Məhkəmə qərarları › İş №2-1(103)-3130/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3130/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3130/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “inşa edilmiş fərdi yaşayış evinin ilkin rəsmiləşdirməsi ilə bağlı evin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RİH-ə qarşı «inşa edilmiş fərdi yaşayış evinin ilkin rəsmiləşdirilməsi ilə bağlı evin mövcud vəziyyətinə dair sərəncam verilməsi və eskiz layihəsinin təsdiq edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadının ləğv edilməsini, inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə və istifadəsinə ayrılmasıyla bağlı bələdiyyə qərarından çıxarış, torpağa dair ödənilən ödəniş qəbzi, İcra Hakimiyyətinin 754 saylı razılıq məktubu ola-ola məhkəmə iddianı mümkün saymamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadının ləğv edilməsini, inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 1-ci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi müvafiq meyarlara (ölçü, mərtəbəliyi və s. baxımından) cavab verən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı “tikintiyə icazə” sənədinin alınmasını deyil, məlumatlandırma icraatının həyata keçirilməsini nəzərdə tutur. Məlumatlandırma icraatı isə, fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur və bununla bağlı müraciətə baxmaq və müvafiq tədbir görməkdə səlahiyyətli qurum kimi yerli icra hakimiyyəti orqanı müəyyən edilir. Hazırkı işin hallarına görə iddiaçı əvvəlcədən hər hansı razılıq və icazə almadan inşa olunmuş tikiliyə dair layihənin təsdiq edilməsi və həmin evin ilkin rəsmiləşdirilməsi ilə bağlı mövcud vəziyyətinə dair sərəncam verilməsini tələb edir ki, bu da yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən AR Şəhərsalma və Tikinti Məcəlləsinin 35, 74.2, 75, 80 və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri sırasına daxildir. AR Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi hazırki iddia tələbinə cavab verilməsi müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olunmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(112)-8198/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar