Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3136/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qismən ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4667/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən 1342 kv.m torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı İddiaçı MMC-yə binanın 16-cı mərtəbəsi tikilib qurtaranadək tikinti aparmağa mane olmamaq, tikintini dayandırmaqla bağlı hərəkətlər etməməyin, hər-hansı yazılı, şifahi göstərişlər verməməyin cavabdehdən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2 2-1(112)-4667/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ‘‘TEYMUR-999" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 1342 kv.m. sahədən ibarət torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə müxtəlif əlverişsiz hərəkətlər etməklə mane olur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nümayəndələri müxtəlif vaxtlarda “TEYMUR-999" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 1342 kv.m. sahədən ibarət torpaq sahəsində həyata keçirdiyi çoxmərtəbəli yaşayış binasının tikinti meydançasına gələrək binanın əvvəlcə 6-cı mərtəbədən yuxarı olmaması, indi isə 9 mərtəbədən yuxarı olmaması ilə bağlı qanunsuz və əsassız göstərişlər verirlər. Bildirilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi, 15 saylı binanın qərb hissəsində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı 305 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında, Bakı şəhəri icra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 1394 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədən ibarət torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədən ibarət torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə 13306 saylı xx.xx.2017-ci il tarixli inşaat pasportu da verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 18/04-351 saylı razılaşdırma ilə təsdiq edilmiş eskiz layihəsinə əsasən, "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində 1342 kv.m. sahədə 16 mərtəbədən ibarət çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Hazırda binanın 9 mərtəbəsi tikilmişdir. Lakin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın 9 mərtəbədən yuxarı olmasına imkan vermir, tikintini dayandırmaq barədə qanunsuz göstərişlər verir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qanunsuz hərəkətləri "xxxx" MMC-yə ziyan vurmuşdur, tikintinin gecikməsinə səbəb olmuşdur. Həmçinin, "TEYMUR-999” MMC Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsində inşa etdiyi yaşayış binasında mənzil tikitisinə dair müxtəlif fiziki şəxslərlə çoxsaylı müqavilələr bağlamışdır. Həmin müqavilələr, o cümlədən, binanın 9-cu mərtəbəsindən sonrakı mərtəbələrində yerləşəcək mənzillərlə bağlı da bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qanunsuz hərəkətləri həm də həmin sakinlərin mülkiyyət hüquqlarını əsassız olaraq pozmuş olur. Məhkəmə icraatında tərəflərin iştirakı: xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı MMC-nin, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, 3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin tələbi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı xx.xx.2019-cu il tarixli sərəncamının qismən, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 329 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi” barədədir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddianın geri götürülmüş hesab edilməsi və bu icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və hazırkı iddia üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3136/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3136/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver