Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-314/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qobustan Əməliyyat Şirkəti) “mənzilə mülkiyyət hüququnun qeydə alınmasıvə reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslarındırmışdır: “25 mart 1991-ci ildən işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vahid mənzil uçot siyahısı üzrə ümumi əsaslarla mənzil uçotuna dayanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının 14 noyabr 2013-cü il tarixli qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil püşkatma yolu ilə ona verilmişdir və bununla əlaqədar həmin qərarla mənzil uçotundan çıxarılmışdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 19 may 2014-cü il tarixli 146 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının 14 noyabr 2013-cü il tarixli qərarı təsdiq edilmişdir 2015-ci ildən həmin mənzilə arvadı X5, qızı X6 və o, pasport qeydiyyatına götürülmüşlər. Mənzil üzərində mülkiyyət hüquqlarının ilkin olaraq qeydiyyata alınmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu tərəfindən imtina edilmişdir. Cavbdehin işə əlavə olunmuş həmin 13 iyul 2022-ci il tarixli imtina məktubunda bunun səbəbi kimi göstərilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci və Daşınmaz əmlakın dövlət ryestri haqqında” Qanunun 11.0.11-ci maddələrində nəzərdə tutulan sənədlər təqdim olunmamışdır.” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan müvafiq mənzilə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2014-cü il tarixlidir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə **********05 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubu verilmişdir. Əlavə olaraq mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Binanın dövlət əmlakı kimi 17/2 saylı mağazanın yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. Sözügedən ərazi Qobustan Əməliyyar Şirkətinin ərazisidir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. “Qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan müvafiq mənzilə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2014-cü il tarixlidir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə **********05 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubu verilmişdir. Əlavə olaraq mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Binanın dövlət əmlakı kimi 17/2 saylı mağazanın yerləşdiyi torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. Sözügedən ərazi Qobustan Əməliyyar Şirkətinin ərazisidir. Bundan əlavə, Mənzil Kommunal Təsərrüfatı Depavrtamenti tərəfindən verilmiş (forma 2) qeyd edilən ailə üzvlərinin razılıq ərizəsi sənədlər toplusuna əlavə edilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməmişdir.” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmamış, ona verilmiş mənzilin yerləşdiyi binanın vaxtilə SSR dövründə mağaza olduğunu, sonradan isə Neft Şirkəti tərəfindən mənzil kimi növbədə duran 5-6 nəfər işçilərə paylandığını, bir çoxları tərəfindən artıq həmin mənzillərin özəlləşdirildiyini, halhazırda onun ailə üzvləri ilə birikdə həmin mənzildə yaşadıqlağını bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş üçüncü şəxs Qobustan Əməliyyat Şirkəti (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baıxlmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddiası təmin olunmuşdur. Məhkəmənin qərarından narazı olan cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun apellyasiya şikaytinin dəlilləri araşdırıldıqda müəyyən olunur ki, imtina məktubunda imtina üçün gətirdiyi dəlillərinin həcmini iddia ərizəsinə etirazında iki bənd artırmış, apellyasiya şikayətində isə daha da irəli gedərək iki bənd də artıraraq, sanki, hər vəchlə, iddiaçının yaşadığı mənzilə mülkiyyət hüququ hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını əngəlləməyə çalışmışdır. Halbuki, qeydiyyat orqanı olaraq iddiaçının müraciəti ilə bağlı hərətərfli inzibati icraat aparıb, adını çəkdiyi sənədləri yığmaqda və qeyd etdiyi təşkilatlardan müvafiq məlumatları almaq onun İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə üzərinə düşən xidməti vəzifəsidir. İşin mahiyyətinə gəldikdə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı iddia tələbində haqlıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsi isə nəzərədə tutur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüququn yaranması üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. İş materiallarına əsasən: - iddiaçı 7 nəfər ilə tərkibi ilə xx.xx.1991-ci il tarixdə ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotuna dayanmış; - mənzil uçotuna götürülərkən Qobustan qəsəbəsi, Torağay yolu küçəsi, 12 saylı yataqxanada qeydiyyatda olmuş; - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli 12 nömrəli protokolundan çıxarışa əsasən 3 nəfər ailə tərkibi (1949-cu il təvəllüdlü İddiaçı – özü, 1954-cü il təvəllüdlü X5 – arvadı, 1988-ci il təvəllüdlü X6 – qızı) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 52 a ünvanında yerləşən 1 mərtəbəli evin otaqdan ibarət 29.82 kv.m yaşayış sahəsi olan 1 saylı mənzili ayrılmış; - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 146 saylı 19 may 2014-cü il tarixli sərəncamına əsasən həmin protokollar təsdiq olunmuş və İddiaçı Məhəməd oğlu mənzil növbəsindən çıxarılmışdır. -hal-hazıra iddiaçı ailə üzvləri (arvadı və qızı) ilə birlikdə həmin mənzildə qeydiyyata alınmış; - qeydiyyatda olan ailə üzvləri isə notarial qaydada verdikləri ərizələrində, mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmişlər. Beləliklə, işin sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, mübahisəli mənzil dövlət mənzil fondundan verilməmiş, Neft Şirkətinin özünə məxsus daşınmaz əmlak (mağaza) olmuş, sonradan yaşayış sahəsi vəziyyəttinə gətirilməklə işçilərə, o cümlədən, mənzil kimi iddiaçıya verilmiş və Şirkətin müvafiq protokol qərarı - yerli icra hakimiyyəti orqanının sərəncamı ilə təsdiq olunaraq rəsmiləşdirilmişdir. Hal-hazırda ailə üzvəlri ilə birlikdə yaşayır və onunla yaşayan ailə üzvələri mənzilin iddiaçının adına qeyd alınmasına razıdırlırlar. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla konkret halda, Neft Şirkətinin özünə məxsus mənzil tərəfindən iddiaçının istifadəsinə verilmiş yaşayış sahəsi qüvvədə olan Mənzi Məcələsinin 17.2-ci maddəsində nəzərdə tutulan hüquq şəxsin mülkiyyətində olan özəl mənzil fonduna aid olan mənzil kimi qiymətləndirilməlidir. Bu baxımdan, da məhz, həmin mənzilin 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan olan Məcəlləsinin 146.2-ci maddəsi tətbiq olunmaqla onun Neft Şirkətinin özünə məxsus yaşayış sahəsi fondundan, 1991-ci ildə həmin vaxt qüvvədə olan mənzil qanuvericiliyin tələbləri qaydasında şirkətin mənzil tikintisi hesabına növbəyə durmuş işçisi olan iddiaçıının adına 2013-2014-cü illərdə cü ildə rsmiləşdirilməsi onun həmin mənzilə mülkiyyət hüququnun qeydə alınmasını mhdudlaşdıra bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər...” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin iddiaçının adına qeyd olınmasından imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən və işin nəticəsinə təsir göstərməyin formal xarakterli digər dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-314/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-314/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver