Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3131/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əvvəlki pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1946/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçı barəsində hesablanmış əvvəlki pensiyanın bərpa olunması, cavabdehin iddiaçının pensiya kapitalından pul məbləğlərinin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, tutulmuş məbləğlərin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia “cavabdehin iddiaçının pensiya kapitalından pul məbləğlərinin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, tutulmuş məbləğlərin iddiaçıya geri qaytarılması” hissəsində mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilənləri, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasına dair mülahizələrini qanunvericiliyə zidd hesab edir. Cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunu, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu və bu sahədə mövcud olan digər normativ aktları düzgün tətbiq etməmiş və əsassız nəticəyə gəlmişdir. Bu səbəbdən hesab etmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair hərəkətləri qanunsuz hesab edilməlidir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 9 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş, xx.xx.2023-cü il tarixində iddiaçının mülahizələri dinlənilmiş və bu barədə akt tərtib edilmişdir. Həmçinin, iddiaçı barəsində xx.xx.2023-cü ildə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1946/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia “qərarın ləğv edilməsi və iddiaçı barəsində hesablanmış əvvəlki pensiyanın bərpa olunması” hissəsində təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-12859/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və iddiaçı barəsində hesablanmış əvvəlki pensiyanın bərpa olunması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 29 il 10 ay 13 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,26 manat (29,87 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 54,64 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16992,00 manat sığorta kapitalına uyğun 118,00 (16992,00:144) manat və baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2010-cu il tarixinə 247,64 (54,64+118,00+75,00) manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 529,01 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixinə 1310,74 manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 3299,80 manat)) məbləğində əmək pensiyası təyin edilərək ödənilib. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.2016-cı il tarixində əmək fəaliyyətinə başladığı qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınan 53220,24 manat pensiya sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada ((53220,24:72 ay)=739,17 manat) əmək pensiyası xx.xx.2022ci il tarixindən yenidən hesablanaraq 529,01 manatdan 1268,18 manata (529,01+739,17) artırılıb. Həmçinin, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17- 1/3-3-12859/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən və “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiya məbləği 3803,99 manatdan 625,89 manata endirilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən orta aylıq əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 3803,99 manatdan 625,89 manata endirilmişdir. “Pensiya təyinatı” altsisteminin çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının pensiyasından tutulma aparılmamışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, qanuni əliverişli inzibati aktın ləğvinə yalnız “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırkı iş üzrə iddiaçıya güzəştli pensiya təyinatı ilə bağlı qərarının ləğvi və ya həmin qərarın pensiya yaşının 52 yaşa çəkilməsi ilə bağlı yenidən hesablanma xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilməsinə əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Bundan əlavə, İİQ-nun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti ümumiyyətlə iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış, o cümlədən yalnız iddiaçının mülahizələrinin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixli məktub göndərilməklə xx.xx.2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi qeyd olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirilən 12 iyun 2023-cü il tarixli qərarı tamamilə fərqli əsaslara görə ləğv edilmişdir və cavabdeh inzibati orqan həmin əsaslara münasibətdə heç bir dəlil göstərməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı 52 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.
1. Şəxsin xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 50 yaşdan;
2. Şəxsin xx.xx.1997-ci il tarixdən sonra xx.xx.2006-cı ildədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İnzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə analoji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2008-ci ildə, həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetirə bilməmişdir. İddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir: 1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu; 2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı; 3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın. İşin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt: 1.iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır; 2. onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır; 3.iddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati akdır. Belə olan halda aydındır ki, həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır. Bundan başqa, o da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 50 yaşın tamam olduğu xx.xx.2008-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh yuxarıda qeyd olunan Qanunun 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 15 il sonra istinad etmiş və iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 50 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı 52 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1946/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev