Məhkəmə qərarları › İş №2-1(103)-3128/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3128/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3128/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıya xx.xx.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrinin yerinə yetirərkən aldığı hərbi travmaya görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4244/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli göndərişə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının Qərarı əsasında hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalalarının pozulması nəzərə alınaraq hərbi travmadır, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı xəsarətə görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən 1998-ci ildə travma almışdır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə xx.xx.2024 tarixli göndəriş verilmişdir. Lakin cavabdeh qurum imtina ilə cavab vermişdir. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya qoyulan diaqnoz əlillik səbəbi təyin etmir. Cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış əlilliyi təyin etmək üçün qanunvericiliyin tələb etdiyi bütün hüquqi sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ilkin əlillik vəziyyətinə Bakı 5 saylı Şəhər Poliklinikasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə iddiaçının əlillik vəziyyəti tibbi yoxlanışlar nəticəsində 2016-cı ilədək hər il 1 il müddətinə olmaqla təyin edilmişdir. Sonuncu dəfə 2016-cı ildə elektron qaydada 5 il müddətinə uzadılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı 5 saylı Şəhər Poliklinikasının və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-cü il tarixli göndərişləri əsasında əlavə əyani müayinəsi həyata keçirilməklə yoxlanmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının əyani müayinəsi aparılaraq müəyyən olunmuşdur ki, ona münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 204 saylı Qərar verilmişdir. Həmin qərarda “Travmatik mənşəli təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, sol tərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheiv orta otit. İkitərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində Cavabdehndə əyani müayinələrdə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı qulağında eşitmənin zəif olmasından və ürəyində olan ağrılardan, A/T yüksək olmasından şikayətlənmiş, əyani müayinə zamanı auskultasiyada ürək tonları aydın, aşağı ətraflarda periferik ödemlər izlənilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı travma nəticəsində sol qulağının təbil pərdəsinin cırıldığını, digər qulağında da eşitmə məhdudluğu olduğunu bildirmiş, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Medikamentoz preparatlardan Medforix, Tripliksam, Kardiomagnil qəbul etdiyini söyləmişdir. Eşitmə cihazı istifadə etdiyi müşahidə edilmiş, 5 metr aralı məsafədə otursa da, orta tonla danışıqları eşitmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 200/100 mm.cv.st olmuşdur. Azərbaycan Tibb Universitetinin xx.xx.2024-cü il tarixli BERA testinin nəticəsi “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir” kimi qeyd olunmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 80 db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da xx.xx.2024cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəciyin konsentrik hipertrofiyası (1.2 sm-1.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıllıb (HR=102)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏMAS-da vətəndaşa dair Mühəndis, kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4244/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4244/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə, ümumiyyətlə, məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Cavabdehn Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 saylı qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 saylı qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, cavabdehin apellyasiya şikayəti tam formal xarakterlidir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza nəticəsində verilən ekspert rəyindən müəyyən olunur ki, iddiaçıya təyin olunmuş əlilliyin səbəbli-əlaqəsini özündə etiva edən inzibati aktda göstərilən diaqnoz iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasdır. Ekspert rəyində xəstəliyin ağırlaşmaları gösərilmişdir. İddiaçının reabilitasiya olunma ehtimalı yoxdur. Tibdə 2 və 3-cü dərəcəli eşitmə problemi ilə bağlı sağalmağı bacaran heç kəs yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı ilkin olaraq xx.xx.2006-cı il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçıya eyni səbəblə xx.xx.2014-cü il tarixdə üçüncü dərəcə, xx.xx.2015-ci il tarixdə və xx.xx.2016cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 204 saylı Qərarına əsasən, Bakı şəhəri, Nəsimi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı hərbi xidmət dövründə 1998-ci ildə aldığı, xx.xx.2004-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profili hərbihəkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı və xx.xx.2010-cu ildə məhkəmə-tibbi ekspertizası tərəfindən təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Travmatik mənşəli, təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, soltərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheziv orta otit. İkitərəfli konduktiv davamlı ağır eşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşiməsi ilə” (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2004-cü il tarixli, 1715 saylı xəstəlik haqqında şəhadətnamə, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2010-cu il tarixli, 112/KEŞ saylı ekspert rəyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-2187/2010 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisi-otorinolarinqoloqun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. - İddiaçı xx.xx.2006-cı il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif–Qan dövranı sistemi xəstəlikləri=>İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri=>İ05-Mitral qapağın revmatik xəstəliyi=>İ05.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm aktiv baza İİ dərəcə qeyd edilmişdir. - İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif– Qan dövranı sistemi xəstəlikləri=>İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri=>İ05-Mitral qapağın revmatik xəstəliyi=>İ05.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm aktiv baza İİ dərəcə yarım kəskin gedişli. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı İ dərəc. QDÇ İİ qeyd edilmişdir. - İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif–Qan dövranı sistemi xəstəlikləri=>İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri=>İ05-Mitral qapağın revmatik xəstəliyi=>İ05.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm, aktiv faza İİ dərəcəli, yarımkəskin gedişli. Revmatik poliartrit. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı qeyd edilmişdir. - İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif–Qan dövranı sistemi xəstəlikləri=>İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri=>İ05-Mitral qapağın revmatik xəstəliyi=>İ05.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm, aktiv faza İİ dərəcəli, yarımkəskin gedişli. Revmatik poliartrit. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı qeyd edilmişdir. - İddiaçı əlillik vəziyyətinə Bakı 5 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2766003AAD58 saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas Başqa həzm orqanlarının digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı zədələnmələri, Xr.qastrit Burun arakəsməsinin yerdəyişməsi, burun çəpərinin əyriliyi [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİ mərh Ezofaqit, eroziv ezofaqit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması–Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. - İddiaçı əlillik vəziyyətinə Bakı 5 saylı Şəhər Poliklinikasının və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il, xx.xx.2024-cü il tarixli göndərişləri əsasında əlavə əyani müayinəsi həyata keçirilməklə yoxlanmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - İddiaçı sonuncu dəfə əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, X00200654FNN saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri. Yanaşı xəstəliklər: E11.İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min-1 dərəcə. İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dər. Ağırlaşma–H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə. Həmin göndəriş əsasında iddiaçıya diqanozun əlillik təyin etməməsi barədə imtina qərarı verilmişdir (imtina səbəbi kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeyd edilmişdir). - Cavabdeh İddiaçı əyani müayinənin nəticələrinə dair 18 oktyabr 2024-cü il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Tibb Universitetinin xx.xx.2024-cü il tarixli BERA testinin nəticəsi “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir” kimi qeyd olunmuşdur. Cavabdehndə xx.xx.2024-cü il tarixli Audimetriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 80 db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Cavabdehndə xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəcəyin konsentrik hipertrofiyası (1.2 sm-1.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61 %). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonduna aparılıb (HR=102)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində “... birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir“ dəlilinə istinad etmişdir. Halbuki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-1(112)-4244/2025 saylı qərardadından görünür ki, həmin qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tapşırılmış, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ ... 1) İddiaçı xx.xx.2006, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-ci il tarixlərdə əlillik təyinatı zamanı onda mövcud olan diqanozlar hazırda da müşahidə edilirmi? 2) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 204 № li qərarında qeyd edilən xəstəliklər (tarvmalar) hazırda iddiaçıda müşahidə edilirmi? 3) xx.xx.2024-cü il tarixli, X00200654FNN nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm də ağırlaşmalar) iddiaçıya əvvəlki illərəd aparılmış əlillik zamanı göstərilən diaqnozlarla və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 204 № li qərarında qeyd edilən xəstəliklərlə (tarvmalar) eyni, yaxud ayrı-ayrı xəstəlillərdir? 