Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3130/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “torpaq və qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2663/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11-20 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli kənd qəbirstanlığı ərazisində 120 kv.metr ölçüdə torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə mövcud layihə üzrə adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri C.H.Tağıyev-İcarədar, digər tərəf İddiaçı firmasının direktoru E.İ.Xudaverldiyev- İcarəçi adlandırılaraq öz aralarında razılığa gələrək AR Müəssisələri haqqında Qanunu əsas tutaraq aşağıda göstərilən şərtlərlə xx.xx.2013-cü il tarixli müqavilə bağlamışdır. X2 Xidməti Tresti İcarəçi-İddiaçı firmasına xeyriyyəçilik göstərməsi məqsədilə kənd və ətrafda yaşayan sakinlərə şəhid ailələrinə, qaçqın, kimsəsiz, imkansızlara və digər vətəndaşlara xidmət etmək üçün Trestin balansında olan Əhmədli kənd qəbirstanlığı ərazisində 12x10=120 kv.m ölçüdə torpaq sahəsini yuyucuxananın fəaliyyət göstərməsi üçün icarəyə vermişdir. Həmin vaxtdan torpaq sahəsindən fasiləsiz, etirazsız istifadə edir. Orada birmərtəbəli yuyucuxana tikmişdir. Hal-hazırda o, həmin torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə dair çıxarış almaq istəyir. Bununla bağlı sözügedən sənədləri toplayıb cavabdehə təqdim edib adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi ona sərəncamla ayrılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, müvafiq torpaq sahəsi üzərində Bakı ŞİH-nin Mənzil-Kommunal Təsərrüfat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim olunan İcarə müqaviləsi əsasında hazırkı iş üzrə iddiaçının icarə hüququ qeydiyyata alına bilər. Bununla bağlı iddiaçıya **********30 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlardan əlavə torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2663/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, o, məhkəmədən torpaq sahəsinə dair bütün sənədləri təqdim etmiş lakin məhkəmə işə tam, ətraflı, ədalətli baxmamış, onu dindirmədən ekspertizanın rəyini nəzərə almadan iddia tələbini rədd etmişdir. Beləliklə də məhkəmə ədalətsiz qərar qəbul etmiş, onun hüquqların pozmuşdur.Neçə illərdir Bakı şəhəri Xətai rayonu, Əhmədli kənd qəbirstanlığı ərazisində 12x10=120 kv.m ölçüdə torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə sahiblik edir, lakin məhkəmə işdə olan sənədlərə əsasən bunu bilə-bilə və görə-görə nəzərə almamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “İcarə Müqaviləsi”nə əsasən, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri C.H.Tağıyev – “İcarədar”, digər tərəfdən İddiaçı firmasının direktoru E.İ.Xudaverdiyev “İcarəçi” adlandırılaraq, öz aralarında razılığa gələrək və Azərbaycan Respublikasının “Müəssisələr Haqqında” Qanununu əsas tutaraq, “İcarədar”-Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, “İcarəçi”-İddiaçı firmasına xeyriyyəçilik göstərməsi məqsədilə kənd və ətrafda yaşayan sakinlərə, şəhid, qaçqın, kimsəsiz imkansızlara və digər vətəndaşlara xidmət etmək üçün Trestin balansında olan “Əhmədli” kənd qəbirstanlığı ərazisində 12 x 10 = 120 m2 ölçüdə torpaq sahəsini yuyucuxananın fəaliyyət göstərməsi üçün xx.xx.2015-ci ilə kimi icarəyə vermişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin 17 avqust 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi Bakı ŞİH-nin Mənzil-Kommunal Təsərrüfat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin adına qeydiyyatdan keçdikdən sonra İcarə müqaviləsi əsasında istifadə hüququnun qeydiyyatı aparıla bilər. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlar daxilindəki əraziyə dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr bazasında verilmiş koordinatlar daxilindəki ərazilərdə qeydiyyatın aparılması barədə məlumat yoxdur. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli kənd qəbirstanlığı ərazisində 120 kv.metr ölçüdə torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə mövcud layihə üzrə adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli icarə müqaviləsi ilə bağlı qeyd etmişdir ki, əvvəla müqavilənin hüquqi qüvvəsi xx.xx.2015-ci ilədək qeyd olunmuşdur, ikincisi isə müqavilənin predmeti olan torpaq sahəsinin müqavilədə icarəyəverən qismində göstərilən “Əhaliyə Vətəndaşlıq Xidməti Tresti”nə məxsus olması öz təsdiqini tapmamışdır. Bu səbəbdən həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2013-cü il tarixli “İcarə Müqaviləsi”nə əsasən, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri C.H.Tağıyev – “İcarədar”, digər tərəfdən İddiaçı firmasının direktoru E.İ.Xudaverdiyev “İcarəçi” adlandırılaraq, öz aralarında razılığa gələrək və Azərbaycan Respublikasının “Müəssisələr Haqqında” Qanununu əsas tutaraq, “İcarədar”-Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, “İcarəçi”- İddiaçı firmasına xeyriyyəçilik göstərməsi məqsədilə kənd və ətrafda yaşayan sakinlərə, şəhid, qaçqın, kimsəsiz imkansızlara və digər vətəndaşlara xidmət etmək üçün Trestin balansında olan “Əhmədli” kənd qəbirstanlığı ərazisində 12 x 10 = 120 m2 ölçüdə torpaq sahəsini yuyucuxananın fəaliyyət göstərməsi üçün xx.xx.2015-ci ilə kimi icarəyə vermişdir. İddiaçı qeyd edilən torpaq sahəsi si və onun üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə mövcud layihə üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, müqavilənin predmeti olan torpaq sahəsinin müqavilədə icarəyəverən qismində göstərilən “Əhaliyə Vətəndaşlıq Xidməti Tresti”nə məxsus olması öz təsdiqini tapmamışdır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində Bakı ŞİH-nin Mənzil-Kommunal Təsərrüfat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim olunan İcarə müqaviləsi əsasında hazırkı iş üzrə iddiaçının icarə hüququ qeydiyyata alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən təqdim edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir və bu səbəbdən də torpaq sahələrinin və üzərində olan tikililərin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:..15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;.. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2663/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3130/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3130/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver