Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3125/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6137/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 19965/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2018-ci il tarixində, 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixindən olmaqla və ödənilməklə, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə əmək pensiyasına çıxıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanıb: xx.xx.2023-cü il tarixdən 815.47 manat, əmək pensiyalarının xx.xx.2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının aylıq məbləğinin – 906.80 manat təyin edilməsi barədə qərar qəbul edilib. Cavabdeh bu qərar əsasında əmək pensiyasını xx.xx.2023-cü il tarixdən 815.47 manat, xx.xx.2024-cü il tarixdən 906.80 manat ödəyib. Bu qərarın qəbul edildiyi tarixdən 14-15 ay keçəndən sonra cavabdeh “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” xx.xx.2024-cü il tarixli Məktubunda və tərtib etdiyi xx.xx.2024-cü il tarixli Aktında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə istinad edərək (inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati orqan üçün əsasdır) inzibati icraat başlanıldığını qeyd edir. Cavabdehin qanunvericilik normalarının tətbiqində yol verdiyi səhvi ondan ibarətdir ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsi güzəştli şərtlə yaranmış pensiya münasibətləri üzrə hesablamaları deyil, ümumi əsaslarla yaranan əmək pensiya münasibətləri üzrə hesablamaları nəzərdə tutur. Başqa sözlə, 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi güzəştli şərtlə yaranmış pensiyaların hesablanmasında, yenidən hesablanmasında rəhbər tutulmalıdır, bu, normanın imperativ göstərişidir. Yəni “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi güzəştli şərtlə pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının hesablanmasında, yenidən hesablanmasında tətbiq edilə bilməz, çünki həmin tənzimləmə (45-ci maddənin ikinci cümləsi - pensiya kapitalının 156 aya bölünməsi) 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə qanundan (45-ci maddədən) çıxarılmışdır. O, əmək pensiyasına ümumi əsaslarla yox, güzəştli şərtlər əsasında çıxıb. “Əmək pensiyaları haqqında” qanunun 45-ci maddəsinin ikinci cümləsində (2022-ci ildə qanundan çıxarılmışdır) güzəştli şərtlərə əsaslanan pensiyanın yenidən hesablanması göstərilib. Lakin, bu cümlə artıq qanundan çıxarılmışdır. Buna görə də, pensiya kapitalı qanuna müvafiq olaraq 156 aya deyil, 72 aya bölünməlidir və 2023-cü ilin avqust ayında aparılmış yenidən hesablanmada məhz belə edilmişdir. Cavabdeh bildirir ki, 13 may 2022ci il tarixli, 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən 1.11-ci maddə, yəni ikinci cümlənin çıxarılması ona aid deyil, başqa sözlə ona münasibətdə həmin cümlə çıxarılmamışdır. Lakin, Qanunun 2.2-ci maddəsində güzəştli şərtlərlə yaranan pensiya məsələsinə ümumiyyətlə toxunulmamış, yalnız ümumi əsaslarla əmək pensiyasının yaranması və yenidən hesablanması göstərilmişdir. Məhz bu yanlış yanaşmanın nəticəsi olaraq cavabdeh bildirir ki, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (33159,36:156 ay (65 il - 58 il = 84 ay + (144 ay - 72 ay)) bölünməli olduğu halda, 72 aya bölünüb. Cavabdeh sözügedən məktubda yanlış istinad və araşdırmalarının sonunda göstərir ki, əmək pensiyasının cari aydan etibarən yenidən hesablanaraq, 644,70 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Göründüyü ki, cavabdehə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən aylıq əmək pensiyada düzgün hesablama aparılmamışdır. Belə ki, guya həmin normaya əsasən əmək pensiyası hesablanarkən, kapital yığımı (33159,36 manat) 156 aya bölünməliymiş. Yəni, 65 il -58 il = 7 il. 7 x 12 ay = 84 ay. 84 ay + 72 ay (72 ay - əmək pensiyası təyin olunandan sonra işlədiyim 6 illik müddət) = 156 aya bölünməli olduğu halda, səhv olaraq 72 aya bölünüb. Burada cavabdeh hesab edir ki, əmək pensiyası alan şəxsin 58 yaşı olduğu halda, 65 yaşa qədər olan 7 ildəki 84 ay nəzərə alınmamış və 72 ayın üzərinə gəlinməmişdir (cəmi: 156 ay). İddiaçı cavabdehin bu mövqeyi ilə razılaşmır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 815,47 manat məbləğində müəyyən edilmiş, həmçinin əmək pensiyalarının xx.xx.2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda onun əmək pensiyasının aylıq məbləği 906,80 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1- ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 579,77 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 644.70 manat) məbləğində müəyyən edilməli olduğu halda, 815,47 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödənişi aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında" və 'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulayır ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017- ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti"nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyqun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2017ci il tarixdə pensiya təyin olunmuş, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (33159,36:156 ay (65İİ-58 il=84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 644,70 manat məbləğində müəyyən olunması nəzərdə tutulub. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-6137/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi təmin edilərək, İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-19965/2024 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Həmçini apellyasiya şikayətində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarının əsaslandırma hissəsində “Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilməli olduğu qeyd olunmuşdur”. Birinci instansiya məhkəməsi bir maddi normanı tətbiq edərkən digər normanın, yəni keçid müddəanın da tətbiqini nəzərə almalı idi. ... “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: 1. bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; 2. həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; 3. həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Birinci instansiya məhkəməsi isə qərarında qeyd edir ki, “keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (xx.xx.2022) Qanunun əvvəlki redaksiyasına əsasən (yəni, gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz”. Başqa sözlə, məhkəmə dolayısı ilə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının xx.xx.2022-ci il tarixədək yenidən hesablanması zamanı tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyinə münasibətdə, keçid müddəada “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına” ifadəsi qeyd olunmuş və bu norma birmənalı şərh edilməlidir. Məhkəmə isə normanı “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının Qanunun qüvvəyə mindiyi günədək yenidən hesablanması” kimi təfsir etmiş, başqa sözlə öz səlahiyyətinə zidd şəkildə normanın tətbiq dairəsini məhdudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə pensiya təyin olunmuşdur. Belə ki, iddiaçı pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirmiş və müvafiq dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, həmin qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda inzibati orqanın təşəbbüsü ilə inzibati icraat başlanıla bilər. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 579,77 manat (indeksləşdirilmələr nəzərə alınmaqla hazırda 644,70 manat) məbləğində müəyyən edilməli olduğu halda, 815,47 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçı barəsində inzibati icraat başlanılmanın əsası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi ilə bağlıdır. İddiaçının əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 156 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Həmçinin birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunsuz inzibati aktı, inzibati aktın qanunsuzluğunu müəyyə edən halları bildiyi andan 1 il ərzində ləğv edə bilərdi. Bununla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixində məktub göndərilməklə mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün Mərkəzi Filiala gəlməsi xahiş olunmuş, lakin iddiaçı gəlməmişdir. Yəni inzibati orqan tərəfindən qərarın qəbul edildiyi tarixdən bir illik müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayəti tam əsasız xarakter daşıyır. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq əmək pensiyasının məbləği əsasız şəkildə azaldılmışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəası ilə bağlıdır. Belə ki, Qanuna edilən xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən artıq bütün əmək pensiyası hüququ əldə edən şəxlərin əmək pensiyası fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 72 aya bölünməklə hesablanır. Bu özlüyündə qanunvericilikdə edilən müsbət dəyişiklik kimi şərh edilsə də, cavabdeh inzibati orqan bu formada yanaşmayaraq xx.xx.2022-ci il tarixindən əvvəl və sonra əmək pensiyası hüququ əldə edən şəxslərə fərqli yanaşma irəli sürərək iddiaçının vəziyyətini ağırlaşdıran inzibati akt qəbul etmişdir. İddiaçının əmək pensiyasının yenidən hesablanılması hüququ xx.xx.2023-cü ildə yanamışdır. Həmin tarixdə isə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməsi prinsipi qüvvədə idi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17726/2023 saylı qərarı ilə iddiaçının 6 illik pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən etibarən əmək pensiyasının məbləği 361,87 manatdan 815,47 manata artırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-19965/2024 saylı qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 906,80 manatdan 644,70 manata azaldılmış, yenidən hesablanmanın səbəbi “yenidən hesablama səbəbi - 6 illik təkrar aparıldı. - 45-ci maddə tətbiq edildi. xx.xx.2021-dən artıq vermə-39.1-tətbiq olundu. -3-17-1/3-3- 17726/2023 nömrəli sərəncam etibarsız edilsin” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-269126/2024 saylı iddiaçıya ünvanladığı “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktubunda qeyd etmişdir ki, “... sizə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyanız yenidən hesablanarkən, fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (33159,36:156 ay (65 il-58 il =84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, əmək pensiyanızın cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 644,70 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub”. Beləliklə, iş materiallarından görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2023-cü il tarixdə yenidən hesablamış, bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etmişdir. Lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla əvvəlki qərarını etibarsız saymış və xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. Məhkəmə kollegiyası inzibati orqanın yanaşması ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 29 iyun 2022-ci il tarixə qədər qüvvədə olan redaksiyası aşağıdakı kimi olmuşdur: Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (normanın birinci cümləsi). Buraya gözlənilən pensiya ödənişi müddəti, yəni 144 ay (12 il) daxildir. Bu Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (normanın ikinci cümləsi). Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (normanın üçüncü cümləsi). 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən keçid müddəalarının hazırkı mübahisəyə səhv tətbiq edilməsi ilə bağlı birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: xx.xx.2017-ci il tarixədək - 144; xx.xx.2017xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli X1 istinad edir. Belə ki, Qanunun 2.2-ci maddəsinə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bu yanaşma ilə razılaşmaq olmaz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti - pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – işləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini “Əmək pensiyaları haqqında” Qanundan çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 53/2025 saylı iş üzrə qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. İddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi hal doğru olsa belə, yəni həqiqətən iddiaçının pensiyasının yenidən hesablnmasında dair əvvəlki qərarı qanunsuz inzibati akt olsa belə, cavabdeh orqan iddiaçıya münasibətdə qanunsuz əlverişli inzibati aktı, inzibati aktın qanunsuzluğunu şərtlərindirən halları bildiyi (bilməli olduğu) andan yalnız 1 il ərzində ləğv edə bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1157/2024 saylı qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-6137/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-6137/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3125/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3125/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver