Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3133/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlu, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2968/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 213 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 19,50 kv. m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair onun yəni, İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin “Mövcud məntəqənin sənədləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 213 №-li sərəncamına əsasən adına sənədləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən faktiki olaraq 15,8 kv. metrdən (tikinti altı sahəsi 18,45 kv. metr) ibarət olan qeyri-yaşayış sahəsi üzərində onun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2968/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 15,8 kv. metrdən (tikinti altı sahəsi 18,45 kv.metr) ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin zərurət yarandığı üçün və əlavə sənədlər toplamaq məqsədi ilə baxılmamış saxlanması və geri qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İnzibati Prosessual Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur; 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-cı maddələrinə əsasən məhkəmə kollegiyası, qərara aldı: İddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3133/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3133/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver