Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3131/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6103/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-6103/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən iş üzrə hər hansı bir inzibati aktın ləğvi halı mövcud deyildir. Cavabdeh tərəfindən iddiaya imtina ünvanlanmamışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan 13 dekabr 2022-ci il tarixli **********0 nömrəli məktubda qeyd olunmuşdur ki, «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. İddiaçı əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbinə uyğunluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması ilə əlaqədar pensiya ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılıb. Eyni zamanda İddiaçı əlillik dərəcəsinin müddəti xx.xx.2022-ci il tarixindən bitib. Qeyd olunanları nəzərə alaraq, araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə İddiaçı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir». İddiaçı məhkəməyə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etsə də, iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı pensiya ödənişinin dayandırılması haqqında məktubda bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə onun Fondun Yasamal rayon şöbəsi tərəfindən 8 iyun 2017-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya təyin edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikda təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Ona əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbinə uyğunluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və Audit şöbəsi tərəfindən araşdırılması ilə əlaqədar pensiya ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Əlillik dərəcəsinin müddəti xx.xx.2022-ci il tarixindən bitmişdir. Qeyd olunanları nəzərə alınaraq, araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı “Görmə sinirinin atrofiyası, OD-görmə sinirin hissəvi atrofiyasi. OS=makulodistrofiya. OU=mürəkkəb hipermetropik astiqmatizm. VİS OU=0.06 k/etmir (yüzdə alti) 15-20 dərəcəyədək konsentrik daralib. ÜİX. Aterosklerotik kardisokelroz” diaqnozu ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-37901/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlilliyinə (dövlət qulluqçusu kimi) görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-M-19581/2023 №-li arayışda göstərilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən xx.xx.2020-ci il tarixinədək İİ dərəcə əlilliyə görə 1147,25 (bir min bir yüz qırx yeddi manat iyirmi beş qəpik) manat əmək pensiyası almışdır (Təyinatın başlanma tarixi xx.xx.2017). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda iddiaçıya ikinci dərəcəli əlilliyinə (dövlət qulluqçusu kimi) görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əmək pensiyası təyin olunmuşdur və xx.xx.2020-ci il tarixinədək iddiaçı həmin pensiyanı almışdır. Lakin iddiaçının əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda və bu barədə müvafiq qərar qəbul edilmədən xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin ödənişinin həyata keçirilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas olan hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbinə uyğunluğunun araşdırılması isə pensiya ödənişinin dayandırılması üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılsa da, cavabdeh tərəfindən bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, habelə təyin edilmiş əmək pensiyasının dayandırılması barədə hər hansı qərar qəbul edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə riayət edilməklə inzibati icraat aparılmamışdır. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi (hazırda qüvvədə olmaması) barədə hər hansı sübut iddiaçıya, eləcə də məhkəməyə təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6103/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.