Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3127/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X6) “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Xəzər rayonu “Şimal“ DRES ərazisindəki Bakı İEM-1 “Qırmızı Ulduz” Bağçılıq-bostançılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsəasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivində yerləşən sahəsi 600 kv.metr olan 58 saylı bağ sahəsinin 400 kv.metr hissəsinə dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu "Şimal" DRES ərazisindəki Bakı İEM-1 "Qırmızı Ulduz" Bağçılıq-bostanşılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu Şüvəlan bağ massivində yerləşən, sahəsi 600 kv.metr olan 58 saylı bağ sahəsi ona ayrılmışdır. Bağ torpaq sahəsini qanunamüvafıq qaydada özəlləşdirmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxslər tərəfindən hasarlanmış və bağ sahəsi istifadəsində deyil. Bundan əlavə, bağçılıqyoldaşlığa dair bölgü sxemi olmadığı üçün tərəfindən göstərilən bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan bölgü sxemini ərizəsinə əlavə edərək çıxarış və plan ölçü sənədi verilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. Müraciətinə bu dəfə də cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********52 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Sözügedən 600 kv.metr bağ torpaq sahəsinin 124 kv.metrinə Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti tərəfindən X1 adına **********35 saylı çıxarış işlənmiş və o ərazi daş hasara alınmışdır, bundan əlavə 48 kv.metri də Həsən Hənifəzadə tərəfindən heç bir sənəd olmadan daş hasara alınaraq öz həyətyanı sahəsinə qatılmışdır. Eyni zamanda 600 kv.metr bağ torpaq sahəsinin 5 kv.metrinə də X3 adına DƏDRX-i tərəfindən **********06 saylı çıxarış işlənmişdir. Həmçinin torpaq sahəsinin 65 kv.metrini də digər qonşu daş hasara almışdır. Yerdə qalan torpaq sahəsi də onun tərəfindən daş hasara alınmışdır. Cavabdehə müraciət edərkən qalan torpaq sahəsinə çıxarış verilməsini tələb etmişdir. Lakin cavabdeh əsassız olaraq onun müraciətinin həllindən imtina etmişdir. Əgər ərazinin bölgü sxemi yoxdursa, onda cavabdeh qonşu torpaq sahələrinə çıxarış verərkən hansı bölgü sxemindən istifadə etmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Müraciəti baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmişdir. Həmin İdarədən də 25 iyun 2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı göstərilən torpaq sahəsinin digər vətəndaşların istifadəsində olduğu məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığı üçün bağ sahəsinin yerləşdiyi sahəni müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən müxtəlif tarixli eyni məzmunlu məktublarla müraciətinin həllindən imtina edilmişdir. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassız hesab edilərək qanuni istifadəsində olan bağ sahəsinə dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Belə ki, ona ayrılaraq təhvil verilmiş bağ sahəsinin bir hissəsinə cavabdeh tərəfindən digər şəxslərin adına çıxarış işlənsə də yerdə qalan hissəsi tərəfindən daş hasara alaraq bu günədək mübahisəsiz istifadə etmişdir. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. İdarə tərəfindən istifadəsində olan bağ sahəsinin sənədləşdirilməsindən əsassız imtina edilməsi nəticəsində onun Azərbaycan Respublikasının vətəndaşı kimi qanunla qorunan hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və X6 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilərək işə mahiyyət üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında istinad etdiyi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (82)-19/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına gəlincə həmin işdə 400 kv.m deyil, 600 kv.m torpaq sahəsinə çıxarışın verilməsi tələb olunmuşdur. Hansı ki, həmin torpaq sahəsi hazırda mübahisələndirilən ərazidə yerləşmir. Torpaq sahəmin yeri və faktiki vəziyyət tam dəqiqləşdirildikdən sonra məhkəməyə yenidən müraciət olunmuşdur. Hələ cavabdehə ilkin müraciətlərində hazırki yeri göstərsə də, həmin dövrdə cavabdehin nümayəndəsi hansısa marağa görə onun torpaq sahəsinin başqa ərazidə olduğunu bildirmişdir. Həmin iş üzrə məhkəmə araşdırmları zamanı da onların təqdim etdikləri torpaq sahəsinin digər şəxslərin adlarına dövlət reyestrdə qeydə alındığını bildirilmişlər. Göründüyü kimi, hazırda mübahisələndiridiyi torpaq sahəsi bağların bölgü sxeminə əsasən 58 saylı bağ sahəsinin yerinə uyğun gəlir, əvvəllər mübahisə predmeti olmamış və bu torpaq sahəsi ilə bağlı cavabdehə digər şəxslər tərəfindən müraciət olunmadığı da qərarda öz əksini tapmışdır. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-N-04xxxx/2022 nömrəli, **********52 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxslər tərəfindən hasarlanmış və bağ sahəsi istifadəsində deyil. Bundan əlavə bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığı üçün tərəfindən göstərilən bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xəzər rayonu “Şimal” DRES ərazisindəki Bakı İEM-1 “Qırmızı Ulduz”Bağçılıqbostançılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsasən 58 saylı (600 kv.m) bağ sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-07282/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İEM-1 “Qırmızı Ulduz” Bağçılıq-bostançılıq Təsərrüfatının arxiv sənədləri, o cümlədən xx.xx.1988-ci il tarixli, 1 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 42822/2023 **********22 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir. Lakin bölgü sxemi aşkar olunmamışdır. Torpaq sahəsinə dair digər fiziki şəxsin müraciəti barədə vahid elektron kadastr bazasında məlumat aşkar olunmamışdır. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və ortofoto görüntüsü təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Şüvəlan bağ massivində yerləşən 58 saylı bağ sahəsinin torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha, faktiki olaraq 0,0392 hadır. Vətəndaşın bildirdiyinə əsasən onun bağının ərazisi (600 kv.m.) digər fiziki şəxslər tərəfindən inşa olunmuş hasarlarla 4 hissəyə bölünüb. Həmin dörd sahənin üçünü vətəndaş kənardan göstərdi, biri isə ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir. 392 kv.m vətəndaş həmin hissəni 3-4 sıra mişar daşı düzərək ayırmışdır, lakin sonradan digər fiziki şəxs tərəfindən həmin sərhəd sökülüb. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Sözügedən ərazidə bağların hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Kənardan iddia olunan 3 (üç) sahənin mərkəzindən koordinatlar: 1) X: 434284 Y: 4483354; 2) X: 434296 Y: 4483353; 3) X: 434302 Y: 4483340. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********57 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********39 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. “X7 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 206 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı ayrılmış Xəzər rayonu “Şimal” DRES ərazisindəki Bakı İEM-1 “Qırmızı Ulduz” Bağçılıqbostançılıq təsərrüfatının 1 saylı 22 yanvar 1988-ci il tarixli protokolundan çıxarışa əsəasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən, sahəsi 600 kv.metr olan 58 saylı bağ sahəsinin 124 kv.metrinə Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti tərəfindən X2 adına **********35 saylı çıxarış işlənmiş, və həmin ərazi daş hasara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-19/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-259/19 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 19/2018 saylı xx.xx.2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı o əsasla mümkün hesab etməmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-19/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir və bildirir ki, məhkəmənin qeyd etdiyi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-19/2018 saylı qərarındakı göstərilən tərəflər eyni olsada mübahisə predmeti eyni olmamışdır. Həmin qərardadda belə qeyd olunmuşdur ki, “...iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini onun özünün göstərə bilməməsi səbəbindən koordinatlarını müəyyən etmək mümkünsüzdür.” Göründüyü kimi, həmin mübahisə zamanı iddiaçı faktiki mövcud olan konkret hər hansı torpaq sahəsinə iddia etməmişdir. Hazırkı iş üzrə işin faktiki hallarından aydın olur ki, iddiaçı ona ayrılan torpaq sahəsinin yerini müəyyən etdiyini iddia edir və həmin torpaq sahəsinə dair hüquqlarının dövlət reyetsrində qeydiyyata alınmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “.....bağ sahəsinin onun istifadəsinə ayırıldığı vaxtdan 29 il müddətində iddiaçı tərəfindən istifadə edilməməklə bərabər, həmin illər ərzində onun yerini belə unutması hazırda işin mübahisəsiz halıdır.” Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən işə mahiyyəti üzrə baxmayaraq eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcud olması əsası ilə iddianı mümkün saymamışdır. İddiaçının torpaq sahəsindən istifadə etməməsi, yerini unutması və s. bu kimi hallara işə mahiyyəti üzrə baxılarkən qiymət verilməli və daha sonra yekun nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən hallarına dair hərtərəfli araşdırma aparıldıqdan sonra mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gəlinməli idi. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işə yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla yenidən baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X6) “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3127/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3127/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver