Məhkəmə qərarları › İş №2-1(103)-314/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-314/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-314/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1973-cü il tarixində Cəbrayıl rayonunun Qazanzəmi kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-2219/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.12.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 06.01.2019-cu il tarixli imtinasını əsassız və qanunsuz hesab edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı xx.xx.1973-cü ildə Cəbrayıl rayonunun Qazanzəmi kəndində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi 29 fərdi yaşayış evində qeydiyyatdadır. 03 iyun 1991-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 29.06.1991-16.07.1991-ci illərdə 32527 saylı h\h-də, 16.07.1991-18.01.1992-ci illərdə 32844 saylı h/h-də atıcı, 18.01.1992- 28.09.1992-ci illərdə 777 saylı h/h-də atıcı, 28.09.1992-16.11.1993-cü illərdə N saylı hərbi hissədə atıcı və 16.11.1993-19.07.1994-cü illərdə isə N saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmətlərdə olmuşdur. Xidmət apardığı hərbi hissələr barədə qeydlər iddiaçıya məxsus SX № ******* saylı hərbi biletində yazılmışdır. Yuxarıda qeyd etdiyi hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak etdiyi üçün iddiaçı 18.06.2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran Adlarının və X4 Üzrə Komissiyasına müraciət edərək ona veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin üç aydan artıq vaxt keçməsinə baxmayaraq, müraciətinə cavab verilmədiyi üçün 10 oktyabr 2019-cu il tarixdə təkrar müraciət etmişdir. 06 noyabr 2019-cu il tarixdə 1/A-15768 nömrəli imtina məktubu ilə iddiaçının müraciəti və əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılaraq Mərkəzi Arxivin 02.08.2019-cu il tarixli, 9/2-10913 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparan zaman uzun müddət hərbi hissədən yayındığına və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinin məqsədə uyğun olmadığı barədə məlumat verilmişdir. Həmin imtina məktubu sənədlərlə birlikdə 18.11.2019-cu il tarixdə poçt vasitəsi ilə iddiaçıya çatdırılmışdır. İddiaçıya veteran adının və vəsiqəsinin verilməsinə dair xahişindən imtina edilməsinə əsas kimi döyüş əməliyyatları aparılan zaman sonuncu xidmətdə olduğu N saylı hərbi hissədən guya uzun müddət hərbi hissədən yayındığı və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığı qeyd olunmuşdur. İddiaçıya məxsus SX № ******* saylı hərbi biletində onun 16.11.1993-cü ildən 19.07.1994-cü ilədək N saylı hərbi hissədə xidmətdə olmağı yazılmışdır, X7 02.08.2019-cu il tarixli, 9/210913 nömrəli arayışında nədənsə bu barədə də qeydlər aparılmamışdır. İddiaçıya veteran adının və vəsiqəsinin verilməsinə dair xahişindən imtina edilməsini tamamilə əsassız və qanunsuz hesab edir. Çünki iddiaçı 10.05.1994-cü il tarixdə atəşkəs elan olunduğu vaxt hərbi xidmətdə olmuşdur və ondan sonra xəstələnərək 20.05.1994-cü ildən 03.06.1994-cü ilədək hərbi hospitala göndərilmişdir. X7 02.08.2019-cu il tarixli, 9/2- 10913 nömrəli arayışında nədənsə bunlar barədə də qeydlər aparılmamışdır. İddiaçının həmin dövrdə xəstəliyi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 05.11.2019-cu il tarixli, 10122 nömrəli məktubu ilə məlumat verilmişdir ki, İddiaçı N saylı hərbi hissənin sabiq əsgəri kimi 03.06.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş X5 bölməsində "sağtərəfli kəskin epdidimit" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Bu da iddiaçının 10.05.1994-cü il tarixdə atəşkəs elan olunduğu vaxtdan sonrakı tarixə dəlalət etdiyi üçün hərbi hissəni özbaşına tərk etmədiyini bir daha təsdiq edir. Bundan başqa iddiaçının həmin dövr ərzində xidmətdə olmağını onunla hərbi xidmətdə olan döyüş yoldaşları şahiddirlər və bunu məhkəməyə gələrək də təsdiq edə bilərlər. Mərkəzi Arxivin məlumat bazasında bu barədə qeydlərin olmaması iddiaçının təqsiri üzündən deyildir. Ona görə də iddiaçıya veteran adının və vəsiqəsinin verilməsindən imtina edilə bilməz. Bundan başqa o dövrlərdə hərbi hissələrdə nizam intizam qaydaları tam formalaşmadığı üçün lazımi sənədləşmələr vaxtında aparıla bilmirdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-2219/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qardaşının hərbi bileti itirdiyini, amnistiya ilə bağlı olan qeydin formal olduğunu, qardaşının atəşkəsdən sonra işsizliklə bağlı Rusiyaya getdiyini, bu məsələnin qardaşının xidmət dövrü ilə heç bir aidiyyətinin olmadığını bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq 1994-cü ilə qədər xidmət etdiyini, 1991-ci ildə hərbi biletin verildiyini, ilkin hərbi biletini itirdiyini, Rusiya vətəndaşı olmadığını, hərbi bilet itdiyinə görə müvəqqəti vəsiqə verildiyini, hərbi təhsilinin olmadığını, Nəsimi rayonunda qeydiyyatda olmadığını bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-2219/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - SX seriyalı, ******* nömrəli, 12.06.2017-ci il tarixli hərbi biletin 20-ci səhifəsində olan Vİİ. Xüsusi qeydlər olan hissəsində göstərilənlərə əsasən qeyd edilmişdir ki (Xətai rayon SHXÇİ-nin rəisi M.Qurbanov tərəfindən imzalanmışdır), Azərbaycan Respublikası MM-nin “Amnistiya” haqqında qərarının 1-ci maddəsinin İ b bəndinə əsasən cinayət işinin başlanması rədd edilib. Azərbaycan Respublikası SQ-ki xidməti MM-nin 17.10.1997-ci il tarixli “Amnistiya” haqqında qanununa əsasən sayılmır. Hərbi bilet müvəqqəti vəsiqənin əvəzinə verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 05.11.2019-cu il tarixli, 10121 saylı arayışının surətindən görünür ki, N №-li hərbi hissənin sabiq əsgəri İddiaçı Alihüseyn oğlu həqiqətən 20.05.1994-cü il tarixdən 03.06.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş X5 bölməsində stasionar müayinə və müalicədə olmuşdur, diaqnoz-sağtərəfli kəskin epditmit. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli, 2(011)-9740/2019 saylı qərardadı ilə (hakim Ə.Abbasova) ərizəçi İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında 16.11.1993-cü ildən 19.07.1994-cü ilədək N saylı hərbi hissədə hərbi xidmətdə olmağı tələbinə dair ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2702/2020 nömrəli, 20.02.2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Həsənov, X.Mərdanova və F.Babayev) ərizəçi İddiaçı “hüquqi əməhiyyətli faktın müəyyən edilməsi” tələbi barədə ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli, 2(011)-9740/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müvafiq sorğular ünvanlanaraq işin obyektiv həlli məqsədilə, iş materiallarında olan 02.08.2019-cu il tarixli, 9/2-10913 nömrəli məktubuna əsasən (imzalayan şəxs rəis polkovnik-leytenant Rəşad Qənbərov, ərizə və şikayətlər bölməsinin rəisi gizir Surxay Quliyev) qeyd edilmişdir ki, İddiaçı 01.01.1992-ci il tarixdən Xətai RHK tərəfindən hərbi xidmətə çağırılmışdır, eyni zamanda məktubda İddiaçı 18.11.1993-cü il tarixli, 332 nömrəli əmr ilə Səbail RHK tərəfindən hərbi xidmətə çağırılması da qeyd edilmişdir. Qeyd olunmuş halla bağlı iddiaçı məhkəmə iclasında yanlız Xətai RHK tərəfindən hərbi xidmətə çağırıldığını bildirmişdir, bu səbəbdən də məktubun yenidən araşdırılması və məktubda qeyd edilənlər barədə məlumatları, hərbi xidmətə çağırılması barədə əmrlərin təsdiq olunmuş surətlərini, iddiaçının hansı tarixdə hərbi xidmətə çağırıldığını, məktubda göstərilən bütün əmrlərin təsdiq olunmuş surətlərini, eyni zamanda iddiaçının həqiqətən həm Xətai RHK, həm də Səbail RHK-dən hərbi xidmətə çağırılıb-çağırılmaması barədə məlumatları, məlumatların eyni şəxsə aid olub-olmaması barədə məlumatları Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu ünvanlanaraq iddiaçının adına olan 6 şəxsiyyət vəsiqələrinin eyni şəxsə aid olub-olmaması, məhkəmənin elektron sistemində göstərilən məlumatlarla iddiaçıya verilmiş şəxsiyyət vəsiqələrində göstərilmiş məlumatlar eyni olubolmaması, iddiaçı izahatında heç bir vaxt Rusiya vətəndaşı olmadığını, ünvan 2 ünvan barədə məlumatı olmadığını bildirmişdir, bu səbəbdən iddiaçının həqiqətən Rusiya vətəndaşı olub-olmaması, ona verilmiş şəxsiyyət vəsiqələrinin həqiqətə uyğun olubolmaması, hansı səbəbdən məlumatlarda kəskin fərqlərin (məsələn, boyu barədə məlumatlar-141, 170, 155, 174, qan qrupu- A(İİ)RH+, B(İİİ)RH+, ata adı-Əlihüseyn, Alhüseyn) olması, qeyd edilən məlumatlardakı fərqlərin yaranma səbəbləri, səbəblərin araşdırılması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27.04.2021-ci il tarixli, 9/2-3452 №-li cavab məktubunda İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin 01.1992- 30.12.1993-cü il tarixli əmrlər kitabından, 08.09.1992-ci il tarixli, 136 №-li əmrindən, N () nömrəli hərbi hissə komandirinin 01.10.1992-ci il tarixli, 174 №-li, 01.11.1993-cü il tarixli, N №-li və N nömrəli hərbi hissənin şəxsi heyyətinin əlifba qeydiyyatı kitabından, hərbi hissə komandirinin 18.11.1993-cü il tarixli, 322 №-li, 22.03.1994-cü il tarixli, 81 №-li əmrlərindən arxiv çıxarışları məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 04.05.2021-ci il tarixli, 018-5994-1221 №-li cavab məktubunda xx.xx.1973-cü ildə Cəbrayıl rayonu, Qazanzəmi kəndində anadan olmuş İddiaçı 26.01.2008-ci il tarixdə “5F9HQ8Q” FİN ilə Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən ata adı “Əlihüseyn” qeyd olunmaqla AZ-0537466 nömrəli, 01.07.2010-cu il tarixdə Saatlı Rayon Polis Şöbəsi tərəfindən ata adı “Alhüseyn” göstərilməklə AZ-0673846 nömrəli, 05.08.2009-cu il tarixdə AZ-0673709 nömrəli və 21.01.2011-ci il tarixdə AZ-0673954 nömrəli Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. 06.12.2011-ci il tarixdə İddiaçı “xxxxxxx” FİN ilə ünvan 3 ünvanı üzrə sənədləşdirilərək Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası vətəndaşının AZE-09077213 nömrəli və 17.04.2012-ci il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21.05.2021-ci il tarixli, 11/2443 №-li cavab məktubunda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 17 may 2021-ci il tarixli müşayət məktubu ilə təqdim edilmiş iddiaçıya məxsus qeydiyyat kartasının surəti məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əsasən iddiaçının uzun müddət hərbi xidmətdən yayındığı, bununla əlaqədar olaraq vəzifəsindən azad edilməklə bütün təminat siyahılarından çıxarılaraq ştatdan kənar hesab edildiyi müəyyən edilir. Eyni zamanda onun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- 14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya müharibə veteranı adının verilməməsinə dair faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, lakin iddiaçı ona müharibə vetaranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-2219/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-2219/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar