Məhkəmə qərarları › İş №2-1(103)-3129/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3129/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3129/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-6737/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23 dekabr 2024-cü il tarixli, 3-21-3/2-Ə-2572-8/2024 nömrəli məktubunda qeyd edilmiş imtinasının əsassız hesab olunmasını və ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən, mülkiyət hüququ ilə iddiaçıya məxsus olan 32.8 kv.metr qeyriyaşayış sahəsinin tərkibində yerləşən və 45 kv.metrdən ibarət olan hissəsi barədə qəbul edilmiş, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli beş mərtəbəli binanın zirzəmisində yerləşən 32.8 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçının bu hüququ, keçmiş AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş, 10 iyun 2003-cü il tarixli, 000669 nömrəli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış sahəsi bu günə qədər iddiaçının mülkiyyətində olmaqla, eləcə də qanuni sahiblik və istifadəsindədir (şəhadətnamə və texniki pasport əlavə olunur). Həmçinin, xx.xx.2025-ci il tarixli çıxarışla, eləcə də xx.xx.2025-ci il tarixli texniki pasportla iddiaçının bu hüququ tam olaraq müəyyənləşir (çıxarış və texniki pasportun kserosurətləri əlavə olunur). Bununla belə, qeyd edilən qeyri-yaşayış sahəsi ümumilikdə 78 kv.metrdir və iddiaçının mülkiyyətinə daxil olan hissədən əlavə olaraq, 45 kv.metr hissəsi onün (iddiaçının) mülkiyyətində olmasa da, mülkiyyətində olan sahə ilə birlikdə uzun illərdir ki, onun tərəfindən sahiblik və istifadə olunur. Çünki qeyd edilən qeyriyaşayış sahəsinə hələ mülkiyyət hüquqlarının yaranmasından qabaq, icarəyə götürən kimi qanuni sahiblik və istifadə etmiş və hal-hazırda da bu hərəkətlər davam edir. Bundan başqa, iddiaçının mülkiyyətində olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinə daxil olmaq, ondan istifadə etmək və digər hüquqlarını həyata keçirmək üçün vahid, yəni bir giriş qapısı vardır ki, yalnız həmin qapıdan içəri daxil olmaqla bu mümkündür. Lakin, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-16(010)-283/2024 nömrəli qəradadını əsas gətirməklə, haqqında danışılan sahədən (iddiaçının mülkiyyəti də daxil olmaqla), ümumilikdə 78 kv.metr olan hissədən istifadə olunması və digər qadağaların tətbiqi barədə rəsmi məlumat verilməklə qeyriyaşayış sahəsinə girişi qadağan etmişdir. Düzdür, sonradan həmin qərardaddan verilmiş şikayət əsasında məhdudiyyət aradan qaldırılmış olsa da, lakin işlə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, qərardadın qəbul edilməsini istəyən, hal hazırda bu iş üzrə üçüncü şəxs olan X4 olmuş və onun tərəfindən də məhkəməyə 30 avqust 2024-cü il tarixli, 5112 nömrəli "Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında Müqavilə" təqdim etmişdir. Müqaviləni əldə etdikdən sonra bəlli olmuşdur ki, bu müqavilənin bağlanmasının hüquqi əsası kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamı çıxış etmişdir (bu barədə müqavilənin 1.1-ci maddəsində göstərilir). Ancaq həmin Sərəncamın verilməsi (qəbul edilməsi, çıxarılması və s.) zamanı Xidmətin əməkdaşları yerdə baxış keçirməmişlər, icarəyə verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinin uzun illərdir iddiaçının sahiblik və istifadəsində olmaqla yanaşı, onun (iddiaçının) mülkiyyətində olan sahə ilə vahidlik, yəni tamlıq təşkil etdiyini də nəzərə almamışlar. Məhz bundan istifadə edən Mirhaşım Yusifov da qəsdən həmin sahəni onunla icarə müqaviləsinin bağlanmasına nail olaraq, dolayı yolla iddiaçının mülkiyyətinə olan sahənin istifadəsinə, sahibliyinə və eləcə də sərəncam hüquqlarının həyata kerçirilməsinə əsassız və qanunsuz müdaxilələr etməyə nail olmuşdur. Belə ki, hal-hazırda Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-16(010)-318/2024 nömrəli qərardadı ilə üçüncü şəxsə icarəyə verilmiş sahədən istifadə edilməsinin və digər qadağaların tətbiqi nəticəsində, iddiaçı özünə məxsus olan və bu qərardadın təsiri altına düşməyən mülkiyyətinə daxil ola bilmir. Bunun da səbəbi, mülkiyyətçi gərək üçüncü şəxsə icarəyə verilmiş sahə vasitəsi ilə öz mülkiyyətinə daxil ola bilsin. Nəticədə, mülkiyyətçinin mülkiyyət hüquqları dolayı yolla məhdudlaşdırılmaqla, mülkiyyətinə müdaxiləni yaratmışdır. Düzdür, qeyd edilən qərardaddan verilmiş şikayət hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (hakim Fuad Abdıyevin sədrliyi ilə). Ən azından, icarəyə verilmiş sahə iddiaçıya verilməli idi, ona görə ki, Mirhaşım Yusifovdan qeyd edilən sahənin icarəyə götürülməsinə münasibətdə iddiaçının üstünlük hüququ vardır. Çünki 45 kv.metr hissə ilə mülkiyyətdə olan 32.8 kv.metr hissə arasında heç bir arakəsmə yoxdur, heç bir ayrıcı şərtlər və ya sənədlər üzərində işarələrlə ayrılmamış və nəhayət, qeyri-yaşayış sahəsi olan zirzəmiyə giriş birdir. Nəticədə, bundan sonra Mirhaşım Yusifov icazə verməsə iddiaçı öz mülkiyyətinə daxil ola bilmir. Bunun bariz nümunəsi odur ki, iş üzrə üçüncü şəxs sonradan təkrarən Suraxanı rayon Məhkəməsinə müraciət edərək ona ayrılmış sahədən istifadə edilməsinin və s., bu kimi digər qadağaların qoyulması barədə məhkəmənin yuxarıda qeyd edilən qərardadını əldə etmişdir. Bunun da səbəbi odur ki, burada ayrıayrılıqda 45 və 32 kv.metr sahələr mövcud deyildir. Sahə vahiddir və bu günə qədər də iddiaçının sahiblik və istifadəsindədir. Arakəsmə də olmamışdır ki, qeyd edilən bu sahələrin ayrı-ayrılıqda istifadəsi mümkün olsun. Sadəcə olaraq, iddiaçının mülkiyyətində olan 32,8 kv.metr sahəyə giriş 45 kv.metr olan hissədən olduğundan, artıq 45 kv.metr sahənin qapısının bağlanması yekunda 32,8 kv.metr sahədən mülkiyyətçinin istifadəsini (eləcə də sahiblik və mülkiyyətçi olaraq bütün hüquqlarını) tam məhdudlaşdırır. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı sərəncamın ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müraciətlərinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.2 kv.m olan qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuş və daşınmaz dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Daha sonra qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair balanssaxlayıcı təşkilatın razılıq məktubu nəzərə alınaraq, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 5112 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X1 icarəsinə verilmişdir. Qeyd edilən sahə icarəyə verilərkən inventarlaşdırma aparılmış və sahənin ayrıca girişinin olduğu tərtib edilmiş eskizində əks olunmuşdur. Bundan əlavə, balanssaxlayıcı tərəfindən heç bir konstruktiv dəyişiklik edilmədən və sakinlərin hüquqları pozulmadan həmin sahənin icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-6737/2025 saylı qərardadı ilə (hakim B.Cəlalov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-6737/2025 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-6737/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırda iddiaçının hüquqi marağı ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən, mülkiyət hüququ ilə iddiaçıya məxsus olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinin tərkibində yerləşən və 45 kv.metrdən ibarət olan hissəsi barədə qəbul edilmiş, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın ləğv olunması ilə bağlıdır. Lakin işdən göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamına əsasən dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi tərəfindən daşınmaz dövlət əmlakı obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqdim edilmiş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. Siyahıda icarəçisi X4 olacaq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi də nəzərdə tutulmuşdur. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 30 avqust 2024-cü il tarixli, 5112 nömrəli icarə müqaviləsinə əsasən “İcarəyəverən” İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamına əsasən ünvan 1 (registr № ***-*******6-003) ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 45,2 kv.m təşkil edən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə “İcarəçi”nin (X1) müddətli istifadəsinə verir. X1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilmiş, qərardaddan xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən şikayət verilmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mübahisə predmeti olan sərəncamdan məlumatlı olmuş, lakin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 30 günlük müddəti ötürmüşdür. Həmçinin, iddiaçı Xidmətə xx.xx.2024-cü il tarixli, ********** saylı məktub ilə müraciət etmiş və məktuba Xidmət ilə X4 arasında bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. Məktubun məzmunundan və qoşma edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı uzun müddət ərzində mübahisəli qeyri-yaşayış sahəsinin X1 icarəsinə verilməsi barədə Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 138 nömrəli sərəncamdan və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5112 nömrəli icarə müqaviləsindən məlumatlı olmuşdur. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-6737/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar