alaraq xx.xx.1998-ci il tarixli, P-İİ saylı məktubla Q.Qarayev pr., 2517-ci məhəllədə pərakəndə ticarətlə məşğul olmasına icazə verilmişdir. Yuxarıda qeyd olunanları, vətəndaş L.Paşayevanın xahişini və maddi vəziyyətini nəzərə alaraq, Rüstəmov küçəsi, 39, mənzil 46-da yaşayan vətəndaş L.P.Paşayevanın maddi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün Q.Qarayev prospekti, 2517-ci məhəllədə “Aviator” kooperativ binanın yaxınlığında müstəsna hal kimi 2.5x2.5 metr ölçüdə çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (surəti İddiaçı) ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilir: X4 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Nizami rayunu, Q.Qarayev prospekti, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 769 nömrəli sərəncamına əsasən, Q.Qarayev prospekti, 37 saylı binanın yaxınlığında çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına İddiaçı icazə verilmişdir. 2001-ci ildə Bakı şəhərinin ərazisində aparılan abadlıq işləri ilə bağlı Q.Qarayev prospektinin ümumi görünüşünə xələl gətirən xırda həcmli obyektlərin sökülməsi zamanı İddiaçı məxsus obyekt də sökülmüş və onun sosial durumu nəzərə alınaraq, məhəllədaxili yolun kənarında yaşadığı Q.Qarayev prospekti, ev 1, məhəllə 2715/2518 ünvanına qeyri-yaşayış obyektinin köçürülməsinə icazə verilmişdir. Mütəxəssis tərəfindən xx.xx.2018-ci il tarixində yerində keçirilən baxış nəticəsində sözügedən mövcud qeyri-yaşayış obyektinin təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olması öz təsdiqini tapmışdır. Bununla əlaqədar, göstərilən ünvandakı qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə etiraz edilmir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518- ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyekti vəziyyəti haqqında 2018-ci il tarixli texniki rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517- 2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyektinin müayinəsi təqdim edimiş memarlıq-planlaşdırma həlli cizgiləri əsasında aparılmışdır. Müayinə zamanı yükdaşıyan, mişarlanmış əhəng daşından olan divar konstruksiyalarında çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Birmərtəbəli qeyri-yaşayış obyekti memarlıq-planlaşdırma həlli əsasında, qeyd olunan iradlarla inşa olunmuşdur. - İcraçı "xxxx" MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 855 nömrəli yanğın təhlükəsizliyinə nəzarət və yanğın təhlükəsizliyi texniki avadanlıqlarına texniki xidmətlər haqqında müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı "xxxx" MMC Nizami rayonu, Qara Qarayev prospekti, 2517/5218-ci məhəllə, 1 saylı binanın yaxınlığındakı ünvanda Sifarişçi İddiaçı məxsus obyektdə xüsusi təyinatlı siqnalizasiya sistemi (“AES İntellinet” adlanan məlumatları ötürmə sistemi) quraşdırmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin mərkəzləşdirilmiş izləmə pultuna yanğın barədə birbaşa siqnal göndərilməsini təmin edir, obyektdə yanğın təhlükəsizliyinə nəzarəti iyirmi dörd saat ərzində həyata keçirir, müqavilənin 1.3-cü bəndində göstərilən texniki xidmətləri göstərir. Sifarişçi müqavilə ilə müəyyən edilmiş qaydada xidmətlərin haqqını ödəyir. - “X5” MMC-nin xx.xx.2019-cu il tarixli, 65/276 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən İddiaçı məxsus, sahəsi 54 kv.m olan qeyri-yaşayış obyektində yanğından erkən siqnalizasiya sistemlərinin quraşdırılması “X5” MMC tərəfindən həyata keçirilmişdir və sistem hal-hazırda işlək vəziyyətdədir. İş materiallarında olan X12 nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ö/002724 nömrəli istismara hazırlıq aktından görünür ki, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 769 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, sahəsi 43.2 kv.m, tikintialtı sahəsi 54.5 kv.m olan Nizami rayonu, Q.Qarayev pr., 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi xx.xx.2017-cil tarixdə başlamış, xx.xx.2017-ci il tarixdə başa çatmışdır, obyektdə tikinti quraşdırma işlərinin Sifarişçi tərəfindlən texniki nəzarətin, Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, Layihəçi tərəfindən müəllif nəzarətinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. - Memarlıq-planlaşdırma həllinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən qeyri-yaşayış obyektinin memarlıqplanlaşdırma həlli tərtib olunaraq xx.xx.2018-ci ildə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X3 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışdan görünür ki, fiziki şəxs İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mağaza meyvə və tərəvəzlərin pərakəndə satışı sahəsində fəaliyyət göstərir, xx.xx.2019-cu il tarixdə 10-Q- 00284 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilir: “Azərinşaatlayihə” DBLKT İnstitutu ilə Sizin aranızda bağlanmış xx.xx.2018-ci il tarixli, 5724 saylı müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518-ci məhəllədə, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış binasının tikintisi müqavilə əsasında müayinə olunmuş və müvafiq texniki rəy tərtib edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 3-cü Ərazi X13 İdarəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2518-ci məhəllə 1 saylı binanın qarşısında İddiaçı məxsus qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı aktından görünür ki, tikintisi başa çatmış obyektə dair təqdim olumuş sənədlər araşdırılmış və yerində yanğıntexniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02- 89 "İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04.09-84 "Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydaları"-nın, 2.02.01-97 “Bina və qurğuların yanğin təhlükəsizliyi" Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğıntexniki ləvazimatlarla təmin edilmişdir. - "xxxx" ASC-nin Nizami RETSİ-nin xx.xx.2014- cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin verdiyi xx.xx.2014-cü il tarixli, TSH-14/14153 saylı texniki şərtə əsasən Nizami RETSİ-nin 10/6/0,4 kv İstismar şöbəsi ilə Nizami rayonu, Q.Qarayev prospekti, 2517 saylı məhəllədə yerləşən meyvə tərəvəz köşkü arasında avadanlıqların balans mənsubiyyəti və sərhəd yeri, 1154 saylı 10/0,4 kv-luq TM-dən qidalanan Q.Qarayev, 2517 saylı binanın paylayıcı löhvəsində kabel xəttinin sonluğunda təyin olunur. Paylayıcı löhvədən obyektə qədər kabel xətti abonentin balansındadır və abonent xidmət edir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4707/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların üzərində və mühafizə zonasında inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi və rabitə qurğularının mühafizə rejiminin təmin edilməsinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 2056/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4707/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2017-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekt, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında inşa etdiyiniz 1 mərtəbəli sahibkarlıq obyektində aparılmış müayinənin nəticələri X8 16 yanvar 2019-cu il tarixli, 957 saylı iclasında müzakirə olunmuşdur. Müzakirə nəticəsində tərtib olunmuş rəyi Sizə təqdim edirik. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X9 xx.xx.2019-cu il tarixdə Tikintidə X2 Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun xx.xx.2019-cu il tarixli, 957 saylı iclasında fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən 1 mərtəbəli sahibkarlıq obyektinin texniki vəziyyətinin işlək vəziyyətdə olması haqqında qərar qəbul edilmişdir. - İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 1925 saylı, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverən icarəyə verdiyi Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 54.1 kv.m torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısının “Çörək və ərzaq satışı məntəqəsinin yaradılması haqqında” 13 oktyabr 1999-cu il tarixli, 769 nömrəli sərəncamına əsasən iddiaçı X6 maddi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün Q.Qarayev prospekti, 2517ci məhəllədə “Aviator” kooperativ binanın yaxınlığında müstəsna hal kimi 2.5x2.5 metr ölçüdə çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilməsi qərara alınmışdır. Daha sonra 2001-ci ildə Bakı şəhərinin ərazisində aparılan abadlıq işləri ilə bağlı Q.Qarayev prospektinin ümumi görünüşünə xələl gətirən xırda həcmli obyektlərin sökülməsi zamanı İddiaçı məxsus obyekt də sökülmüş və onun sosial durumu nəzərə alınaraq, məhəllədaxili yolun kənarında yaşadığı Q.Qarayev prospekti, ev 1, məhəllə 2715/2518 ünvanına qeyri-yaşayış obyektinin köçürülməsinə icazə verilmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi hüuquqmüəyyənedici sənəd olan sərəncam başqa ərazi ilə bağlı olsa da, digər bir inzibati orqan obyektiv səbəblərdən qeyd edilən ünvanda söküntü işlərinin həyata keirilməsi ilə bağlı iddiaçının obyektinin sökülməsi əvəzinə (kompensasiya olaraq) ona hazırda mübahisəli yerdə obyektin tikintisinə icazə vermişdir. İnzibati orqanın qeyd edilən faktiki xarakterli hərəkəti mübahisələndirilməmiş, hazırki iddiaçı bununla razılaşmışdır. Həmçinin, həmin inzibati orqan-Nizami Rayon İcra Hakimiyyəti tərəfindən obyektin memarlıq-planlaşdırma həlli razılaşdırılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun 2018-ci il tarixli texniki rəyində həmin qeyri-yaşayış obyektinin müayinəsinin təqdim edimiş memarlıq-planlaşdırma həlli cizgiləri əsasında aparıldığı, müayinə zamanı yükdaşıyan, mişarlanmış əhəng daşından olan divar konstruksiyalarında çat, deformasiya və zədələrə rast gəlinmədiyi, qeyri-yaşayış obyektinin memarlıqplanlaşdırma həlli əsasında inşa olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X9 xx.xx.2019-cu il tarixdə Tikintidə X2 Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun xx.xx.2019-cu il tarixli, 957 saylı iclasında iddiaçıya məxsus sahibkarlıq obyektinin texniki vəziyyətinin işlək vəziyyətdə olması haqqında qərar qəbul edilmişdir. X12 nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ö/002724 nömrəli istismara hazırlıq aktından görünür ki, həmin qeyri-yaşayış obyektinin tikintisi xx.xx.2017cil tarixdə başlamış, xx.xx.2017-ci il tarixdə başa çatmışdır, obyektdə tikinti quraşdırma işlərinin Sifarişçi tərəfindlən texniki nəzarətin, Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 3-cü Ərazi X13 İdarəsi tərəfindən həmin qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı akt da tərtib edilmişdir. Bundan başqa, İcaryəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 1925 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən həmin qeyri-yaşayış binasının yerləşdiyi 54.1 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qeyri-yaşayış sahəsinə istismara qəbul aktının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar