Məhkəmə qərarları › İş №2-1(103)-3140/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3140/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3140/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X1) qarşı texniki pasportun etibarsız sayılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2021 saylı iş üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Yusubova Yelena Talqatovna cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: X1) “texniki pasportun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2021 saylı iş üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, İddiaçı Taqatovna mənzil üzrə tecniki pasportun etibarsız sayılmasına dair iddia ərizəsilə birinci instansiya məhkəməsinə müraciət etmiş, iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “....iddiaçının müvafiq tələblə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati orqana müraciət etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. AR İPM-in 87.8-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər.. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də öhdəliyin icrasına dair iddialar üzrə əvvəlcədən aidiyyəti inzibati orqana müraciət edilmiş olmasıdır. Qeyd edilən şərt hazırki inzibati iş üzrə irəli sürülən iddia tələbinin mümkünlüyünə münasibətdə ödənilmir. Belə ki, iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair sonuncu texniki pasportun etibarsız sayılması tələbilə məhkəməyə müraciət etmiş olsa da, iş materiallarından həmin tələblə bağlı aidiyyəti inzibati orqana ilkin müraciətinin olmadığı müəyyən edilir. Cavabdeh İdarənin məhkəməyə ünvanladığı 16.05.2021-ci il tarixli etirazında da İddiaçı məhkəmədə irəli sürdüyü tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri yanında 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı ilkin müraciətinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından əsassız hesab edilməli, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5209/2021 saylı iş üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar