Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3127/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibda, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın qanunsuz hesab edilərək tutlumuş pulun qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “aylıq pensiya məbləğinə yönəldilmiş tutulmanın dayandırılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1). Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iş üzrə iddia tələbi “əmək pensiyasından tutulmaların dayandırılması və xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək tutulmuş 294,44 manat məbləğində pulun qaytarılması” kimi dəyişdirilmişdir. Daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli digər qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən iddia tələbi “əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək tutulmuş 294,44 manat məbləğində pulun qaytarılması” kimi dəyişdirilmişdir (i.v.97,105). İddianın əsaslarına görə iddiaçıya 2011-ci ilin sentyabr ayında əmək pensiyası təyin olunmuşdur. Heç bir xəbərdarlıq edilmədən və razılığı olmadan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ona təyin edilmiş aylıq pensiya məbləğindən 77 manat məbləğində pul vəsaiti tutulmağa başlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək pensiyadan 77 manat məbləğində pul vəsaitinin tutulmasının qanunsuz və əsassız olduğunu bildirərək pensiyadan tutulmanın dayandırlmasının xahiş etsə də, heç bir faydası olmamışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondun xx.xx.2022-ci il tarixli, **********5 nömrəli cavab məktubunda aylıq pensiya məbləğinə yönəldilmiş tutulmanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən təxirə salınacağı qeyd edilsə də, dekabr ayında da aylıq pensiya məbləğindən 77 manat məbləğində pul vəsaiti tutulmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondu heç bir əsas olmadan ona təyin edilmiş aylıq pensiya məbləğindən qanunsuz olaraq hər ay 77 manat məbləğində pul vəsaiti tutur. Dövlət Sosial Müdafiə Fondu aylıq pensiya məbləğinə tutulma yönəldərkən özünün xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, tutulmanın qanunauyğun olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilmiş və xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək tutulmuş 294,44 (iki yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə təyin edilmiş pensiyanın yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə filiala müraciəti əsasında pensiyası yenidən hesablanraq 381 manata çatdırılmışdır. Ona göndərilmiş xx.xx.2022-ci il məktubda xx.xx.2011-ci il tarixdə Qanunun 26.1-ci maddəsinə əsasən pensiya hesablanarkən xx.xx.2006-xx.xx.2011-ci il olduğu halda texniki səhv olaraq 3226,32 manat hesablandığı qeyd olunmuş, xx.xx.2011-xx.xx.2022-ci il illərdə 294,44 manat artıq vermə aşkarlanmışdır. xx.xx.2022-xx.xx.2022-ci illərdə 294,44 manat tutulub Fondun büdcəsinə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdən iddiaçının müraciətinə əsasən dayandırılmışdır. Qanunvericiliyin tələblərinə əsasən artıq ödənilmiş məbləğin qaytarılması məsələsi inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Filial tərəfindən qərar qəbul olunarkən İnzibati icraat haqqında” Qanunun 82.3-xcü maddəsinin tələblərinə riayət edilmişdir. Lakin məhkəmə işə baxılarkən maddi və prosessual hüquq normalarını pozaraq tutulmuş pulun geri qaytarılması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Artıq ödənilmiş pulun iddiaçının pensiyasına əlavə edilməklə ödənişin davam etdirilməsi qanunvericiliyin tələblərnə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tədəblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Cavabdehin işə əlavə olunmuş **********8 saylı xx.xx.2022-ci il tarixli “əmək pensiyasının təyin edilməsi haqqında” qərarında təsbit olunanlardan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə baxılarkən məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən yenidən hesablanarkən pensiya sığorta kapitalı 2993,04 manat olduğu təqdirdə, 3226,32 manat hesablanmışdır. Nəticədə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödəmə müəyyən olunmuşdur. İşə əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” təyinatı alt sistemindən çıxarışa əsasən müəyyən olunur ki, iddiçının yaşa görə əmək pensiyası hüququ xx.xx.1991-ci il tarixdən yaranmış, ona cəmi 588,92 manat fərq məbləğində artıq ödəmə müəyyən edilmiş, iddiaçının pensiya məbləğindan xx.xx.2022-ci il tarixdə 0 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2023-cü il tarixdə 0 manat, xx.xx.2023-cü il tarixdə 0 manat və xx.xx.2023-cü il tarixdə 0 manat olmaqla cəmi, 294,44 manat məbləğində pul tutularaq hesaba bərpa edilmişdir. Konkret halda, iddiaçının Mərəkəzi Filiala qarşı dəqiqləşdirilmiş iddia tələbində qeyd edilən tutulmaların qanunsuz hesab edilməsi və xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək əmək pensiyasından 294,44 manat məbləğində tutulmuş pulun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə iddiaçı tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tutulmanın baş verdiyi xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək dövrdə qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan əmək pensiyaçısının razılığı olduqda və bu barədə müvafiq qərar qəbul edildikdə yalnız, artıq ödənilmiş əmək pensiyasının və ya əmək pensiyasına əlavənin məbləğini pensiyaçıdan tuta bilər. Lakin iş materialarına, o cümlədən, elə cavabdehin iddia ərizəsinə etirazına və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının belə bir razılığı olmadan, pensiya qanunvericiliyinin qeyd olunan tələbinə zidd şəkildə iddiaçının pensiyasından qeyd olunan dövr üzrə 294,44 manat məbləğində tutulmalar həyata keçirmişdir ki, onun bu hərəkətləri həm də inzibati icraat haqqında hüquq normalarına da ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbi baxımından, konkret halda da, məhz, iddiaçı etimad göstərdiyi pensiya təyinatı barədə qərar əsasında ona illər ərzində hər ay ardıcıl olaraq ona ödənilmiş pensiya hesabına yaşadığı və hazırda onun ahıl dövrünü yaşadığı və xərclədiyi həmin pul vəsaitini geri qaytarmaq iqtidarına malik olmadığı halda, cavabdeh tərəfindən artıq ödəniş adı ilə onun razılığı olmadan ondan hazırkı ilin yaşayış minimumu qədər (294,44 manat) pulun tutulması qanunsuzdur. Sözügedən Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.6-cı maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə iddiaçı tərəfindən yol verilməsi barədə cavabdehin heç bir əsaslandırması mövcud deyil, ümumiyyətlə, bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir…” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunaraq, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2022 – xx.xx.2022-ci il tarixədək tutulmuş 294,44 (iki yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslıdır. Odur ki, qeyd olunanlar baxımından məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5220/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3127/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3127/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver