Məhkəmə qərarları › İş №2-1(103)-3129/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3129/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3129/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X11 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü çəxslər X13 və digərləri) “şəhadətnamənin etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1, X15, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh “Bakı şəhər Tikinti”Trestinin 21 saylı tikinti idarəsinin xx.xx.2001-ci il tarixli, 000275 saylı şəhadətnaməsinin və özəlləşdirməsinin nəticələrinin etibarsız hesab olunaraq ləğv edilməsi və xx.xx.2001-ci il tarixdən başlayaraq qərar qəbul edilən tarixə dividentlərin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul qəbul edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair qərardadı ləğv edilmişdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçıların “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsinin xx.xx.2001-ci il tarixli, 000275 saylı şəhadətnaməsinin etibarsız hesab edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13, X7, X8 və X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/2023 saylı, 20 iyun 2023-cü il tarixli qəradadı ilə iddiaçılar İddiaçı1, X15, İddiaçı3 və İddiaçı4 iddiası mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı iş üzrə iddiaçıların tələbi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsinin X4, X1, X3 və X2 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 000275 saylı şəhadətnamənin etibarsız hesab edilməsindən ibarətdir. İş materiallarında olan 21 saylı Tikinti İdarəsinin xx.xx.2001-ci il tarixə İşçilər haqqında Məlumatından görünür ki, 21 saylı Tikinti İdarəsinin işçiləri X16, X10, X14 və X7 olmuşdur. Göründüyü kimi, “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsi özəlləşdirildiyi zaman iddiaçıların, yəni İddiaçı1, X15, İddiaçı3 və İddiaçı4 adları İdarə özəlləşdirilən dövrdə həmin İdarənin işçilərinin siyahısında mövcud olmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ mövcudluğu ilə bağlı qeyd edir ki, İddiaçı1 məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsində işləmişdir. Göründüyü kimi, iddiaçılardan İddiaçı1 xx.xx.1979-cu il tarixdən öz xahişi ilə İİ dərəcə əlilliklə bağlı “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsindən işdən azad olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçılardan X5 “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsində həmin İdarə özəlləşdirilən dövrdə işləməsi ilə bağlı qeyd edir ki, X5 həmin dövrdə 21 saylı tikinti idarəsində işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmır. Məhkəmə iddiaçılardan İddiaçı4 subyektiv hüququ ilə bağlı qeyd edir ki, İddiaçı4 öz subyektiv hüququnu X6 qanun üzrə vərəsəsi olması ilə əsaslandırsa da, buna dair hər hansı sübut (vərəsəlik haqqında şəhadətnamə və s.) təqdim etməmişdir. Həmçinin, X6 21 saylı tikinti idarəsi özəlləşdirilən dövrdə həmin İdarədə işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmır. Məhkəmə iddiaçılardan İddiaçı3 iş materiallarında olan İddiaçı3 məxsus АЗЕ ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı3 xx.xx.1988-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsində işləmişdir. Göründüyü kimi, iddiaçılardan İddiaçı3 xx.xx.2012-ci il tarixədək “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsində işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılardan yalnız İddiaçı3 irəli sürülən tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, iddia tələbi cavabdehin xx.xx.2001-ci il tarixli 000275 saylı şəhadətnamənin etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının hüquqi marağı, iddia tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, etibarsız inzibati aktlar qəbul edildiyi andan yararsız, əhəmiyyətsiz olduğuna və bu baxımdan heç bir hüquqi nəticə yaratmadığına, yəni iddia predmeti mövcud olmadığına görə, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bununla belə, həmin inzibati aktın etibarsızlığının tanınmasında xüsusi hüquqi müdafiə marağının mövcud olduğu hallarda, şəxs tanınma haqqında iddia vasitəsi ilə məhkəmədən həmin inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Bu növ iddialara münasibətdə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, xüsusi mümkünlük şərtləri nəzərdə tutulur. Belə ki, İnzibati Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin normanın təfsiri baxımından iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın etibarsızlığının tanınmasında maraqlı olmalı və müəyyən məqsəd güdməlidir (məsələn, inzibati aktın mövcudluğu görüntüsünün aradan qaldırılması, həmin aktın onun şəxsi və işgüzar nüfuzuna neqativ təsirinin istisna edilməsi və sairə). Başqa sözlə, iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən mümkünlük şərtləri (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən yan qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Həmin normaya görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir.. Belə ki, iş materiallarında olan İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5506/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarında (qərarın 3-cü səhifəsində) hazırkı iddia ilə mübahisələndirilən inzibati aktın, yəni Azərbaycan Republikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000275 №-li, xx.xx.2001-ci il tarixli şəhadətnamənin surətinin iş materiallarına əlavə edildiyi qeyd edilmişdir. Eyni məlumatlar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(112)-5508/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-1(112)- 5507/2020 nömrəli xx.xx.2020ci il tarixli qərarlarında da qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı3, o cümlədən digər iddiaçılar hazırkı iddia ilə mübahisələndirilən 000275 №-li, xx.xx.2001-ci il tarixli şəhadətnamə haqqında ən geci xx.xx.2020-ci il tarixdə məlumatlı olsalar da, hazırkı iddia tələbi ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdirlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar