Məhkəmə qərarları › İş №2-1(103)-3125/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3125/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3125/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4328/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X5 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində İddiaçı Qursumoviçin mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı, onun etibarnamə əsasında nümayəndəsi tərəfindən cavabdehə edilən müraciətə cavab olaraq 05 dekabr 2018-ci il tarixli **********48 saylı bildirişlə məlumat verilmişdir ki, təqdim edilən Səbail rayon İHB-nın 862 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsi (üç torpaq sahəsi eyni hasar daxilindədir) elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. İmtina məktubunda həmçinin, cavabın əsaslandırılması ilə bağlı olmayan bir sıra qanun normaları sadalanmışdır. Cavabdeh tərəfindən göndərilən bu imtina məktubu sorğunun cavabının alınması ilə bağlı olduğundan, bir müddətdən sonra torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması xahişi ilə yenidən cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli **********95 nömrəli sonuncu məktubla bildirilmişdir ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad edilmədiyindən və məsafələr qeyd edilmədiyindən, eyni zamanda üç torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyindən müraciət təmin olunmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktublarından görünür ki, əslində torpaq sahəsi üzərində hüquqlara dair qeydiyyatın aparılmasından imtina üçün heç bir əsaslar mövcud deyil. Cavabdehin göndərdiyi məktublarda istinad olunmağa çalışılan hallar üst-üstə düşmür və biri digərinə ziddir. Belə ki, 05 dekabr 2018-ci il tarixli **********48 saylı imtina məktubunda qeydiyyatın aparılmasına imkan verməyən hallar kimi “ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İH-ə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərildiyi” göstərildiyi halda 18 noyabr 2021-ci il tarixli **********95 saylı sonuncu məktubla imtinanın səbəbi kimi, “təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, eyni zamanda üç torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyi” bildirilir. Bu da göstərir ki, istinad edilən hallar bəhanə xarakterlidir. Mübahisələndirilən torpaq sahəsinin ayrılmasına dair sərəncamın mövcudluğu Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli M-144 saylı arayışla təsdiq olunduğu və bu sərəncamın qanuniliyinə heç bir şübhələr mövcud olmadığı halda yenidən belə bir sorğu verilməsinə və yenidən cavab alınmasına ehtiyac qalmır. Cavabdehin göndərdiyi məktublardan göründüyü kimi, müraciətlərə diqqətlə yanaşılmamış, torpaq sahəsi üzərində hüquqlara dair qeydiyyatın aparılması ilə bağlı müraciət edildiyi halda, tamamilə qeyri-müəyyən və anlaşılmaz cavablar verilmişdir. Özəlləşdirilməsi tələb olunan torpaq sahəsi artıq 26 ildir ki, iddiaçının istifadəsindədir. Bu torpaq sahəsinin yerləşdiyi ərazidə yüzlərlə vətəndaşa ev tikmək üçün sahə ayrılmış və evlər tikilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bununla yanaşı üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir və bölgü sxemi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə xx.xx.2021-ci il tarixli **********95 nömrəli cavab məktubu iddiaçıya ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4328/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müvafiq tələblə bağlı xx.xx.2018 və xx.xx.2021-ci il tarixlərdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, göstərilən torpaq sahəsi mürəkkəb relyefli ərazidə yerləşir. Bununla yanaşı üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının M-144 nömrəli, xx.xx.2016-cı il tarixli arxiv çıxarışının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Səbail rayon İcra Hakimiyyətinin başçısının arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamının təsdiq edilmiş surətinə görə İddiaçı Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********48 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişinə əsasən, təqdim edilən Səbail rayon İHB-nın 862 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İHə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı sorğuya cavab verilməmişdir) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, xx.