4) xx.xx.2024-cü il tarixli, X00200654FNN nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm də ağırlaşmalar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin hansı bəndinə uyğun gəlir (XBT-10 kodu qeyd olunmaqla)? 5) İddiaçıda olan xəstəliklərin reabilitasiya olunmaqla sağalması mümkündürmü?”. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4244/2025 saylı qərardadı icra edilmiş və birinci instansiyası məhkəməsinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş ekspert rəyində aşağıdakılar göstərilmidir: “ ... vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə yuxu altında aparılan Bera testi zamanı “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağır eşitmə müəyyən olundu ki, o, hazırda da qeyd edilən xəstəlikdən əziyyət çəkir (xx.xx.2011-ci il tarixli, 204 nömrəli Qərar). Vətəndaş İddiaçı xx.xx.2006, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərdə əlillik təyinatı zamanı onda mövcud olan diaqnozların hazırda da müşahidə edilməsini tibbi nöqteyi nəzərdən inkar etmək olmaz. Belə ki, xəstəliklər müalicə yolu ilə reabilitasiya olunmadığından xroniki dövrə keçir və insan yaşa dolduqca get-gedə ağırlaşır, müalicə daha da ağırlaşmasın və digər ağırlaşmalar olmasın deyə aparılır. Vətəndaş İddiaçı adına müvafiq tibb müəsissəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, X00200654FNN nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm də ağırlaşmalar) iddiaçıya əvvəlki illərdə əlillik təyinatı zamanı aparılmış diaqnozlarda eynilik təşkil etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 204 №-li qərarında qeyd edilən xəstəliklərdə (travmalar) eynilik təşkil etmir. Belə ki, əlillik təyinatı zamanı olan diaqnozlar hərbi xidmət dövründə alınmış travma ilə eynilik təşkil etmir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir”. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən kifayət qədər geniş araşdırma aparılmış, müvafiq ekspert rəyi alınmış və rəy əsasında iddiaçıya əvvəllər əlillik təyinatı aparılmasına əsas olmuş diaqnozların hazırda da iddiaçıda mövcud olması və həmin xəstəliklərin müalicə yolu ilə reabilitasiya olunmasının mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1-ci bəndinə əsasən, “bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir”. Həmin Qaydanın 2-ci bəndinə müvafiq olaraq, “şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Birinci instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçıya əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı qüvvədə olduğundan həmin Qaydaların normalarına əsasən əlillik təyin edilmişdir. Lakin sonradan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. İddiaçının ona 2-ci dərəcə əlillik təyin edilməsi ilə bağlı müraciəti zamanı “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olduğundan, iddia tələbinin əsaslı olub-olmaması müəyyən edilərkən həmin Meyarların tələbləri yoxlanılmalıdır. İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli X00200654FNN nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri. Yanaşı xəstəliklər - E11. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min -1 dərəcə. İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dər. Ağırlaşma – H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə. Qeyd edilən əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklərin iddiaçıda olması iş materiallarında olan ekspert rəyi ilə öz təsdiqini tapır. Eyni zamanda, həmin diqanozlar yuxarıda qeyd olunan Meyarlarda təsbit edilmişdir. İddiaçının əsas diqanozu eşitmə sinirinin xəstəlikləri, həmçinin ağırlaşması eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə kimi qeyd edilmişdir ki, Meyarların 9.1.4-cü bəndinə əsasən OFP faizi 50 faiz, əlilliyin müddəti isə müddətsiz qeyd edilmişdir. İddiaçıda olan yanaşı xəstəliklərin isə (E11. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dərəcə, İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min-1 İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə) hazırda da iddiaçıda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin iş materiallarına və ekserpt rəyinə əsasən müəyyən edilmişdir ki, həmin diaqnozlar iddiaçıya əvvəlki əlillik təyinatlarına əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası””nın 1.10-cu bəndinə əsasən, orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Həmin Qaydanın 1.11-ci bəndinə görə, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydanın 1.14-cü bəndinə müvafiq olaraq, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən edilir ki, Meyarların 9.1.4cü bəndinə əsasən 50%, digər diqanoz üzrə yanaşı xəstəlillərin hər biri üzrə 5% əlavə edildikdə (ümumilikdə 20%) iddiaçıda OFP faizi 70% müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydalarını sadalanan normalarının tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla faiz götürülür, həmçinin əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə əlillik təyinatı aparılır. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Qaydaların normalarını hazırkı işə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə (OFP 61-80%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4244/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4244/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar