Məhkəmə qərarları › İş №2-1(103)-3124/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3124/2025

06.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3124/2025 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X8 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X9 və X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6912/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, siyasi repressiyaya məruz qaldığı dövrün bir ilini üç il kimi hesablayaraq ümumilikdə 9 il əmək stajına daxil edərək və pensiyasının xx.xx.2006-cı ildən hal-hazıra kimi yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə ərizə verərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6912/2025 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, atası X1 repressiyaya məruz qalaraq 1948-1954-cü illərdə Rusiya Federasiyası Tuva Muxtar Respublikasının Abakan rayonuna sürgün edilmiş, xx.xx.1998-ci ildə isə bəraət almışdır. "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin xx.xx.2007-ci ilədək qüvvədə olan normasına görə, bərət verilmiş şəxslərin siyasi repressiyaya məruz qaldıqları müddət ümumi fasiləsiz əmək stajına daxil edilir, bu halda repressiya dövrünün bir ili üç il kimi hesablanır. Əmək stajının hesablanması 16 yaşından başlanır. O, Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək siyasi repressiyaya məruz qaldığı dövrün əmək stajına daxil edilməsini və pensiyasının yenidən hesablanmasını xahiş etsə də, müraciəti təmin olunmamışdır. Cavabdeh iddianı qəbul etməmiş və yazılı etiraz verərək bildirmişdir ki, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda siyasi repressiyaya məruz qalaraq sonradan bəraət alan şəxslərlə siyasi repressiya qurbanları anlayışları fərqləndirilmişdir. Belə ki, iddiaçının atası təqdim olunan arayışa əsasən siyasi repressiyaya məruz qalmış və sonradan ona bəraət verilmişdir. İddiaçı özü isə siyasi repressiyaya məruz qalan şəxsin ailə üzvü olduğundan siyasi repressiya qurbanı olmuşdur, lakin o, siyasi repressiyaya məruz qalmamış və ona bəraət verilməmişdir. Qanunun 10-cu maddəsi isə siyasi repressiyaya məruz qalaraq sonradan bəraət verilmiş şəxsə əmək pensiyası təyin edilərkən əmək stajının hesablanması qaydalarını tənzimləyir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6912/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Azərbaycan Respublikası Qanununda "siyasi repressiya qurbanları" anlayışı ilə "bəraət verilmiş şəxslər" anlayışı fərqləndirilmişdir. "Siyasi repressiya qurbanları" siyasi mülahizələrə görə inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirlərinə məruz qalmış şəxsləri - siyasi repressiya növlərinə məruz qalmış şəxsləri, eləcə də onların ailə üzvlərini əhatə etdiyi halda, "Bəraət verilmiş şəxslər" anlayışı yalnız bilavasitə siyasi repressiya növlərinə məruz qalmış və bəraət almış şəxsləri əhatə edir. Başqa sözlə, bilavasitə siyasi repressiya növlərinə məruz qalmış şəxslərin ailə üzvləri "Siyasi repressiya qurbanları" kateqoriyasına aid olsalar da, "bəraət verilmiş şəxslər" kateqoriyasına daxil edilmirlər. Qanunun 7, 9 və 10-cu maddələrində məhz "Bəraət verilmiş şəxslər" kateqoriyasında olan siyasi repressiyaya məruz qalmış şəxslərin bu Qanunla nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik olduqları vurğulanır. Bu anlamda Qanunun 10-cu maddəsində nəzərdə tutulan pensiya təyin edilərkən əmək stajının hesablanma qaydası da məhz "Bəraət verilmiş şəxslər"ə şamil olunmuşdur. Belə ki, qanunvericilik həmin şəxslərin bilavasitə siyasi repressiyanın növlərinə məruz qaldıqlarından onların siyasi repressiyada qaldıqları müddətdə əmək fəaliyyəti ilə məşğul ola bilmədiklərindən, həmin illərin kompensasiyası məqsədilə repressiyada qaldıqları dövrün 1 ilini 3 il olmaqla onlar üçün əmək pensiyasının təyin edilməsi və ya hesablanmasında nəzərə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən fasiləsiz əmək stajı ilə bağlı güzəşt yalnız qeyd edildiyi kimi bilavasitə siyasi repressiya məruz qalaraq sonradan bəraət almış şəxslərə şamil edilir, onların ailə üzvlərinə, o cümlədən onlarla birlikdə siyasi repressiya yerlərinə sürgün edilməmiş və ya köçürülməmiş övladlarına deyil. Bu güzəştin yalnız bəraət verilmiş siyasi repressiya iştirakçısı olmuş şəxsə şamil edilməsini oxşar qanunvericilik normalarında da görmək mümkündür. "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanunun qəbul edildyi 15 mart 1996cı il tarixdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 21-ci maddəsində göstərilmişdir ki, yaşa görə pensiyalara, o cümlədən minimum məbləğdə pensiyalara və tam iş stajı olmadıqda təyin edilmiş pensiyalara aşağıdakı əlavələr hesablanır: q) siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə yaşa görə minimum pensiyanın 50 faizi məbləğində. Göründüyü kimi, pensiya təminatını nəzərdə tutan xüsusi qanunvericilik də həmin dövrdə pensiya təminatı sahəsində olan güzəşt və imtiyazları məhz "bilavasitə siyasi repressiyalara məruz qalaraq bəraət qazanmış şəxslər"ə şamil etmişdir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, iddiaçının atası X1 repressiyaya məruz qalaraq 1998-ci ildə bəraət almış şəxs olmuş, iddiaçı isə X2 övladı, yəni ailə üzvü olmaqla yalnız siyasi repressiya qurbanı kateqoriyasına aid olduğundan və bəraət verilmiş şəxs olmadığından ona münasibətdə bəraət verilmiş şəxslər üçün qanunla nəzərdə tutulmuş stajın hesablanması ilə bağlı güzəşt şamil edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası X1 repressiyaya məruz qalaraq 1948-1954-cü illərdə Rusiya Federasiyası Tuva Muxtar Respublikasının Abakan rayonuna sürgün edilimiş, xx.xx.1998-ci ildə isə bəraət almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə etdiyi müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, bəraət verilmiş şəxslərin siyasi repressiyaya məruz qaldıqları müddət ümumi fasiləsiz əmək stajına daxil edilir və bu halda repressiya dövrünün 1 ili 3 il kimi hesablanırdı. Cavabda daha sonra bildirilir ki, şəxsin bəraət aldığı dövrün Qanunun sözügedən müddəasının qüvvədə olan müddəasının qüvvədə olduğu dövrə təsadüf etməsi onun repressiyaya məruz qalması müddətinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb edir. Çünki şəxsin repressiyaya məruz qaldığı müddətin əmək stajına daxil edilməsi ilə bağlı hüququ bəraət alınma anından yaranmış hesab olunur. Həmçinin şəxsin 16 yaşından sonrakı dövr üzrə repressiyaya məruz qalınma müddəti əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilər. Sizin 13 yaşından 19 yaşınadək siyasi repressiyaya məruz qaldığınız müəyyən olunmuşdur. Həmin müddətin isə yalnız 3 ili Qanunun 10-cu maddəsinə əsasən 9 il olaraq əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçı atası X3 ilə birlikdə 1951-1954-cü illərdə Rusiya Federasiyası Tuva Muxtar Respublikasının Abakan rayonunda sürgün yerində olmuşdur. Siyasi repressiyaya məruz qalaraq sonradan bəraət almış şəxs kimi ona "Əmək pensiyalaları haqqında" Qanuna əsasən əmək pensiyasına 11 manat da əlavə edilib. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri X12 və X10 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Nümayəndə X10 həmçinin izahatında bildirdi ki, iddiaçıya əvvəllər pensiyasına hər ay ödənilmiş 11 manatla bağlı hazırda DSMF-də araşdırma aparılır. Hazırda cavabdehin mövqeyi bundan ibarətdir ki, həmin məbləğlərin iddiaçıya ödənilməsi səhv olmuşdur. İŞİN HALLARİ: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1935-ci il təvəllüdlü olmaqla ona xx.xx.1992-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı atası X2 1948-ci ildə siyasi repressiyaya məruz qalaraq 6 il müddətinə sürgün edildiyini, atasına xx.xx.1998-ci ildə bəraət verildiyini, bununla da iddiaçı özünün repressiya qurbanı olaraq 13 yaşından 19 yaşınadək siyasi repressiyaya məruz qaldığını, "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanunun 10-cu maddəsinə əsasən 16 yaşdan 19 yaşınadək olan 3 ilinin 1 ilə 3 il kimi hesablanaraq cəmi 9 il kimi onun ümumi sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1935-ci il tarixli İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan ИЕ seriyalı 522764 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1935-ci ildə anadan olmuş, atası X4, anası isə X11r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********1 nömrəli "Sığorta stajına daxil edilən müddətlər barədə" məktubunda göstərilmişdir ki, vətəndaşların əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün tələb olunan sığorta stajına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsində siyasi repressiyada olma müddətinin sığorta stajına daxil edilməsi nəzərə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-24322/2024 nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarına əsasən, İddiaçı pensiyanın təyin olunduğu tarix xx.xx.1992-ci il, hazırki pensiya məbləği 664.22 manat, yenidən hesablanmış pensiya məbləği 675.22 manat qeyd edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-3894/2025 nömrəli məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sözügedən maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud həmin maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, həmin maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bildiririk ki, sizə güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyanız xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə 134,57 manat orta aylıq əməkhaqqınız və xx.xx.2009-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək qeydə alınmış pensiya kapitalı, həmçinin pensiyanızın sığorta hissəsinin üzərinə siyasi repressiyalara məruz qalıb sonradan bəraət alan şəxs kimi hesablanan 11 manat əlavə də nəzərə alınmaqla yenidən hesablanaraq 664,22 manatdan 675,22 manata çatdırılıb. TƏTBİQ EDİLƏN HÜQUQ: "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" 15 mart 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu:

1. Bu Qanunun məqsədləri üçün siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükəli sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması siyasi repressiya hesab olunur

2. Siyasi repressiya qurbanları bu Qanunun 1-ci maddəsində göstərilən siyasi repressiya növlərinə məruz qalmış şəxslər, onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqlarıdır.

3. Qanunun tətbiq dairəsi bu Qanunun bəraət verilməsi qaydasına aid hissəsi yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi repressiyaya məruz qalmış şəxslərə şamil edilir. Azərbaycan Respublikası göstərilən dövrdə SSRİ-nin tərkibinə daxil olan başqa respublikaların ərazisində repressiyaya məruz qalmış Azərbaycan Respublikası vətəndaşlarına bəraət almaqda kömək göstərir.

7. Əvvəllər bəraət verilmiş şəxslərin hüquqları siyasi repressiya ilə bağlı bəraət verilməsi haqqında səlahiyyətli orqanların qəbul etdikləri qərar bu Qanun qüvvəyə mindikdən sonra da qüvvədə qalır. Bəraət verilmiş belə şəxslər bu Qanunda nəzərdə tutulmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər.

9. Bəraət verilmiş şəxslərin siyasi repressiya ilə əlaqədar dövlət mükafatından, elmi dərəcədən, hərbi rütbədən, pensiyadan və başqa hüquqlardan məhrum edilməsi haqqında qərarlar qüvvədən düşmüş sayılır. Bu Qanunun 3-cü maddəsində göstərilən dövrdə Azərbaycan Respublikası ərazisindən sürgün edilmiş şəxslərin Azərbaycan Respublikası ərazisində yenidən məskunlaşması üçün zəruri tədbirlər dövlət tərəfindən görülür.

10. Bəraət verilmiş şəxslərin siyası repressiyaya məruz qaldıqları müddət ümumi fasizləsiz əmək stajına daxil edilir. Bu haldda repressiya dövrünün bir ili üç il kimi hesablanır. Əmək stajının hesablanması 16 yaşından başlanır.

"Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanunun qəbul edildiyi 15 mart 1996-cı il tarixdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunu:

21. Yaşa görə pensiyalara, o cümlədən minimum məbləğdə pensiyalara və tam iş stajı olmadıqda təyin edilmiş pensiyalara aşağıdakı əlavələr hesablanır: q) siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.14. Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası": 1.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra– Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3. Avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı siyasi repressiyaya məruz qaldığı dövrün bir ilini üç il kimi hesablayaraq ümumilikdə 9 il əmək stajına daxil edərək və pensiyasının xx.xx.2006-cı ildən hal-hazıra kimi yenidən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1935-ci il təvəllüdlü olmaqla ona xx.xx.1992-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının atası X3 1946-cı ildə Krasnoyarsk dəmir yolunun Abakan stansiyasına 6 il müddətinə xüsusi köçürülmüş şəxs vəziyyətinə keçirilmiş və 1998-ci ildə ona bəraət verilmişdir. "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" 15 mart 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin hazırkı mətnində deyilir ki, əmək pensiyası hesablanarkən bəraət verilmiş şəxslərin əmək stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesablanır. Həmin maddənin mətnində xx.xx.2007-ci il tarixli Qanunla dəyişiklik edilənədək deyilirdi ki, bəraət verilmiş şəxslərin siyasi repressiyaya məruz qaldıqları müddət ümumi fasiləsiz əmək stajına daxil edilir, bu halda repressiya dövrünün bir ili üç il kimi hesablanır. Birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, Qanunda "siyasi repressiya qurbanları" və "bəraət verilmiş şəxslər" anlayışları bir-birindən fərqləndirilmişlər. "Siyasi repressiya qurbanları" siyasi mülahizələrə görə inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirlərinə məruz qalmış şəxsləri- siyasi repressiya növlərinə məruz qalmış şəxsləri, eləcə də onlarıın ailə üzvlərini əhatə etdiyi halda, "bəraət verilmiş şəxslər" anlayışı yalnız bilavasitə siyasi repressiya növlərinə məruz qalmış və bəraət almış şəxsləri əhatə edir. Başqa sözlə, bilavasitə siyasi repressiya növlərinə məruz qalmış şəxslərin ailə üzvləri "Siyasi repressiya qurbanları" kateqoriyasına aid olsalar da "bəraət verilmiş şəxslər" kateqoriyasına daxil edilmirlər. Qanunun 7, 9 və 10-cu maddələrində məhz "Bəraət verilmiş şəxslər" kateqoriyasında olan siyasi repressiyaya məruz qalmış şəxslərin bu Qanunla nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik olduqları vurğulanır. Bu anlamda Qanunun 10-cu maddəsində nəzərdə tutulan pensiya təyin edilərkən əmək stajının hesablanma qaydası da məhz "Bəraət verilmiş şəxslər"ə şamil olunmuşdur. Belə ki, qanunvericilik həmin şəxslərin bilavasitə siyasi repressiyanın növlərinə məruz qaldıqlarından onların siyasi repressiyada qaldıqları müddətdə əmək fəaliyyəti ilə məşğul ola bilmədiklərindən, həmin illərin kompensasiyası məqsədilə repressiyada qaldıqları dövrün 1 ilini 3 il olmaqla onlar üçün əmək pensiyasının təyin edilməsi və ya hesablanmasında nəzərə alınmasını nəzərdə tutmuşdur. Pensiya təminatını nəzərdə xüsusi qanunvericilik də həmin dövrdə pensiya təminatı sahəsində olan güzəşt və imtiyazları məhz "bilavasitə siyasi repressiyalara məruz qalaraq bəraət qazanmış şəxslər"ə şamil etmişdir. Məhkəmə kollegiyası birinci instansia məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasında göstərilən əmək stajı ilə bağlı güzəşt yalnız bilavasitə siyasi repressiyaya məruz qalaraq sonradan bəraət almış şəxslərə şamil edilir, onların ailə üzvlərinə, o cümlədən onlarla birlikdə siyasi repressiya yerlərinə sürgün edilməmiş və ya köçürülməmiş övladlarına isə şamil edilmir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17-1/2-H- 3894/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təyin edilmiş pensiya yenidən hesablanarkən onun pensiyasının sığorta hissəsinin üzərinə siyasi repressiyalara məruz qalıb sonradan bəraət alan şəxs kimi hesablanan 11 manat əlavə də nəzərə alınmışdır və "Əmək pensiyaları haqqında" Qanunun 19.1.5-ci maddəsinin ləğv edilməsinə baxmayaraq həmin əlavə ümumi pensiya məbləğindən azaldılmamışdır. Göründüyü kimi, cavabdeh etirazında İddiaçı "siyasi repressiyaya məruz qalaraq sonradan bəraət alan şəxs" olmadığını bildirsə də, faktiki olaraq onun bu statusunu qəbul edərək əmək pensiyasının sığorta hissəsinə məhz bu əsasla 11 manat əlavə hesablamışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilərək həmin məsələyə izah verməsi xahiş olunmuş və cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, iddiaçıya əvvəllər pensiyasına hər ay ödənilmiş 11 manatla bağlı DSMF-də araşdırma aparılır və hazırda cavabdehin mövqeyi bundan ibarətdir ki, həmin məbləğlərin iddiaçıya ödənilməsi səhv olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir və iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6912/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar