Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3132/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Talışınski Fuad Şəmsəddin oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçıin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5952/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (“DMX”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ71/1 nömrəli qərarının ləğv edilməsi və ona siyasi sığınacaq verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Hindistan Respublikası vətəndaşı, milliyətcə hindu İddiaçı xx.xx.2023-cü il tarixində DSX-nin əməkdaşları tərəfindən barəsində Hindistan Respublikası tərəfindən beynəlxalq axtarış elan edilməsinə istinadən Azərbaycan Respublikasının Heydər Əliyev adına X3 sərhəd keçid məntəqəsində saxlanılaraq Hava NPİ-nə təhvil verilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 4(003)327/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində xx.xx.2023-cü il tarixdən etibarən 30 (otuz) gün müddətində həbs növündə qətimkan tədbiri seçilmiş, onun saxlanılması üçün AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmiş, daha sonra həmin Məhkəmənin 4(003)-378/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən onun ekstradisiya məsələsi həll edilənədək barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Hindistan Respublikası və Azərbaycan Respublikası arasında Ekstradisiya haqqında müqavilənin 3-cü maddəsinin (d) bəndinə müvafiq olaraq, ekstradisiya olunmaq üçün axtarılan şəxsə - konkret halda İddiaçıə ölkə ərazisində sığınacaq verildikdə onun ekstradisiyasından imtina edilir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsi ilə nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım anlayışına daxil olan hüquqi yardım göstərərək, 12 sentyabr 2023-cü il və 18 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə İddiaçıin etiqad etdiyi dinə və dini baxışlara görə Hindistan Respublikasına ekstradisiyasından imtina edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi və müvəkkilimə müvəqqəti sığınacaq verilməsi məsələlərində köməklik göstərilməsi barədə onun vəkili tərəfindən müraciət ünvanlanmışdır. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinə ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli müraciətdə İddiaçıin etiqad etdiyi dinə və dini baxışlarına görə konkret olaraq siqh icmasına mənsub şəxs kimi Hindistan Respublikasına ekstradisiya ediləcəyi təqdirdə orada işgəncə və qeyri-insani rəftara məruz qalma riskinin olması barədə məlumat verilmişdir... Dövlət Miqrasiya Xidmətinin 19 dekabr 2023-cü il tarixli, İQ-71/1 nömrəli qərarında qaçqın statusunun verilməsindən imtinanın əsası kimi ərizəçi İddiaçıə milliyəti və dini etiqadına (siqh) görə təhdidə və ayrı seçkililiyə məruz qalmaması göstərilmişdir. İstinad olunan qərarda göstərilən əsas formaldır, şəxsi mülahizəyə əsaslanır və iş materialları ilə tam təkzib olunur. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Hindistanda (Pəncab vilayətində) mövcud dini dözümlülük, siyasi və dini əqidəsinə görə təqiblər, siqh icmasının üzvlərinə qarşı qeyri-insani və qəddar rəftar hallarının mövcudluğu araşdırılmamış, iş materiallarına əlavə olunmuş sübutlar araşdırılmamışdır. İddiaçıin Hindistan Respublikasına ekstradisiya edildiyi halda işgəncə və qeyri-insanı rəftara məruz qalacağına dair əsaslar olmasına baxmayaraq, DMX-nin xx.xx.2023-cü il tarixli, İQ-71/1 nömrəli qərarı qəbul etməsini qanunsuz və əsassız hesab edir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının müraciəti əsasında araşdırılma aparılmış və qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-71/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, -
1. Ərizəçi məqsədinin Kanadaya viza almaq olduğunu bildirmiş;
2. Şəxs Hindistan Respublikasının Cinayət Məcəlləsinin 21, 25 və 29-cu maddələri ilə təqsirləndirilmiş və İNTERPOL üzrə beynəlxalq axtarışdadır;
3. Azərbaycan Respublikasına gələnədək hər hansı təqibə və təhdidə məruz qalmamış; Şəxsin DMX-yə təqdim etdiyi vəsatətində, onun Əfqanıstan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamış, ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxs barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur...”
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5952/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu təkrarlanmaqla, aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərar təmamilə əsassızdır və işin halları araşdırılmadan qəbul olunmuşdur. Belə ki, məhkəmə tərəfindən hüquqları pozulmuş şəxsin hüquqlarının qorunması üçün heç bir əsaslı addım atılmamışdır. Məhkəmə işdə olan sübutlara, iddiaçının həqiqətən də təqiblərə məruz qalması faktlarına kifayət qədər diqqət yetirməmiş, işin hallarını düzgün araşdırmamış, faktlar və sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə şəxsə və onun atasına Hindistanda edilən hücumla bağlı sübutları, həmçinin şəxsin də mənsub olduğu dini və siyasi əqidəsinə görə Hindistanda çoxsaylı insanların işgəncələrə məruz qalması praktikasını nəzərə almamışdır və bunlara dair münasibətini bildirməmişdir...”
Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməmiş, şəxsin cinyət məsuliyyətinə cəlb olunmasını və ekstradisiya mərhələsində olduğunu vurğulayaraq, şikayətin təmin olunmamasını xahiş etmişdir.
ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı cavabdehə müraciətinə sonuncu qərarı ilə imtina cavabı verilmiş, narazı qalan iddiaçı məcburetmə haqqında iddia vasitəsilə həmin qərarın əsassız hesab edilərək ləğvini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə olunmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.” Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri və işdə olan digər sənədlər əsasında təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdehin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İQ-71/1 nömrəli imtina qərarından, iddiaçı ilə aparılmış müsahibənin nəticələrinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən qanunvericiliyin sadlalanan tələbləri nəzərə alınmaqla iddiaçının qaçqın statusu verilməsi barədə vəsatəti ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış, nəticələrinə dair əsaslandırılmış qərarı ilə onun vəsatəti təmin edilməmiş və qaçqın statusu verilməsindən imtina olunmuşdur. Qərarı iddiaçının müraciətinə əsasən onun özü tərçəfindən doldurulan ərizə-anket, onunla aparılan müsahibənin nəticələri üzrə aşkar olunan hallara və inzibati icraat haqqında hüquq normalarına uyğundur. Belə ki, cavabdeh tərəfindən aparılmış inzibati araşdırma aşağıdakılardan ibarət olmuşdur: “... İddiaçının 12 oktyabr 2023-cü il tarixli vəsatəti qeydiyyata alınaraq onun adına ***- **** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlər (surətləri) işinə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı Hindistanın təhlükəsizlik orqanlarının onun Avropada yaşayan və “Xalistan” adlı müstəqil siqx dövlətinin yaradılmasına və Kəşmirin Hindistandan ayrılmasına yönəlmiş separatizmin maliyyələşdirilməsində təqsirləndirilən əmisi oğlu Navpreet Singh ilə əlaqədə olduğunu hesab edərək, əvvəl atasını və sonra onu şübhəli şəxs qismində dindirildiyini, əmisi oğlunun dəqiq yerini demədiyi təqdirdə onu həbs etməklə və sərhəd təhlükəsizliyi qüvvələrində işə qayıtmağa mane olacaqları ilə hədələdiklərini bildirmişdir. Ərizəçi əmisi oğlunun yerini dəqiq dedikdən sonra əmisi oğlunun ondan Hindistanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməsinə və xəyanətə görə qisas alacağından ehtiyat etdiyini, bu səbəbdən də 2023-cü ilin aprel ayında Hindistanı tərk edib X1 Dubay şəhərinə valideynləri və qardaşı Manvinder Singhin yanına köçdüyünü qeyd etmişdir. İddiaçı müsahibə zamanı Azərbaycan Respublikasına gəlməkdə əsas məqsədinin bir neçə ölkəyə ardıcıl səfərlər etdikdən sonra Kanadaya viza almaq üçün müraciət etməklə bağlı olduğunu etiraf etmiş, bu məqsədlə 2023-cü ilin iyun ayında müvəqqəti yaşadığı Dubay şəhərindən Tbilisiyə və oradan Bakıya gəldiyini, burada bir həftə qaldıqdan sonra yenidən Gürcüstan vasitəsilə Dubaya qayıtmaq istəyərkən Hindistan dövlətinin İNTERPOL-a verdiyi sorğu əsasında beynəlxalq axtarışda olduğu üçün X4 Aeroportunda sərhəd təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını, Hindistana ekstradisiya edilmək üçün Azərbaycan Respublikasının hüquqmühafizə orqanlarına təhvil verildiyini və hazırda Bakıda 3 saylı istintaq təcridxanasında saxlanıldığını söyləmişdir. O, ölkəsinə qaytarılacağı təqdirdə Hindistanın hüquq-mühafizə orqanları tərəfindən əsassız təqiblərə məruz qalacağını əsas gətirərək vəkili vasitəsilə qaçqın statusu əldə etmək üçün müraciət etdiyini bildirmişdir. DMX-ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-10705/2023 nömrəli məktubuna qoşulmuş Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-327/2023 nömrəli qərarından məlum olmuşdur ki, Prabhdep Singhin beynəlxalq axtarışa verilməsinin səbəbi onun Hindistan Respublikası Cinayət Məcəlləsinin 21, 25, 29-cu (narkotik maddələrin və psixotrop vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirləndirilməsi olmuşdur. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçinin vəklili İddiaçıin pasportunun surətini təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi İddiaçıin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi 1 may 2013-8 aprel 2023-cü il tarixlərində Hindistanın sərhəd təhlükəsizliyi qüvvələrində Hindistanın müxtəlif bölgələrində xidmət etdiyi dövrlərdə milliyəti və dini etiqadına görə siqx olduğuna görə təhdidə və ayrı-seçkiliyə məruz qalmamışdır. İddiaçıin dediklərindən həmçinin Hindistanda ölkədə separatizmi dəstəkləyən, terrora maliyyə yardımı ayıran ayrı-ayrı şəxslərə, qruplara qarşı mübarizədə hüquq-mühafizə orqanlarına kömək məqsədilə cinayətdə ittiham olunan əmisi oğlu Navpreet Singhin yerinin müəyyən olunması ilə bağlı istintaqa cəlb olunduğu, lakin sonradan istintaq orqanlarına xəbər vermədən ölkəni tərk etdiyi məlum olmuşdur. Ərizəçi bu səbəbdən axtarışa verildiyini bildirsə də, onun istintaqa cəlb edildiyi halda, ölkəni heç bir maneə olmadan tərk edə bilməsi, axtarışa verilməsinin səbəbi ilə bağlı dediklərini şübhə altına almışdır. Bundan əlavə, ərizəçinin təqdim etdiyi sənədlərdən və şəxsi işinə əlavə edilən məhkəmə sənədlərindən Hindistan Respublikasının hüquq-mühafizə orqanlarının onu beynəlxalq axtarışa verməsinin başqa cinayətlərlə bağlı olduğu aydın olmuşdur. İddiaçıin müsahibə zamanı verdiyi izahatlardan həmçinin məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, milliyyətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. Odur ki, qeyd olunanlar baxımından, iddiaçının “Qaçqın” statusu verilməsi haqqında vəsatəti - Komissiya tərəfindən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbləri nəzərə alınaraq, həmin Qanunun 9-cu və 13-cü maddələri, habelə Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndləri əsasında ona qaçqın statusu verilməsindən imtina olunmuşdur (Komissiyanın 23 saylı protokolu).” Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya qaçqın stausu verilməsindən imtina olunması barədə qərarı qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının sübutlara uğun olmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır, yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5952/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5952/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.