Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3128/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC)) “fərdi yaşayış evinin ipotekasına dair qeydiyyatın ləğv edilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3532/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Onunla "Bank VTB (Azərbaycan)" ASC arasında 07 iyun 2013-cü il tarixli 113710- NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sonradan bankın ona və digərlərinə qarşı "kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” qaldırdığı iddialar qismən təmin olunmuş, "ipoteka predmetinə yönəldilmə" hissəsində isə iddia tələbi tam rədd edilmilşdir. Belə nəticəyə gələrkən məhkəmələr "Bank VTB (Azərbaycan)" ASC ilə aralarında bağlanmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsi səbəbindən müqavilə bağlanmamış hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında da təsdiq etmişdir ki, məhkəmə qərarı ilə bağlanmamış hesab olunan ipoteka müqaviləsi üzrə aparılmış ipotekanın dövlət qeydiyyatı belə qeydiyyatı aparmış inzibati orqan tərəfindən ləğv edilməli və ya bu cür iddia məhz inzibati orqana qarşı qaldırılmalıdır. Odur ki, tərəflər arasında 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi məhkəmə qərarları ilə bağlanmamış hesab edildiyi üçün həmin ipoteka müqaviləsi əsasında o zaman aparılmış ipoteka qeydləri də ləğv edilməlidir...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışıdır: “...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə iddiaçının ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya məktub ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(103)- 7371/2020 saylı xx.xx.2021-ci il tarixli və 2(103)-4767/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır...” Üçüncü şəxs də həmçinin, iddiaya dair etirazında aşağıdakı əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir: “...xx.xx.2013-cü il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir və heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsində (qət etdi hissəsində) ipoteka müqaviləsinin ləğvi və ya xitamı barədə heç bir qeyd edilməmişdir. İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması ona məxsus yaşayış evinə yönəldilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsi). İpoteka haqqında Qanunun 30.6-cı maddəsinə görə yalnız ipoteka saxlayanın tələbləri tam ödənildikdə ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədi ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda İpoteka haqqında Qanuna əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Mübahisəli daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3532/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, 28 saylı evin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipotekadan azad edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşaığıdakılarla əsaslandırılmışdır: “ ...Qərar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ilə "Bank VTB (Azərbaycan)" ASC arasında 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sonradan Bank iddiaçıya və digərlərinə qarşı "kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” qaldırdığı iddialar qismən təmin olunmuşdur. Hazırki mübahisə üzrə İddiaçı əvvəlki məhkəmə mübahisələrindən fərqli olaraq ipoteka müqaviləsinin etibarsızlığı və ya müqaviləyə xitam verilməsi tələbi ilə deyil məhz ipotekanın dövlət qeydiyyatını aparan orqana qarşı inzibati mübahisə formasında məhkəməyə müraciət etmişdir. İnzibati orqanın ipotekanın qeydiyyatı ilə bağlı hərəkətərində qeyri-qanuniliyin olmasını önə çəkməklə iddia tələbini bu formada əsaslandırmışdır. Lakin ipotekanın dövlət qeydiyyatını aparan orqanın hərəkətlərində qanunsuz və əsassız heç bir şey yoxdur, ipotekanın qeydiyyatı Bankın müraciəti ilə həyata keçirildiyindən yüklülükdən azad olunma da bu qaydaya riayət edilməklə icra olunmalıdır. Bu əsaslara söykənərək dövlət orqanı haqlı olaraq iddiaçının müraciətinə imtina cavabı vermişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasnı, iddiaçının nümayəndəsi isə məhkəmə qərarlarına istinadən apellyasiya şikayətini əsasssız hesab edərək, birinci intansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələbələrinə nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Həmin Qanunun 17.4-cü maddəsinə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla iş materialları araşdırıldıqda, müəyyən olunan hallar aşağıdakılardan ibarətdir: Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdeh İddiaçı qarşı “əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə iddia tələbinə dair” iddiası rədd edilmiş və həmin qətnaməyə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə aşağıdakı kimi izah verilmişdir: - “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir; - həmin müqavilə öhdəliyin icrasını İddiaçı tələb edilməsi üçün əsas ola bilməz; - “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 113710- NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur, yəni istinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə - İddiaçı qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin həm sözügedən qətnaməsi, həm də həmin qətnaməyə dair izah qərardadı qanuni qüvvəsini almış və bu işin mübahisəsiz halıdır. Belə olan halda, qeyd olunan məhkəmə qərarları ilə müəyyən edilən halların bir daha sübuta yetirlməsi üçün, o cümlədən, hazırkı iddiaçı tərəfindən istər həmin banka qarşı ipoteka müqaviləsinin bağlanmamış və ya etibarsız sayılmasına, istərsə də konkret halda, inzibati icraat qaydasında hazırkı cavabdehə qarşı onun üzərinə mübahisəli daşınmaz əmlakın üzərindən ipoteka məhdudluğunun götürülməsi barədə öhdəliyin qoyulması tələbinə dair – iddiaların qaldırılmasına hər hansı prosessual zərurət müəyyən oluna bilməz. Çünki, birincisi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İkincisi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü və 20.4-cü maddələrinin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ipotekanın dövlət qeydiyyatı ləğv olunması üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış sözügedən məhkəmə qərarlarına əsasən iddiaçıya məxsus mübahisəli daşınmaz əmlaka dair ipoteka qeydiyyatının ləğv edilməsi cavabdeh inzibati orqanın qanunla üzərinə düşən öhdəliyi olduğu halda, bu öhdəliyini yerinə yetirməkdən əsassız olaraq imtina etmiş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, üçüncü şəxsin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3532/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3532/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3128/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3128/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver