Məhkəmə qərarları › İş №2-1(103)-314/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-314/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-314/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “alqısatqı müqaviləsinə əsasən ödənilmiş pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21-23 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və AR Maliyyə Nazirliyindən, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 sent (iyirmi altı min dörd yüz yetmiş dollar 58 sent)), maddi ziyan üçün 64.800 AZN (altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, Çıxarış və Texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı apelyasiya məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq sözü gedən əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK-si tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixində açıq hərraca çıxarılmış və o həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə o İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №İi Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pul vəsaiti, bank xidməti üçün 16.7 manat ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu Çıxarış və Texniki pasport üçün 80 manat dövlət rüsumu, xidmət haqqı üçün isə ƏMDK-nin hesabına 130 manat ödənilmişdir. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X7, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009-cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamının ləğv edilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. (hakim Tahirə Əsədova) Həmin qərardan "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2- 1(103)-2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(102)508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər bu işlə bağlı keçirilən məhkəmə proseslərinin heç birində nə iştirak etmiş, nə də ki qəbul edilən məhkəmə qərarlarının mübahisələndirilməsində maraqlı olmuşdular. Hərracın nəticəsi ləğv olunduğundan, iddiaçı cavabdehlərə pul vəsaitin geri ödənilməsi barədə dəfələrlə rəsmi müraciət etsə də məhkəmə qərarlarında bu haqda heçnə yazılmadığını bəhanə edərək yenidən məhkəməyə müraciət etməyini məsləhət görmüşdülər. Ona görə də xx.xx.20220 tarixində dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6090/2020-saylı 19 noyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi və mənəvi hissədən isə rədd edilmişdir. Məhkəmə qərarına görə 45000 (qırx beş min) manat pulun 25%-i, yəni 11250 (on bir min iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDXdən, 75%-i, yəni, 33750 (otuz üç min yeddi yüz əlli) manat hissəsi isə Azərbaycan Respublikası dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3164/2021 saylı 7 aprel 2021-ci il tarixli Qərardadı ilə apelyasiya şikayətləri qismən təmin olunmuş. Həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq İnzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi üçün 30 (otuz) manat, Apelyasiya şikayəti üçün isə 15 (on beş) manat dövlət rüsumu ödənilmişdir. Sonuncu dəfə 25 noyabr 2021-ci il tarixində cvabdehlərə dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması xahişi ilə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Ona görə iddiaçı hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 63 kv. m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 4 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Hazırda yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pulun və digər vəsaitlərin geri qaytarılmasını xahiş edir. Bununla əlaqədar bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Əlavə olaraq bildirimişdir ki, iddiaçı maddi ziyan üçün 64800 (altmış dörd min səkkiz yüz) manatın, mənəvi ziyan üçün 20000 (iyirmi min) manatın, bank xidməti üçün 16.7 (on altı manat yetmiş qəpik) manatın, çıxarış və texniki pasport üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun, xidmət haqqı üçün ödənilmiş 130 (yüz otuz) manatın, Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manatın və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada tutulmasını da xahiş etmişdir. Bununla əlaqədar bildiririk ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia maddi və mənəvi zərər hissəsində də rədd edilməlidir. Eyni zamanda, iddiaçının Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əsas tələbi rədd edilməli olduğundan, qeyri-yaşayış sahəsinə çıxarış və texniki pasport alınması üçün çəkilmiş xərclərin ödənilməsinə dair əlavə tələbi də təmin edilə bilməz. Qeyd edilənlərdən əlavə bildirilir ki, hazırkı mübahisənin predmeti ilə bağlı iddiaçının eyni məzmunlu iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində bundan əvvəl baxılmış və iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu səbəbdən də bildirilir ki, iddiaçının əvvəlki məhkəmə mübahisələri üzrə Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun geri qaytarılması ilə bağlı məsələyə hazırkı məhkəmədə münasibət bildirilə bilməz. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsində göstərilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan Məcəllədə söhbət tərəflərdən gedir ki, burada da tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Göründüyü kimi, məhkəmə həmin maddənin tələblərinə tam şəkildə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin məhkəmə iddia ərizəsinə təkcə müqavilə tərəfi olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə baxmalı olduğu halda, bu prosedura əməl etmədən Maliyyə Nazirliyini faktiki olaraq cavabdeh qismində tanıyaraq, iddianın təmin edilməsi üçün iddia tələbini faiz nisbətinə bölməklə vəsaitin 75%-ni "dövlət büdcəsi"nə yönəltmişdir ki, bununla da sözügedən maddənin tələblərindən kənara çıxmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 1.1-ci yarımbənddə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Göründüyü kim əmlakın özəlləşdirilməsi və digər bu kimi xidmətlər Maliyyə Nazirliyi tərəfindən deyil, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. İddia ərizəsində qeyd hərracın etibarsız hesab edilməsi və bununla bağlı iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilməsi əsassız olduğundan və Maliyyə Nazirliyinə heç bir aidiyyəti olmadığından məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, 141N-li sərəncam qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 10/01 N-li Hərrac protokolu və xx.xx.2018ci il tarixli 3888 №-li Müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsi hərraca çıxarılmış, xx.xx.2018ci il tarixdə 45 000 manata İddiaçı satılmış və Komitə ilə sonuncu arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 143/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçı "xxxx" X2 tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs İddiaçı) xx.xx.2017-ci il tarixli, 141 N-li sərəncamın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-143/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 №-li sərəncamı ləğv edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı tərəfindən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 45000 manat pulun 25%-nin, yəni 11250 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-nin, yəni 33750 manat hissəsinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3164/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən satın alınmış və həmin əmlaka görə 45 000 manat məbləği ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında hərracın keçirilməsinə dair sərəncam ləğv edilmişdir. İşdən görünür ki, iddiaçı məhz həmin ləğv olunmuş sərəncam əsasında keçirilən hərrac nəticəsində onunla bağlanmış alqı-satqı müqaviləsi üzrə ödədiyi pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 141 №-li sərəncam verilmiş və qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan sərəncam ləğv edilmişdir. İddiаçı alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə 45 000 manat pul vəsaitini bilavasitə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürmüşdür, hərracın keçirilməsinə dair sərəncam ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.9-cu maddəsinə əsasən əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə müvafiq olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri(hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar