Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3138/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 5 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilə dair order 2009-cu ildə verilmiş, 2018-ci ildən isə faktiki olaraq həmin mənzildə уaşayır, yəni həmin mənzil 13 ildir ki, ona məxsusdur. Həmin mənzilə dair hüquqlarının yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin tələblərinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətandaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim eldikləri orderdə göstərilmiş yaşayış sahəsi üçün və ya təşkilatların hüququnun pozulduğu yaşayış sahəsinin verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi və şərtlərinin pozulduğu hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında verilməsi qaydasının etibarsız hesab oluna bilər. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ona qarşı "orderin etibarsız hesab edilməsi” tələbinə dar iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin (48. 107-ci maddəsinin) tələblərinə uyğun olaraq verilmiş order əsasında yaşadığı, həmin orderin qanuni, əsaslı olması barədə qanuni qüvvəyə minmiş yuxarı instansiya məhkəməsinin qərarı olduğu halda 1-ci instansiya məhkəməsinin iddianın predmetindən kənara çıxmaqla "digər yaşayış sahəsi verilmədən çıxarılmalı olmağı” əsası ilə iddianı təmin etməməsi absurddur və heç bir məntiqə sığmır və hüquqdan sui-istifadədir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, 5 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını cavabdehdən xahiş etmiş, cavabdeh tərəfindən isə iddiaçının müraciətinə cavab verilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mübahisə məhkəmə tərəfindən yuxarıda qeyd edilən şəkildə həll olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrıayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ildən qüvvədə olan): Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normalarının tələblərini rəhbər tutaraq yekun nəticəsini haqlı olaraq belə əsaslandırmışdır ki, “... mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Bununla da iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi.” Məhkəmənin mövqeyindən də göründüyü kimi, orderin verildiyi dövrdə qüvvədə olan qanunvericiliklə yanaşı, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq da sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilir. İş materiallarına və məhkəmə araşdırmasına əsasən isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmamışdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşdən görünür ki, iddiaçı "xxxx" İstehsalat birliyində işlədiyi zaman mənzil növbəsində olması və yaşadığı yataqxananın mənzilinin, növbəsində olduğu mənzil əvəzi olaraq order üzrə ona verilməsi əsası ilə çıxış edərək, mövqeyini adına tərtib edilmiş AR Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin xx.xx.2009-cu il tarixli 6 saylı orderi ilə əsaslandırır. İddiaçı apelyasiya şikayətində 2009-cu il tarixli orderin etibarsız hesab edilməsinə dair iddianın rədd edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktını dəlil kimi irəli sürmüşdür. Kollegiya hesab edir ki, qeyd edilən dəlil hazırki inzibati mübahisə üzrə əsaslı hesab edilə bilməz. Belə ki, işdə olan Xətai Rayon Məhkəməsinin 2(011)-5857/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin İddiaçı qarşı (3-cü şəxslər “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC , Xətai rayon Polis İdarəsi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyəti olmaqla) 6 saylı xx.xx.2009-cu il tarixli Orderin etibarsız hesab edilməsi və İddiaçı yaşayış sahəsinə hüququnun itirilməsi tələbinə dair iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13587/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-5857/2019 saylı xx.xx.2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4192/2020 saylı qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13587/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. ... Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçının tələbini təmin etməyən Apellyasiya Məhkəməsinin istinad etdiyi əsaslardan biri iddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülməsidir. Həmin əsasın özü iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Ona görə kollegiya digər hallara dair qiymətləndirmə aparmadan hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçı Departament ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində İddiaçı göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. ... İddiaçıya izah olunmalıdır ki, əsl cavabdehə qarşı analoji tələbi irəli sürə bilər. Həmin işə baxılarkən hazırkı qətnamə ilə müəyyən edilmiş hallar yeni iddiaya baxılarkən preyudisial əhəmiyyət kəbs edə bilməz. Çünki iddia əsl cavabdehə qarşı irəli sürüldüyü təqdirdə tərəflər dəyişmiş olur və əsl tərəf çəkişmə prinspinə uyğun olaraq öz müdafiəsini qurmaqda haqlıdır.” Göründüyü kimi, Ali Məhkəmə tələb üzrə işin faktiki hallarına (orderin müvafiq qurum tərəfindən dövrün qanunvericiliyinin tələblərinə uyğun və səlahiyyətlər çərçivəsində verilibverilməməsi və s.) dair qiymətləndirmə aparmadan, yalnız cavabdehin yalnış qoyulması əsası ilə 6 saylı xx.xx.2009-cu il tarixli Orderin etibarsız hesab edilməsinə dair tələbi rədd etmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən nikah haqqında şəhadətnamədən aydın olur ki, iddiaçı həyat yoldaşı Rəhimli Şeyda ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olduğu halda, bundan öncəki tarixə aid olan Orderin (xx.xx.2009-cu il) mətnində ailə tərkibi kimi Ş.Rəhimlinin də adı qeyd edilmişdir. Qeyd edilən halları əsas götürərək Kollegiya hesab edir ki, xx.xx.2009-cu il tarixli order hazırki mübahisənin həlli üzrə iddiaçı ilə sosial kirayə müqavilə bağlanmasının əsası qismində qəbul edilə bilməz. İddiaçı apelyasiya şikayətində, həmçinin, 2018-ci ildən bəri Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, 5 saylı mənzildə yaşayaraq istifadə etdiyini bildirmişdir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının qeyd edilən dəlilinə münasibətdə kollegiya qeyd edir ki, vətəndaşa order verilən - xx.xx.2009-cu il tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. ... Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. 51-ci maddəsinə əsaəsən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İşdən aydın olur ki, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə yaşayış sahəsinə köçmək üçün əsas olan müvafiq order əldə edilsə də, istifadə üçün dövrün qanunvericiliyinin tələblərinə əsasən, yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanması işin hallarından müəyyən edilməmişdir. Həmçinin, cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi 366 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X1 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Müəyyən edilmişdir ki, ünvan 1 yataqxana binasının 5 saylı otağında məskunlaşdırılmış məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə. köçürüldükdən sonra İddiaçı qeyd edilən binanın 5 saylı (3 yerlik) otağının qapısını bağlayaraq zəbt etmiş, bir gün də olsun həmin mənzildə yaşamamış və eləcə də xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahəsi üzərində balans saxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Beləliklə, yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar 6 saylı xx.xx.2009-cu il tarixli Orderin hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə imkan vermir. İddiaçının apelyasiya şikayətinin digər dəlilləri isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, işin şərh olunan hallarını nəzərə alan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına uyğun maddi hüquq normalarına istinad edilərək, prosessual qanunvericliyin tələblərinə əməl edilmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə haqlı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2022 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3138/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3138/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver