Məhkəmə qərarları › İş №2-1(103)-3139/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3139/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3139/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 39 T 399033,05; 4467055,88 coğrafi koordinatlarda yerləşən 0.0352 ha-dan ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X2 ayrılması barədə Cavabdeh 29 sentyabr 2014cü il tarixli, 286 nömrəli sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1538/2024 nömrəli qərardadını ləğv edib işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Cavabdeh 29 sentyabr 2014-cü il tarixli, 286 nömrəli sərəncamı hal-hazıra qədər “Azneft” İB-yə verilməmişdir və belə qərarın mövcudluğu Bakı İnzibati Məhkəməsində mübahisəyə baxılarkən məlum olmuşdur. Lakin məhkəmə iddiaçının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə istinad edərək, iddianı mümkün saymamışdır. Həmin torpaq sahəsi 2618 və 2619 nömrəli neft-qaz quyularının mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİsinin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Məqsədli təyinatı və İddiaçı daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Cavabdehnə aid olmamışdır. Göründüyü kimi, Cavabdeh 29 sentyabr 2014-cü il tarixli, 286 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq, qəbul edildiyi andan etibarsız hesab edilir. Etibarsızlığın tanınması barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Burada subsidiarlıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin aradan qaldırılmasına aid ola bilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçının mübahisə açdığı inzibati akt xx.xx.2014-cü il tarixdə qəbul edilmişdir. Qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox müddət keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2024 saylı, 06 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar