Məhkəmə qərarları › İş №2-1(103)-3125/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3125/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3125/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə qarşı üçüncü şəxs qismində X4 göstərilməklə “cavabdehin iddiaçının fərdi yaşayış evindən çıxarılmağı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və vurulmuş ziyana görə cavabdeh orqandan 50 000 manat məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8228/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə qarşı üçüncü şəxs qismində X4 göstərilməklə cavabdehin iddiaçının fərdi yaşayış evindən çıxarılmağı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və vurulmuş ziyana görə cavabdeh orqandan 50 000 manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdeh orqanının üzərinə qoyulması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8228/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8228/2021 saylı, 06 oktyabr 2021- ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərardadında “İcra Haqqında” AR Qanunun tələblərinə istinad etsə də, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, məhkəmə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlərin (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldiyini və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin icra məmurunun “İcra Haqqında” AR Qanunun tələblərinə əsasən icra sənədi üzrə zəruri hərəkətləri etmədikdə (hərəkətsizliyə yol verdikdə), həmin hərəkətlərin (hərəkətsizliyin) məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafisəi hüququnun tərkib hissəsi və davamı olduğunu, bu halda icra vərəqinin Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün icra məmurunun hərəkətləri ilə bağlı məsələyə inzibati məhkəmə qaydasında Bakı İnzibati Məhkəməsində baxılmalı olmadığını, mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalı olduğunu bildirmişdir. Hesab edir ki, qanunvericiliyin tələbinə görə icra məmurunun qanunsuz hərəkətlərindən şikayət ancaq inzibati məhkəməyə verilməlidir və buna görə də Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin məmurunun qanunsuz hərəkətlərindən Bakı İnzibati Məhkəməsinə şikayət verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəfin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəlləsinin 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsin tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1240/2019 saylı, 29.03.2019-cu il tarixli icra sənədi əsasında başlanmış icra işi üzrə icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər.... icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə zəruri hərəkəti etmədikdə (hərəkətsizliyə yol verdikdə), həmin hərəkətlər (hərəkətsizlik) məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün icra məmurunun hərəkətləri ilə bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 9-cu bəndinə əsasən, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının digər tələbi olan inzibati orqan tərəfindən 50 000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələblə məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış hazırkı tələblə bağlı ərizənin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçi İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə qarşı üçüncü şəxs qismində X4 göstərilməklə “cavabdehin iddiaçının fərdi yaşayış evindən çıxarılmağı ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və vurulmuş ziyana görə cavabdeh orqandan 50 000 manat məbləğində kompensasiyanın ödənilməsi” barədə iddiası mümkün sayılmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8228/2021 saylı, 06 oktyabr 2021- ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8228/2021 saylı, 06 oktyabr 2021- ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar