Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-313/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5436/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamına əsasən Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamı əsasında qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran yeganə hal odur ki, elektron kadastr məlumatlara əsasən iddia olunan torpaq sahəsi Mərdəkan bağ massivində yerləşmə yanaşı, qonşuluqları bağ sahələri kimi qeydiyyatdan keçmişdir. İddiaçı bəyan etmişdir ki, sözügedən torpaq sahəsinin bağ massivində yerləşməsi səbəbi ilə müraciətindən imtina olunması qanunsuzdur. Belə ki, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncam olmuşdur ki, həmin sərəncam hazırki günədək qüvvəsindədir. Cavabdehin birinci instansiya icraatı zamanı iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşir və qonşu ərazilər bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin mütəxəssisləri tərəfindən aparılan çölölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1162 kv.m təşkil edir. Göstərilən ərazi şimaldan 935ş, qərbdən 933c, şərqdən 966 saylı bağ sahələri ilə əhatə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5436/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 1995-ci il tarixli 148 saylı sərəncamına əsasən Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində C-280№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbini edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(103)-2650/2021 saylı qərardadı ilə Xəzər Rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 03 aprel 1995-ci il tarixli 148 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 72, mənzil 4-də yaşayan İddiaçı Mərdəkan qəsəbəsində S-280 nömrəli sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısı Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2011-ci il tarixli, 04 saylı sxem və xəritədən çıxarışın surətindən görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində ayrılmış S-280 saylı 1200 kv.m torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Həmin plan-sxem Xəzər rayon İcra Hakimiyyəti başçısının Təsərrüfat Şöbəsi tərəfindən təsdiq olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Mərdəkan bağ massivində yerləşdiyindən və qonşuluqları bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyindən onun müraciətinin müsbət həlli mümkün olmamışdır - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məktubunda qeyd olunmuşdur ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) 03.04.1995-ci il tarixli, 148 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Cavab məktubuna əlavə olunmuş Bakı şəhər Əzizbəyov rayonu İcra Hakimiyyətinin ümumi şöbəsinin “Sərəncamlarının qeydiyyat kitabı”nın 29-cu vərəqində 148 nömrəli sərəncam qarşısında “Əzizbəyov rayon İcra Hakimiyyəti aparatında struktur dəyişikliyi” göstərilmişdir. - Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1995-ci il üzrə qəbul olunmuş sərəncamlar Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən, qeyd olunan sərəncamın və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin təqdim olunması mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, C-280№-li sahədə yerləşən 1200 kv.m torpaq sahasi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 148 saylı, 03 aprel 1995-ci il tarixli sərəncamına əsasən ayrıldığından, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1991-ci il redaksiyasına) 7-ci maddəsinə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Həmin Məcəllənin 22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək. Həmin Məcəllənin 23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 100-cü maddəyə əsasənn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Eyni zamanda həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; -2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; -23-cü bəndinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; -25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; -26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir.Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçılarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab edilir. Eyni zamanda oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına görə vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmış torpaq sahələri ilə bağlı İcra Hakimiyyəti başçıları tərəfindən qəbul edilmiş sərəncamlar, onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayılır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan torpaq sahəsinin Mərdəkan bağ massivində yerləşməsi ilə bağlı qeyd edir ki, bağ massivində yerləşən torpaq sahələrinin yaınız bağlar təsərrüfatı idarələri tərəfindən ayrılmalı olması nəticəsi düzgün deyildir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci yarımbəndinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; Göründüyü kimi, bağ sahələri üçün vətəndaşa ayrılan torpaq sahələri təkcə bağlar təsərrüfatı idarələrinin deyil, həmçinin bələdiyyələrin ehtiyat fondunun balansında olmuşdur. Qanunvericilik bələdiyyələrin ehtiyat fondunda olan torpaq sahələrinin bağ evlərinin tikintisi üçün ayrılmasını şərtləndirilmişdir ki, bu səlahiyyətin icrası bələdiyyələr formalaşana qədər icra hakimiyyətinə məxsus olmuşdur. Cavabdeh orqan tərəfindən apellyasiya icraatı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərin surətindən görünür ki, iddiaçıya məxsus olan torpaq sahəsi, həmçinin, onun qonşuluğunda yerləşən 935ş, 933c və 966 saylı bağ sahələri dövlət mülkiyyətində olmaqla müvafiq olaraq Bakı şəhər XDS-nin və müvafiq icra hakimiyyət orqanlarının qərarları əsasında vətəndaşlara fərdi ev tikintisi üçün və yaxud bağ sahələri kimi ayrılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi bağ massivində yerləşsə də, Əzizbəyov rayon İcra Hakimiyyəti həmin dövrdə torpaq sahəsinin ayrılması səlahiyyətində olmuş, həmin səlahiyyət çərçivəsində icra hakimiyyəti başçısı tərəfindən torpaq sahəsi ayrılmış və torpaq sahəsinin hüdudları sxem (torpaq sahəsinin xəritəsi) ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5436/2021 saylı, 12 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-313/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-313/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver