Məhkəmə qərarları › İş №2-1(103)-3137/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3137/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3137/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6157/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 1449 nömrəli “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1242 saylı xx.xx.2000-ci il tarixli sərəncamına dəyişiklik edilməsi haqqında” sərəncamına əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 1242 saylı xx.xx.2000-ci il tarixli sərəncamına dəyişiklik edilmiş, vətəndaş X5 adına sənədləşdirilmiş, 315,0 kv.m təşkil edən texniki xidmət və iaşə obyektinə bitişik olan 300,0 kv.m yararsız torpaq sahəsi istehsalat sahəsi kimi istifadə etmək məqsədilə Ə.E.Əsədova ayrılmış və vətəndaş Ə.E.Əsədovun istifadəsinə verilmiş ümumi torpaq sahəsi 615,0 kv.m hesab edilmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 276 saylı “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1449 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə texniki xidmət, iaşə və istehsalat sahəsinin tikintisi üçün Ə.E.Əsədova ayrılmış torpaq sahəsində inşaası başa çatdırılmış obyektin fəaliyyət göstərməsinə icazə verilməsi barədə” Sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1449 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə texniki xidmət, iaşə və istehsalat tikintisi məqsədilə Binəqədi şossesində vətəndaş Ə.E.Əsədova ayrılmış 615,0 kv.m. torpaq sahəsində inşaası başa çatdırılmış obyektin fəaliyyət göstərməsinə icazə verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (Seriya RX № 1218956) əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən qeyriyaşayış binası X5 adına xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (Seriya RX № 1333075) əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 264F ünvanında yerləşən qeyri-yaşayış binası X5 adına xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR "Neft Kəmərləri" İdarəsinin istismarında olan Şirvan- Böyükşor DŞ500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr aralı məsafədə, 39T 0402033, ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi ünvanında 615 kv.m torpaq sahəsinin X7 ayrlması haqqında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1449 saylı xx.xx.2000-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR "Neft Kəmərləri" İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ 500mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr aralı məsafədə, 39T 0402033, ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsi RX seriyalı ******* saylı çıxarışa əsasən cavabdehin xüsusi mülkiyyətindədir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənəd Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1449 saylı sərəncamı və sərəncama dəyişiklik edilməsi haqqında 276 saylı xx.xx.2001-ci il tarixli sərəncamı olmuşdur. Magistral neft kəmərinin mühafizə zonasında cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi həm cavabdehin özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Buna görə də, iddiaçı həmin tikilinin sökülməsi üçün müvafiq iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, işə baxılan zaman cavabdeh həmin qeyri-yaşayış sahəsinin mülkyyətində olması barədə çıxarış təqdim etmişdir. Məhkəmə həmin çıxarışın qüvvədə olduğu müddətdə qeyriyaşayış sahəsinin sökülməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6157/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6157/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilmədiyi qeyd edilsə də, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-(102)-1401/2021 nömrəli qərarında “Neft Kəmərləri İdarəsi”nin subyektiv hüququna dair aşağıdakı mövqeyi bildirmişdir.

11. Qərarda qeyd edilir: “İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, tikilinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini nəzərdə tutan Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsi ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi də qüvvədədir. Həmin normada tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, X6 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur.”

12. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərizələrinə rayon və səhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə olmamışdır.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.1 .-ci maddəsinə əsasən Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

14. Həmçinin həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

15. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

16. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər.

17. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

18. Qeyd edilən tikili yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm İddiaçı qanuni maraqlarına toxunur, həm də Azərbaycan Respublikası qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozur.

19. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hazırkı iş üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən "Neft Kəmərləri İdarəsinin" istifadəsində olan neft borularının mühafizə zonası ilə bağlı tələblərə riayət etməmiş nəticədə İdarənin mənafelərinə zərər vurulmasına səbəb olmuşdur.

20. Bu səbəbdən, iddianın mümkün hesab edilməməsi barədə qərardad ləğv edilməli, iddia tələbi mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmalıdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə

Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Maddə 24.4. Fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR "Neft Kəmərləri" İdarəsinin istismarında olan Şirvan- Böyükşor DŞ500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr aralı məsafədə, 39T 0402033, ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi ünvanında 615 kv.m torpaq sahəsinin X7 ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1449 saylı xx.xx.2000-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

30. Halbuki iş materiallarından görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1449 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə X7 torpaq sahəsi ayrılmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

33. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.

34. Nəzərə almaq lazımdır ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

35. Həmçinin qeyd edilməlidir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1449 saylı xx.xx.2000-ci il tarixli sərəncamını mübahisələndirir. Hüquqi maragı isə X7 torpaq sahəsinin ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1449 saylı xx.xx.2000-ci il tarixli sərəncamının ləğvinə yönəlmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirməsə də məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsaslanaraq inzibati orqanın 24 il əvvəl qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi imkanına qiymət verir.

37. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər.

39. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

40. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.

41. Hazırki iddiada iddiaçı inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır və iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.

42. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

43. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).

44. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

45. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən iddia müddətinin tətbiq edilməli olmamasına dair iddiaçının dəlilləri əsaslı sayıla bilməz.

46. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

47. Beləliklə, hər bir halda iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.

48. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6157/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar