Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-313/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəsimi rayon VVAQD Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 051387 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X13 04 may 2003-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003-cü ilin may ayının 13-ü günündə 482 nömrə ilə qeyd edilmişdir.
2. xx.xx.2005-ci il tarixdə iddiaçıya 04 may 2003-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi olması ilə bağlı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
3. Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına əsasən X10 Ləhiş Ərazisində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsi ayrılmasına dair order verilmişdir. Bağ sahəsinin yerləşmə sxemi əlavə edilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən X10 ünvanlanmış 19 sentyabr 2002-ci il tarixli məktuba əsasən X2 və İstismarı Birliyi ona Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir.
5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4701 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın, 4690-4710 saylı bağ sahələrinə dair bölgü sxeminin İdarənin arxivində aşkar edilməməsi bildirilmiş, sorğu ilə əlaqədar olaraq Ləhiş bağ sahəsi 4700 saylı bağ sahəsinə dair müvafq sənədlərin təsdiq edilmiş surətləri, eləcə də, sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********73 nömrəli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5143 nömrəli bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı X6 müraciətinə cavab olaraq verilmiş məktub təqdim edilmiş, həmin məktubda M.Sanayevə müraciəti ilə əlaqədar bildirilmişdir ki, təqdim edilən bağ sahəsinin verilməsi haqında Bakı şəhər XDS-nin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 5143 nömrəli bağ sahəsinə uyğun gəlmədiyi, digər bağların ərazisində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin qeyd edilən əraziyə digər fiziki şəxslərin də müraciəti qeydə alınmışdır.
7. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********31 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən yerli baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən kənardan digər fiziki şəxslər tərəfindən hasarlanmış iki sahə göstərilmiş, nümayəndənin bildirdiyinə əsasən onların 4701 saylı bağ sahələri sözügedən iki sahənin hasar daxilində yerləşir. Sözügedən bağ sahəsi mübahisəlidir. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamış, bağ ahələri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun hasarlandıqdan sonra baxılmasının məqsədəuyğun olması, əraziyə digər fiziki şəxsin müraciətinin mövcud olması bildirilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktuba əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılarkən qeyd olunan torpaq sahəsinin faktiki olaraq istifadəsində olmadığı məlum olmuşdur. Həmçinin İdarənin arxivində xx.xx.2004-cü il tarixdə X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş akt ilə 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi barədə məlumat mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmış, qonşu torpaq sahəsi ilə eyni hasar daxilindədir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən nümayəndə tərəfindən kənardan göstərilən iki sahə digər fiziki şəxslər tərəfindən hasarlanıb. Nümayəndənin bildirdiyinə əsasən, onların 4701 saylı bağ sahələri sözügedən iki hasar daxilində yerləşir. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Sxematik xəritəyə əsasən faktik iddia olunan iki hasarlanmış sahə 4701 və 4702 saylı bağların ərazisidir.
10. Məhkəmənin sorğusuna əsasən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 14990/2023 **********90 nömrəli məktubla keçmiş X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2004-cü il tarixli aktın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş akta əsasən 4701 və s. saylı bağ sahələrinə verilmiş orderlərin Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsas götürülərək və gələcəkdə həmin bağ sahələrinin zibilxanalara çevrilməsinin qarşısının alınması məqsədilə ləğv olunaraq boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına uyğun olaraq 26 №-li 05 aprel 1989-cu il tarixli order əsasında ayrılmış Ləhiş ərazində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsinin mərhum yoldaşı X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum yoldaşı X10 Əfqanıstan müharibəsində iştirakı ilə əlaqədar olaraq Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarı ilə Ləhiş ərazisində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsinə dair 26 nömrəli 5 aprel 1989-cu il tarixli oder əsasında mərhum yoldaşının adına verilmiş, onun torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Eyni zamanda X2 və İstismarı Birliyinə müraciət əsasında Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qərarları əsasında istifadəsində olan bağ sahəsinə hasar tikilməsinə də icazə verilmişdir. Lakin, mərhum yoldaşının xx.xx.2003-cü il tarixdə vəfatı ilə əlaqədar həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müraciətlərdə gecikmə olmuş, vəfat tarixindən 2 il sonra məhkəmə qətnaməsi əsasında mərhum yoldaşının vərəsəsi qismində tanınmışdır. Bundan sonra isə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə imtina məktubu ünvanlayaraq bağ sahəsinə dair mübahisə olduğunu, bağ sahəsinin bir hissəsinin 4700 saylı bağın ərazisinə düşməsi səbəbindən bağ sahəsinin sənədləşdirilməsindən imtina etmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2975/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.
14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4701 saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair xx.xx.2015-ci il tarixdə İdarəyə müraciət etmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi mübahisə predmetidir. İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin bir hissəsi “4700” saylı bağın ərazisinə düşür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********45 saylı xx.xx.2015-ci il tarixli məktub ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilmiş bağ sahəsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5143 nömrəli bağ sahəsi kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X6 müraciəti İdarəyə daxil olmuşdur.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə tərəfindən cavabdehin dəlilləri araşdırılmış, araşdırma nəticəsində işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilmişdir ki, 4701 saylı bağ sahəsi iki sahənin hasar daxilində yerləşir, sxematik xəritəyə əsasən faktiki iddia olunan iki hasarlanmış sahə 4701 bağın ərazisidir. Göründüyü kimi, iddiaçının iddia etdiyi bağın yerləşməsi sxematik xəritəyə əsasən öz yerinə, yəni 4701 nömrəli bağın ərazisinə uyğun uyğun olmuş, belə olan təqdirdə 5143 nömrəli bağ sahəsinə iddiası olan 3-cü şəxsin müraciətində göstərdiyi torpaq sahəsinin 5143 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlməsi mümkün deyildir. Bu səbəbdən də, cavabdehin sözügedən dəlilləri əsassız hesab edilməlidir.
17. Eləcə də, 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli aktın mövcud olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin akt bağların yerində yoxlaması-reydi zamanı tərtib edilmiş akt olmaqla, aktda bağların yoxlama zamanı mövcud vəziyyətinə dair məlumatlar əks olunmuş və həmin məlumatlara əsasən orderin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən akt əsasında X12 tərəfindən orderin ləğv edilməsinə dair hər hansı bir qərar, protokol, sərəncam və s. qəbul edilməsi barədə sübut aşkar edilməmişdir.
18. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin akt orderin ləğv edilməsinə əsas olmuş sübut kimi qiymətləndirilə bilmədiyindən cavabdehin həmin dəlili də, əsassız hesab edilməlidir.
19. Birinci instansiya məhkəməsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.8-ci, 12.1-ci, 15.1-ci, 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 139-1.1.8-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin arxivində xx.xx.2004-cü il tarixdə X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş akt ilə 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi və həmin torpaq sahəsinin boş bağların balansına keçirilməsi barədə məlumat mövcuddur. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən order idarənin arxivində aşkar olunmadı. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin bir hissəsi 4700 saylı bağın ərazisinə uyğundur. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X11) müraciəti qeydə alınmışdır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə olunduğu və torpaq sahəsi üzərində mübahisə predmetinin olduğu məlum olmuşdur.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
24. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-647/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsini və apellyasiya baxışı zamanı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş QuliyevaOfeliya Misir qızının iddiaçının iddia etdiyi bağ sahəsinə dair iddiaçı ilə aralarında mübahisə olmaması ilə bağlı notarial təsdiq edilmiş ərizəsini təqdim etmişdir.Həmçinin, məhkəmə Kollegiyası İPM-in 62-3-cü maddəsinə əsasən 3-cü şəxs QuliyevaOfeliya Misir qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
26. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
29. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
30. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
35. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
36. İşin hallarından müəyyən edilmişdir ki, Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına əsasən X10 Ləhiş Ərazisində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsi ayrılmasına dair order verilmişdir. Bağ sahəsinin yerləşmə sxemi əlavə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən 19 sentyabr 2002-ci il tarixli məktubla X10 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir. X13 04 may 2003-cü il tarixdə ölmüş, xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı 04 may 2003-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi müəyyən edilmişdir. İddiaçı mərhum ərinə ayrılmış bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
37. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin bir hissəsi “4700” saylı bağın ərazisinə düşür. Əlavə olaraq iddiaçı tərəfindən göstərilmiş bağ sahəsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5143 nömrəli bağ sahəsi kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X6 müraciəti İdarəyə daxil olmuşdur. Torpaq sahəsinin faktiki olaraq istifadədə olmadığı məlum olmuş, həmçinin İdarənin arxivində xx.xx.2004-cü il tarixdə X2 və İstismarı Birliyi tərəfindən tərtib edilmiş akt ilə 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi barədə məlumat mövcuddur. Torpaq sahəsi qonşu torpaq sahəsi ilə eyni hasar daxilindədir.
38. Məhkəmə Kollegiyası tərəfindən cavabdehin dəlilləri araşdırılmış, araşdırma nəticəsində işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilmişdir ki, 4701 saylı bağ sahəsi iki sahənin hasar daxilində yerləşir, sxematik xəritəyə əsasən faktiki iddia olunan iki hasarlanmış sahə 4701 bağın ərazisidir. Göründüyü kimi, iddiaçının iddia etdiyi bağın yerləşməsi sxematik xəritəyə əsasən öz yerinə, yəni 4701 nömrəli bağın ərazisinə uyğun uyğun olmuş, belə olan təqdirdə 5143 nömrəli bağ sahəsinə iddiası olan 3-cü şəxsin müraciətində göstərdiyi torpaq sahəsinin 5143 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlməsi mümkün deyildir. Bu səbəbdən də, cavabdehin sözügedən dəlilləri əsassız hesab edilməlidir.
39. Eləcə də, 4701 saylı torpaq sahəsinə dair verilmiş orderin ləğv edilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli aktın mövcud olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, həmin akt bağların yerində yoxlaması-reydi zamanı tərtib edilmiş akt olmaqla, aktda bağların yoxlama zamanı mövcud vəziyyətinə dair məlumatlar əks olunmuş və həmin məlumatlara əsasən orderin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sözügedən akt əsasında X12 tərəfindən orderin ləğv edilməsinə dair hər hansı bir qərar, protokol, sərəncam və s. qəbul edilməsi barədə sübut aşkar edilməmişdir.
40. Belə olan təqdirdə məhkəmə Kollegiyası hesab edir ki, həmin akt orderin ləğv edilməsinə əsas olmuş sübut kimi qiymətləndirilə bilmədiyindən cavabdehin həmin dəlili də, əsassız hesab edilməlidir.
41. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, eyni zamanda idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə olunduğu və torpaq sahəsi üzərində mübahisə predmetinin olduğu məlum olmuşdur.
42. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-647/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsini (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 4702 B saylı bağ sahəsinin QuliyevaOfeliya Misir qızının istifadəsində olması faktı təsdiq edilmişdir.) və apellyasiya baxışı zamanı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X4 iddiaçının iddia etdiyi bağ sahəsinə dair iddiaçı ilə aralarında mübahisə artıq həll olunması ilə bağlı notarial təsdiq edilmiş ərizəsini təqdim etmişdir.
43. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
44. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli 11/632 saylı qərarına uyğun olaraq 26 №-li 05 aprel 1989-cu il tarixli order əsasında ayrılmış Ləhiş ərazində 0.12 ha ölçüdə 4701 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X10 məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.
45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X10 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X10 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.