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsi (üç torpaq sahəsi eyni hasar daxilindədir) elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********95 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Bununla yanaşı üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir və bölgü sxemi təqdim edilməmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli 18/M-083 nömrəli məktubuna əsasən, Xidmətin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 525 ünvanda İddiaçı Gursumoviçə məxsus əraziyə vizual mühəndisi-geoloji baxış keçirilmiş və müvafiq arayış tərtib edilərək Səbail Rayon icra Hakimiyyətinə göndərilmişdir. Məktuba əlavə edilmiş Arayışdan müəyyən edilmişdir ki, ərazi tektonik nöqteyi-nəzərdən Qərbi Abşeron antiklinoriumunun Bakı sinklinal muldasının sirkəbənzər qərb qanadında yerləşir. Sürüşmə sahəsinin geoloji quruluşunda üst qatda X11 yaşlı elüvial-delüvial mənşəli və Piliosen-Eopleystosen yaşlı dəniz mənşəli çöküntüləri yayılmışdır. İddiaçı Qursumoviçə məxsus sahə 40°19'39,4", 49°48'41,02" koordinatlarında yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri" albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşir. Ərazidə ekzogen geoloji proseslərin təzahürlərinə rast gəlinməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 “A” nömrəli 600 kv.m torpaq sahəsinə dair iddiaçı X3 adına plan və ölçü sənədinin tərtib edilməsi, xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsi tərəfindən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamı ilə İddiaçı ayrılmış Badamdar qəsəbəsi, döngə 525-də 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********05 nömrəli məktubu ilə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bu sənədlərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin , Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massıvı, 636 saylı sahədə yerləşən torpaq sahəsinin X1 xüsusi mülkiyyətində olmasına dair RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massıvı, 635 saylı sahədə yerləşən torpaq sahəsinin X6 xüsusi mülkiyyətində olmasına dair RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 1753 nömrəli, xx.xx.2014-cı il tarixli arxiv çıxarışı, torpaq sahəsinin yerləşmə cizgisi, 635 saylı sahədə yerləşən torpaq sahəsinin planı və ölçüsü daxildir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubu ilə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bu sənədlərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Səbail rayon İH başçısının xx.xx.1995ci il tarixli, 862 saylı sərənamı, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 1753 nömrəli, xx.xx.2014-cı il tarixli arxiv çıxarışı, torpaq sahəsinin yerləşmə cizgisi, Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi, 636 saylı sahədə yerləşən torpaq sahəsinin planı və ölçüsü daxildir. İşdən görünür ki, iddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 862 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İşin faktiki hallarına əsasən, Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərənamı ilə İddiaçı Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi əvvəlcə mübahisəli torpaq sahəsinin (üç torpaq sahəsi eyni hasar daxilindədir) elektron kadastr məlumatına əsasən yaşıllıq massivində yerləşməsi və yerləşmə cizgisində torpaq sahəsinin ölçüləri göstərilməməsi, daha sonra təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülərin dəqiq istinad və məsafələrinin qeyd edilməməsi, üç torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi və bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. Cavabdeh qurumun Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 176-cı maddəsində göstərilmişdir: “176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Göründüyü kimi Mənzil Məcəllənin 176-ci maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin bölünməsini, çəkilməsi qaydasını, pozulmuş mərzlərin bərpasını tənzimləyir. Sözügedən qanun normasında torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmasının zəruri və ya məcburi olması göstərilməmişdir. Bundan başqa hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasının Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli 18/M-083 nömrəli məktubunda İddiaçı Qursumoviçə məxsus sahənin koordinatları və “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşməsi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 600 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin 525 nömrəli torpaq sahəsinin cizgisi Səbail rayon icra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları müvafiq qaydada analoji cizgilərə uyğun olaraq qeydiyyata alınmışdır. Qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri” albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamı) mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 600 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, həmin torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli 18/M-083 nömrəli məktubuna əsasən, İddiaçı Qursumoviçə məxsus sahə “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri" albomuna daxil edilmiş “Badamdar" sürüşmə sahəsindən kənarda yerləşir. Birinci instansiya məhkəməsini sorğusuna əsasən təqdim edilmiş qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları müvafiq qaydada analoji cizgilərə uyğun olaraq qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Buna görə də iddiaçının tələb etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4328/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar